Qədim Azərbaycan yurdu Naxçıvan... Kimisi buranı Şərqə açılan qapı, kimisi böyük Türk dünyasını birləşdirən körpü, kimisi də Asiyanı Avropaya bağlayan mühüm tranzit yol kimi dəyərləndirir. İstənilən strateji yanaşmadan əvvəl bu diyar öz qədimliyi ilə və bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin vətəni kimi tanınır. Ümumiyyətlə isə Naxçıvan tarix boyu müxtəlif xarici maraqların toqquşduğu bir regiondur. Bəlkə də, buna görədir ki, son yüz ildə bu qədim diyarın təhlükəsizliyinin təmin edilməsi daha çox diqqət mərkəzində olub.
90 il bundan əvvəl Naxçıvanın muxtariyyət statusu alması onu xarici təhlükələrdən qoruyub, lakin ona qarşı yürüdülən əsassız iddialar heç vaxt səngiməyib. Hətta ən yeni tarixdə – ötən əsrin sonlarına doğru bu diyara edilən iddialar daha kəskin xarakter alıb, Azərbaycanın digər bölgələri kimi, Naxçıvan da mənfur ermənilərin aramsız hücumlarına məruz qalıb. Sədərək rayonunda, Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Şahbuz rayonunun Şada, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov və adını sadalamadığımız digər sərhəd məntəqələrində gedən ağır döyüşlər yaddaşlardan heç vaxt silinməyəcək. Onu da nəzərə alaq ki, muxtar respublikada döyüşlər Azərbaycanın digər bölgələrindən fərqli olaraq blokada şəraitində aparılırdı.
Blokada şəraitində müharibə aparmağın necə çətin olduğunu isə kiməsə sübut etməyə ehtiyac yoxdur. Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqənin kəsildiyi, elektrik enerjisinin fasilələrlə verildiyi, təbii qazdan isə əsər-əlamətin olmadığı, bununla bərabər, ərzaq ehtiyatının getdikcə tükəndiyi bir vaxtda Naxçıvanın inamla mübarizə aparması, sözün həqiqi mənasında, bu diyarın qəhrəmanlıq səhifələrinə yazılmış cümlələrdən, sadəcə, bir neçəsidir. Nəzərə alaq ki, həmin dövrdə düşmənlə müqayisədə çox cüzi texniki imkanlara malik Naxçıvanı düşmənə təslim etməmək üçün əsl ölüm-dirim mübarizəsi gedirdi. Muxtar respublikanın digər sərhəd bölgələri ilə müqayisədə piyada və döyüş maşınlarının döyüş zamanı rahat hərəkət edəcəyi ən uyğun strateji bölgələrdən olan Sədərək ərazisinin mütəmadi olaraq hücumlara məruz qalması da bu səbəbdən idi. Ancaq düşmən üçün yarılması asan düşünülən bu cəbhəni keçmək heç zaman mümkün olmayacaqdı. Çünki artıq Naxçıvana və muxtar respublikada ordu quruculuğuna Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi.
Hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra burada xalq tərəfindən böyük sevgi ilə qarşılanmış, qısa müddətdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Muxtar respublikanın rəhbəri seçilən böyük öndər cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdır. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş, bununla da, Azərbaycanda milli nizami ordunun yaradılmasına başlanmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanda, ümumilikdə isə Azərbaycanda milli ordu quruculuğu istiqamətində mühüm addımlar atılmış, bu prosesi həyata keçirmək üçün cəbhədə atəşkəs haqqında saziş imzalanmışdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin ikinci dövründə Silahlı Qüvvələrimizin inkişafı daim diqqət mərkəzində olmuş, həm hərbi təhsilli kadrların hazırlanmasında, həm də orduda digər islahatların aparılmasında mühüm dönüş yaranmışdır. Bunun nəticəsidir ki, ümummilli liderimizin qayğısı ilə 1995-ci ildə muxtar respublikada yerləşən 705 saylı motoatıcı briqada motoatıcı diviziyaya çevrilmişdir. Naxçıvanın intibah tarixinin yazılmağa başladığı həmin ildən başlayaraq buradakı ordu hissələrinin təminatı yaxşılaşdırılmış, orduda xidmətə başlayan hərbi təhsilli kadrların sayı getdikcə artmağa başlamışdır. Xüsusilə, mülki ali təhsilli hərbçi zabitlərlə müqayisədə ali hərbi təhsilli zabitlərin ordu birləşmələrində sayının ildən-ilə artması, eyni zamanda buradakı hərbi hissələrin maddi-texniki bazasının getdikcə daha da