23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə 10-17 noyabr tarixi hər il “Tələbə-gənclər həftəsi” kimi qeyd edilir.
Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu sahədə görülən işlər intensiv xarakter almış, zəngin qanunvericilik bazası və gənc­lər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. 1999-cu il iyulun 29-da “Dövlət gənc­lər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bundan başqa, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar imzalanmış, habelə “Gənc ailə”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” proqramları qəbul edilmişdir. Ümummilli liderimiz gənc nəslə ölkə­nin və xalqın gələcək müqəddəratının təminatçıları kimi yanaşaraq demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Bu gün ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısı gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə, onların məşğulluğunun təmin edilməsinə, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsinə, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılmasına, onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına, gənc­lərin dövlət quruculuğu işlərinə cəlb edilməsinə xüsusi diqqət göstərir. Bu gün ölkəmizdə gənclərlə iş “Gənc­lər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir. Ötən dövrdə bu sahənin inkişafı ilə bağlı 5 dövlət proqramı qəbul edilmişdir. Ölkə başçısı tərəfindən təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Pro­qramı” gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, sosial problemlərinin həllinə mühüm töhfə vermişdir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu davamı kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə göstərilən qayğının vacibliyini vurğulayaraq demişdir: “Bugünkü gənc sabah ölkə­mizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.
Gənclər siyasətinin ən vacib istiqamətlərindən olan təhsil və idmanın inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycanın hər yerində müasir standartlara cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir, təhsil müəssisələri müasir avadanlıqlarla təmin edilir, idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması, Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilməsi sahəsində ardıcıl işlər görülür. Bölgələrdə olimpiya-idman komplekslərinin tikilməsi, idmanın kütləviliyinin təmin olunması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Ölkəmizin müxtəlif bölgələrində Gənclər mərkəzlərinin və Gənclər evlərinin inşası da gənclərin asudə vaxtının səmərəli təşkili, onların elmi və yaradıcılıq potensialının üzə çıxarılmasına göstərilən dövlət qayğısını özündə təcəssüm etdirir.
Bu gün dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada gənclər siyasəti üzrə dövlət proqramlarının qəbul edilməsi, gənclərin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunması və onların sosial problemlərinin həlli diqqət mərkəzindədir. Gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi artıq muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir.
Bu gün muxtar respublika əhalisinin 63 faizindən çoxunu gənclər təşkil edir. Ona görə də gənclərin potensialından səmərəli istifadə olunması, onların təhsil almasına və əsl vətəndaş kimi yetişməsinə qayğı göstərilməsi aid dövlət orqanları qarşısında prioritet vəzifə kimi qoyulmuşdur. Son illər muxtar respublikada bu sahədə qəbul olunan dövlət pro­qramları, imzalanan fərman və sərəncamlar mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması gənclərə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək qayğıdan xəbər verir. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, Ali Məclis Sədrinin sərəncamı ilə idman və mədəniyyət sahələrində fərqlənən 4 istedadlı gəncin adı gənc istedadların “Qızıl kitabı”na yazılmış və onlar xüsusi təqaüdə layiq görülmüşlər.
Son illər muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi, yeni uşaq bağçaları və uşaq musiqi məktəbləri üçün binalar tikilmiş, gənc­lərin asudə vaxtlarının səmərəli təşkili və onların idmanla məşğul olmalarını təmin etmək məqsədilə olimpiya-idman kompleksləri, üzgüçülük mərkəzləri, şahmat və digər idman növləri üzrə məktəblər, Gənclər Mərkəzi istifadəyə verilmişdir. Gənclərin inkişafı sahəsində görülən işlər sırasında onların elmi potensialının formalaşdırılması, eləcə də mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana yaradılmışdır.
Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi və sosial şəbəkələrin əhatə dairəsinin getdikcə genişlənməsi gənclər qarşısında yeni fəaliyyət sahəsi açmışdır. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaradırlar. Cari ilin ötən dövrü ərzində muxtar respublikada yerli və beynəlxalq yarışlar, turnirlər təşkil edilmiş, gənclər və idman sahəsində iki yüzdən çox tədbir keçirilmiş və bu tədbirlərdə 9 mindən artıq gənc iştirak etmişdir. Keçirilən bu tədbirlər gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm əhəmiyyət daşıyır. Təkcə onu qeyd etmək lazımdır ki, muxtar respublika gəncləri bu il keçirilən idman yarışlarında, ümumilikdə, 45 medal qazanmışdır ki, bunların 29-u Azərbaycan çempionatlarından, 12-si beynəlxalq turnirlərdən, 1-i isə dünya çempionatlarından əldə olunmuşdur.
Muxtar respublikada tələbə-gənc­lər həftəsi də hər il yüksək səviyyədə qeyd olunur. Bu məqsədlə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanır, ali və orta ixtisas məktəbləri ilə birlikdə silsilə tədbirlər keçirilir. Bu il tələbə-gənclər həftəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi tərəfindən tədbirlər planı hazırlamışdır. Tədbirlər planında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müxtəlif müsabiqələrin, idman yarışlarının və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Gənc­lərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənc­lərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Gənclər Fondu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR