Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərini daha da sürətləndirib. Bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olub. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi zərurətini yaradıb.
Bu fikirlər Naxçıvan şəhərindəki “Təbriz” otelində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə keçilən beynəlxalq miqrasiya hüququ üzrə təlim kurslarında səsləndirildi.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Namiq Cəfərov və Sədi Bayramov çıxış edərək beynəlxalq miqrasiya hüququ, onun istiqamətləri, subyektləri, miqrasiya proseslərində dövlətlərin səlahiyyətləri, əməkçi miqrantların hüquqları barədə ətraflı məlumat verdilər.
Tədbirdə insan hüquqları, miqrantların xüsusi kateqoriyaları, xüsusi miqrasiya konteksti məsələləri ilə bağlı diskussiyalar aparıldı, verilən suallar cavablandırıldı.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi. Bununla da, beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları yekunlaşdı.
Xəbərlər şöbəsi