yaxşılaşdırılması yeni ordu birləşməsinin yaradılmasını zəruri edirdi. Məhz 1998-ci ildə muxtar respublikamızın müdafiəsinin təşkilində mühüm rol oynayan 705 saylı diviziyanın bazasında ordu korpusu yaradıldı. Ötən dövr ərzində motoatıcı briqadadan ordu korpusuna qədər yüksələn 705 saylı hərbi hissə islahatların nə qədər düzgün və zamanında həyata keçirildiyinin bariz nümunəsinə çevrildi. Burada Azərbaycan Ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dediyi fikirləri xatırlamadan keçmək olmur: “Ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Bəli, 1998-ci ildən başlayaraq ordu korpusu kimi fəaliyyət göstərən 705 saylı hərbi hissə ötən 16 il ərzində daim ölkə başçısının, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində mühüm bir inkişaf yolu keçib. Bu dövr ərzində yüzlərlə hərbi təyinatlı obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, şəxsi heyət üçün hərtərəfli şəraitə malik məişət-yaşayış kompleksləri yaradılıb, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Eyni zamanda ordunun döyüş qabiliyyəti artırılıb, hərbi hissələrin silah-sursatla təminatı ən yüksək səviyyədə aparılıb. Ən əsası isə orduda vətənpərvərlik tərbiyəsinin düzgün istiqamətdə həyata keçirilməsi hərbi qulluqçular arasında xidmətin yüksək səviyyədə aparılmasını təmin edib. Vurğulamaq lazımdır ki, ordumuzun hərtərəfli inkişafında xalq-ordu birliyinin vəhdəti də çox mühüm amil olub. Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə ictimaiyyət nümayəndələrinin mütəmadi səfərləri, müvafiq dövlət qurumları ilə əlaqələr, habelə əlamətdar günlərdə əsgərlərlə birgə təşkil olunan görüşlər bu birliyi daha da sarsılmaz edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin davamlı olaraq hərbi hissələrdə olması, zabit və əsgərlərin qayğıları ilə yaxından maraqlanması şəxsi heyətin vətənpərvərlik hissinin yüksəldilməsinə, Vətəni qorumağın ən şərəfli iş olduğuna inamının əsl psixoloji stimuluna çevrilib.
Təbii ki, muxtar respublikamız inkişaf etdikcə, onun ordusu da inkişaf edib, özünün intibah səviyyəsinə çatıb. Doğrudur, “blokada” və “intibah” ifadələri bir-birinə nə qədər zidd olsa da, fakt və reallıq bu diyarda hər iki kəlmənin birgə işlənilməsinə “icazə verir”. Hərtərəfli inkişaf baxımından Azərbaycanın lider regionuna çevrilən bu qədim diyarda sürətli inkişafın qarantı isə bir il bundan əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə təmin edildi. “Muxtariyyət ili”nin başlanmasına sayılı günlər qalmış Ali Baş Komandan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzaladı. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə yuxarıda adıçəkilən Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Ötən bir ilə yaxın müddət ərzində Əlahiddə Ümumqoşun Ordusunun döyüş arsenalına ən müasir silahlar daxil edildi, şəxsi heyətin sayı artırıldı, hərbi hissələrdə tikinti-quruculuq tədbirlərinin miqyası genişləndirilərək yeni infrastruktur obyektləri istifadəyə verildi. Həyata keçirilən tədbirlər ona gətirib çıxardı ki, indi bu ordunun əsgərləri muxtar respublikanın düşmənlə təmas sərhədlərində dəniz səviyyəsindən kilometrlərlə yüksəklikdə hava şəraitindən asılı olmayaraq, ən müasir şəraitdə yüksəksəviyyəli xidmət aparır, düşmənin hər addımını belə, nəzarətdə saxlaya bilir.
Bəli, bu gün Əlahiddə Ümumqoşun Ordusu istər sülh, istərsə də müharibə vəziyyətində istənilən xarici hərbi müdaxilələrin qarşısının alınmasında buradakı qüvvələrin koordinasiyasının həyata keçirilməsi, regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə müharibə apara bilən hərbi birləşmə olmaqla regionun təhlükəsizliyində mühüm rol oynayır. Artıq bu ordu Naxçıvanın intibahının qarantına çevrilməklə yanaşı, həm də təhlükəsiz gələcəyimizi sığortalayan and yerimiz, qürur mənbəyimizdir!
Məqalə “Muxtariyyətin intibahı: 1995-2014” müsabiqəsinə təqdim olunmaq üçündür
Səbuhi HƏSƏNOV