23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 6-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq miqrasiya hüququ üzrə təlim kurslarına start verilib.
Təlim kurslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, “Naxçıvan” Sərhəd Diviziyasının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən BMqT-nin Azərbaycan Nümayəndəliyinin proqram koordinatoru Səltənət Məmmədova bildirib ki, beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları miqrasiya sahəsinə cəlb olunmuş müvafiq dövlət qurumları nümayəndələrinin beynəlxalq miqrasiya qanunvericiliyi, miqrasiya hüququ, miqrantların qayıdışı və bu kimi digər məsələlərdə biliklərinin artırılması və fəaliyyətlərinin gücləndirilməsi məqsədi daşıyır. Bundan əvvəl təlimlər Bakıda, Yevlaxda, Lənkəran və Xaçmazda da keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov çıxış edərək deyib ki, iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində muxtar respublikada miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə vahid dövlət orqanı tərəfindən tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb.
Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində aidiyyəti orqanların fəaliyyətini əlaqələndirir. Qurum əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqətiolma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, habelə muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin və miqrasiya köşklərinin yaradılması ilə əcnəbilərin təlimatlandırılması prosesində böyük irəliləyişlər əldə edilib, qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılıb.
Müasir dövrdə təcrübə mübadiləsinin əhəmiyyətindən də danışan Elnur Məmmədov bu mənada beynəlxalq miqrasiya hüququ üzrə keçilən təlim kurslarının əhəmiyyətini qeyd edib.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əvəzi Sərhan Aktoprak çıxışında Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini qeyd edib. Bildirib ki, ölkədə bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılır, onun Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əvəzi vurğulayıb ki, regional inkişafın aparıcı dövləti olan Azərbaycan Respublikası hazırda miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. Buna görə də BMqT ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsi müasir dövrün tələbidir.
Bildirilib ki, BMqT ona üzv ölkələrdə beynəlxalq miqrasiya hüququnun öyrənilməsi, əmək miqrasiyasının idarə olunması, qanunsuz miqrasiyanın qarşısının alınması kimi mövzular üzrə təlim kursları təşkil edir, ölkələrin miqrasiya ilə bağlı qurumlarının əməkdaşları üçün miqrasiyanın idarə edilməsi və tənzimlənməsi sahəsində treninqlər keçirir. Naxçıvan Muxtar Respublikasında keçilən beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları da müəyyənləşdirilmiş qrafikə uyğun olaraq reallaşdırılır.
Daha sonra təlim kurslarına start verilib.
Əvvəlcə mövzu ilə bağlı iştirakçıların bilik səviyyəsinin yoxlanılması üçün onlara test vərəqələri paylanılıb.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Namiq Cəfərov və Sədi Bayramov beynəlxalq miqrasiya hüququ, dövlətlərin səlahiyyət və öhdəlikləri, miqrantların hüquq və vəzifələri, insan hüquqları, miqrantların xüsusi kateqoriyaları ilə bağlı iştirakçılara ətraflı məlumatlar veriblər.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR