Qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti, turizm potensialı, müasir yaşayış məntəqələri və sürətli sosial-iqtisadi inkişaf tempi ilə diqqəti cəlb edən Naxçıvan hər zaman xarici qonaqlarda zəngin təəssürat yaradır. Muxtar respublikada səfərdə olan xarici ölkə vətəndaşlarının – alim, tədqiqatçı və jurnalistlərin müxtəlif kütləvi informasiya vasitələrində Naxçıvan haqqında yazdıqları məqalələrlə çıxış etmələri ənənə halını almışdır. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasenin “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında muxtar respublikaya həsr etdiyi növbəti məqaləsi yerləşdirilmişdir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq həmin məqaləni qəzetimizin bugünkü nömrəsində dərc edirik.
Naxçıvan Muxtar Respublikası Kiçik Qafqazın qərb hissəsində, dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə yerləşir. Naxçıvanın iqlimi, əsasən, kontinental və qurudur: qış fəsli soyuq, yay fəsli isə isti və quru keçir. Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvan şimalından cənub istiqamətinə 246 kilometr Ermənistanla, cənubdan şərq istiqamətinə 204 kilometr İranla və cəmi 11 kilometr məsafədə Türkiyə ilə sərhəddir. İnkişaf dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisi 430 min, ərazisi isə 5,5 min kvadratkilometrdir. Əsasən, dəniz səviyyəsindən 1500-2500 metr yüksəklikdə yerləşən Naxçıvanın bəzi ərazilərinin hündürlüyü 3000 metrdən artıqdır. Zəngəzur və Dərələyəz dağ silsilələri Naxçıvanı sərhəd boyu əhatə edir. Zəngəzur silsiləsinin ən yüksək zirvəsi 3904 metr yüksəklikdə yerləşən Qapıcıq dağıdır. Bu, Zaqafqaziyanın qeyri-vulkanik mənşəli ən yüksək dağıdır. Zəngəzur silsiləsinin cənub ətəyini Türkiyə, Ermənistan, Azərbaycan və İran ərazisindən keçən Araz çayı yuyur. Orta hündürlükdə yerləşən Talış dağlarının ən yüksək nöqtəsi sayılan Gömürgöy zirvəsi isə 2477 metrdir. Bu dağların şimal-şərqindəki yamacları Azərbaycan ərazisində yerləşir. Araz çayı Azərbaycan və İran arasında sərhəd olduğu üçün Talış yamacının digər hissəsi İran ərazisində qalır.
Azərbaycan Qara dənizdən Xəzər dənizinə qədər, təqribən, 800 kilometrlik məsafədə uzanan Qafqaz dağlarının cənub-şərq hissəsində yerləşir. Avropa və Asiyanın kəsişdiyi yerdə unikal coğrafi mövqeyi ilə seçilən bu ölkə dünya iqtisadi və mədəni əlaqələrinin inkişafına töhfə verir.
Naxçıvan Heydər Əliyevin anadan olduğu və vaxtilə rəhbərlik etdiyi unikal regiondur. Dünyada bəşəriyyət tarixinə Azərbaycanın bu qədim diyarı qədər töhfələr verən oxşar bir yer tapmaq mümkün deyil. Burada tarixin bütün dövrlərində, xüsusilə XII əsrdə güclü dövlət olmuşdur. “Naxçıvan” sözü “Nuh Cahan” sözündən yaranıb və Nuh Peyğəmbərlə bağlıdır. Arxeoloji qazıntılar zamanı bu ərazidə müqəddəs kitablar olan “Qurani-Kərim”də və “İncil”də də təsvir olunan Dünya tufanının izləri aşkar olunmuşdur.
Azərbaycan ərazisinin yarısı dağlıq relyefdir. Şimal hissəsində Böyük Qafqaz dağları (ən yüksək zirvəsi Bazardüzü 4466 metr), cənub-qərb hissəsində Ermənistan və Gürcüstan istiqamətində uzanan Kiçik Qafqaz dağları, cənubunda isə Talış dağları yerləşir. Qafqaz və Orta Asiya regionuna aid olan coğrafi xüsusiyyətləri özündə yaşadan bu heyrətamiz ərazi rəngarəng və zəngin təbiətə malikdir.
1920-ci ildə bolşeviklər tərəfindən Azərbaycanın Zəngəzur mahalının Ermənistana verilməsi nəticəsində Naxçıvan ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Sovet İttifaqı dövründə keçmiş Azərbaycan ərazisi olan Mehri dəhlizindən istifadə etməklə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə dəmir yolu əlaqəsi olmuşdur. Lakin Sovet İttifaqı dağıldıqdan sonra erməni silahlı qüvvələri Azərbaycan ərazisinə hücum edərək 7 rayonu işğal etmiş və bu işğal nəticəsində muxtar respublika ilə dəmir yolu əlaqəsi kəsilmişdir. 1991-ci ildən bəri Ermənistanın tətbiq etdiyi blokada nəticəsində Naxçıvanın Azərbaycanla heç bir quru nəqliyyat əlaqəsi yoxdur. Azərbaycanın başqa regionlarına getmək üçün yeganə vasitə İran hava sahəsindən keçən təyyarə və ərazisindən keçən avtomobil yoludur. Hər gün Naxçıvandan Bakıya 6, həftədə bir dəfə isə Moskva və İstanbula təyyarə reysləri həyata keçirilir.