Meliorasiya və su təsərrüfatı iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi və onun yerlərdə fəaliyyət göstərən strukturları tərəfindən 2014-cü ilin oktyabr ayında da müvafiq tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikanın müxtəlif ərazilərini əhatə etməklə, 2,8 kilometr kanal, 6,18 kilometr kollektor, 55,4 kilometr ara arxları lildən təmizlənmiş, 518 metr kanala beton döşənmiş, 2,74 kilometr içməli su xətti təmir olunmuş, 3,48 kilometr yeni içməli su xətti və 4,92 kilometr müxtəlif diametrli borularla suvarma xətti çəkilmişdir. Babək rayonunda “Qaraçuq-1” nasos stansiyasında lildən təmizlənmə işləri aparılmış, Naxçıvan çirkab sutəmizləyici qurğusunun havalandırma hovuzunda dəmir-beton işləri görülmüş, inzibati binada tikinti işləri başa çatdırılmışdır.
Əkinəyararlı torpaqların suvarma suyuna olan ehtiyacının ödənilməsi bol məhsul istehsalında ən vacib amillərdəndir. Bu istiqamətdə işlər oktyabr ayı ərzində də davam etdirilmişdir. Şahbuz rayonunda 50 metr kaptaj tikilmiş, torpaqların sel sularından qorunması və suvarmanı yaxşılaşdırmaq məqsədilə Araz çayında 1 kilometr sahilbərkitmə işi aparılmışdır. Kəngərli rayonunda yeni tikilən nasos stansiyasından 1 kilometr uzunluğunda suvarma xətti, Vayxır sol sahil kanalının ətrafındakı torpaq sahələrində 17,6 kilometr məsafədə suvarma şəbəkəsi və 3,8 kilometr drenaj xətti çəkilmişdir.
Muxtar respublikada içməli və suvarma suyuna olan tələbatın ödənilməsində subartezian quyularının gücündən də geniş istifadə olunur. Bu amil nəzərə alınaraq istismarda olan subartezian quyularının təmir-bərpası da diqqət mərkəzində saxlanılır. Belə ki, oktyabr ayı ərzində 47 subartezian quyusunda təmir işləri aparılmış, 1-i isə bərpa olunmuş, 8 subartezian quyusuna yeni nasos qoyulmuşdur. Bundan başqa, Soyuq bölgəsində yerləşən hərbi hissədə 3 subartezian nasosu quraşdırılmış, şəxsi heyətin dağ şəraitində üzləşdiyi içməli su problemi tamamilə həll edilmişdir.
İçməli və suvarma suyuna olan tələbatın ödənilməsində əsas hidrotexniki qurğu olan kəhrizlərdən bu gün də geniş istifadə olunur. Kəhrizlərin bərpa edilməsi su təchizatının yaxşılaşdırılması ilə yanaşı, həm də tariximizin və mədəni irsimizin qorunub saxlanılması, öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ötən ay ərzində Kəhrizlər İdarəsi tərəfindən muxtar respublika ərazisindəki 6 kəhrizdə təmir-bərpa işləri davam etdirilmişdir.
İrriqasiya işlərinin aparılmasında texnikanın gücündən istifadə vacib şərtdir. Buna görə də komitənin bazasındakı maşın-mexanizmlərin sazlığı daim nəzarətdə saxlanılır. Ötən ay ərzində texnikalar texniki baxışdan keçirilmiş, istismarda olan avtomaşınlar, 4 müxtəlif kilovatlıq elektrik mühərriki və 8 subartezian nasosunun rotoru təmir olunmuşdur.
Komitə tərəfindən həyata keçirilən tədbirlər içərisində içməli su təminatının yaxşılaşdırılması prioritet istiqamət təşkil edir. Bu gün Naxçıvan şəhərində və rayon mərkəzlərində əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı sahəsində ardıcıl tədbirlər görülür. Həyata keçirilən layihələrin nəticəsidir ki, artıq muxtar respublikada müasir içməli su şəbəkəsi qurulmuşdur. Ötən ay ərzində də əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə görülən işlər davam etdirilmiş, Naxçıvan şəhərində 29 evə kanalizasiya və içməli su xətti çəkilmişdir. Babək rayonunda 1,6 kilometr kanalizasiya, 3 kilometr içməli su xətti çəkilərək 220 evə birləşdirilmiş, Şahbuz rayonunda içməli su anbarı izolyasiya olunmuşdur. Sədərək rayonunda da bu istiqamətdə işlər davam etdirilmiş, 1 kilometr kanalizasiya, 0,8 kilometr içməli su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi bundan sonra da meliorasiya və irriqasiya sahəsində qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcək, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti