Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması, aid qurumların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. 2014-cü ilin oktyabr ayı ərzində əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması, Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması və ictimai nəqliyyat vasitələri üçün yeni dayanacaqların quraşdırılması işləri davam etdirilməkdədir.
Hesabat dövründə təhlükəsiz və rahat idarəetmənin təşkili məqsədilə avtobuslara gündəlik texniki baxış keçirilmiş, nasaz hissələri təmir olunmuşdur. Nəticədə, muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 123 marşrut xəttində 296 avtobusla rayon mərkəzləri və kəndlərin hər biri marşrutla təmin edilmiş, 482 taksi vasitəsilə əhalinin bu nəqliyyat növünə olan tələbatı tamamilə ödənilmişdir.
İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətləri üzrə hərəkət edən marşrut Naxçıvan əhalisi üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə məxsus 2 ədəd “Mercedes Benz-Travego” markalı avtobus bu marşruta cəlb olunmuş, avtobusların təhlükəsiz hərəkəti və texniki sazlığı, eləcə də sərnişinlərə nümunəvi xidmətin təşkili təmin olunmuşdur. Bu dövr ərzində Naxçıvan-Bakı istiqamətində 129 reys həyata keçirilmiş, hər iki istiqamətdə 9 min 822 sərnişin daşınmışdır.
Ötən ay ərzində nazirlik tərəfindən mütəmadi olaraq sərnişindaşıma ilə məşğul olan avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə nəzarət edilmiş, axşam saatlarında şəhərdaxili marşrutların işinin daha səmərəli qurulması, avtobusların marşrut qrafikinə uyğun hərəkəti diqqət mərkəzində saxlanılmışdır. Nəqliyyat vasitələrinin, eləcə də avtovağzal binalarının istilik sistemləri yoxlamadan keçirilmiş, qış mövsümündə sərnişinlərə keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür.
Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin nəzarətdə saxlanması xidmətin keyfiyyətinin yüksəldilməsini şərtləndirən mühüm amillərdəndir. 2014-cü ilin oktyabr ayı ərzində 19 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 27 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Lisenziya almış avtomobillərin texniki müayinədən keçirilməsindən əldə olunmuş 5 min 145 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya rüsumu olaraq toplanmış 2 min 850 manat vəsait isə büdcəyə köçürülmüşdür.
Oktyabr ayı ərzində nazirliyin “Reyd komissiyası” Nəqliyyatda müfəttişlik və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə 11 dəfə reyd keçirmiş, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri aşkarlanaraq aid təşkilatlarla birlikdə onların sürücüləri barədə müvafiq tədbirlər görülmüşdür. Həmçinin “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın icrası istiqamətində tədbirlər də müvafiq dövr ərzində davam etdirilmişdir. Yükdaşımalarda təhlükəsizlik tədbirləri ilə bağlı olaraq profilaktik tədbirlər aparılmış, yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmişdir.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə nəqliyyata aid digər qanunvericilik aktlarının təbliği məqsədilə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslər arasında maarifləndirmə işi genişləndirilmiş, Naxçıvan Avtobus Parkında muxtar respublikada sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. İkigünlük seminar-müşavirədə “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən sürücülərin intizam qaydaları” mövzusunda müzakirələr aparılmış, payız-qış mövsümünə hazırlığın vəziyyəti təhlil olunmuşdur.
Payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilən avtonəqliyyat vasitələrində, eləcə də avtovağzal və dayanacaqlarda əhalinin rahatlığının təmin olunması məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti