23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi yük və sərnişin daşımalarının həcminin artmasına, xidmətin günün tələblərinə uyğun təşkilinə şərait yaratmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun strukturları bu ilin oktyabr ayı ərzində də qarşıda duran vəzifələrin icrasını layiqincə yerinə yetirmiş, xidmətin keyfiyyətinin daha da yüksəldilməsini diqqət mərkəzində saxlamışdır.

Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması, qatarların və dəmir yolu xətlərinin müasir tələblərə cavab verməsi nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Ötən ay ərzində dəmir yolu nəqliyyatı vasitəsilə müxtəlif istiqamətlər üzrə 11 min 25 nəfər sərnişin daşınmışdır.

Quruculuq tədbirlərinin geniş vüsət aldığı muxtar respublikada obyektlərin lazımi tikinti materialları ilə təmin olunmasında dəmir yolu nəqliyyatının imkanlarından da səmərəli istifadə olunur. Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən cari ilin oktyabr ayında muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min 440 ton müxtəlif tikinti materialı daşınmışdır.
Oktyabr ayı ərzində yolların və nəqliyyat vasitələrinin sazlığı nəzarətdə saxlanılmışdır. Bu dövr ərzində elektrovozlar 3, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmiş, elektrovozlarda cari təmir işləri aparılmışdır. Culfa Vaqon Deposunda ok­tyabr ayında 6 sərnişin və 4 platforma vaqonu cari, 1 sərnişin vaqonu isə depo təmiri edilmişdir. Oktyabr ayında İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına mütəmadi baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmişdir. Defektoskop briqadası tərəfindən 85 kilometr baş yol, 13 kilometr stansiya yolları, 32 dəst yoldəyişdirici qurğu və 3 min 840 qaynaq calağı yoxlanılmışdır. Relslərdə təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 323 mis rels birləşdiricisi qaynaq edilmiş, yararsız ağac şpalları yeniləri ilə əvəzlənmişdir. Rabitə və işarəvermə sahəsi üzrə stansiyalarda da qatarların hərəkətinin təhlükəsizliyi təmin edilmişdir. Oktyabr ayında bu məqsədlə 32 müxtəliftipli rele dəyişdirilmiş, Naxçıvan-Şərur sahəsində radio-rabitə əlaqəsi texniki normaya uyğun tənzimlənmişdir.
Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişini təmin etmək üçün istilik sistemlərinin sazlığı yoxlanılmış, vaqonlar mövsümə tam hazır vəziyyətə gətirilmişdir. Hazırda 1 sərnişin vaqonunda istilik sisteminin bərpa olunması məqsədilə əsaslı təmir işləri davam etdirilir. Həmçinin ötən ay qış mövsümündə sərnişin vaqonlarının normal qızdırılması üçün əlavə olaraq 40 ton daş kömür tədarük edilmişdir.
Enerji sahəsi üzrə Culfa-Ordubad yan xəttində, Culfa-Vəlidağ və Nehrəm-Dərəşam sahələrindəki kontakt şəbəkə xətlərində yararsız vəziyyətdə olan izolyator və traverslər dəyişdirilmiş, 16 kontakt şəbəkəsi dayaqlarının fərdi torpaqlanması bərpa edilmiş, yük konpensatorunda cari təmir işləri aparılmışdır. Culfa yanğın qatarında xüsusi və çən vaqonlarında təmir işləri aparılmış, yanğın texnikası müayinədən keçirilərək qışa tam hazır vəziyyətə gətirilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə sərnişin vağzalı, inzibati binalar və təmir sexlərində quraşdırılmış qazanxana və qızdırıcılarda texniki təhlükəsizliyin vəziyyəti yoxlanılmış və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən oktyabr ayında Ordubad Stansiyası İdarəetmə Mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad Yol Sahəsinin inzibati binasının və Ordubad dəmir yolu sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir. İnfrastruktur İdarəsinin inzibati binasında isə son tamamlama işləri aparılır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması və əhaliyə keyfiyyətli xidmətin göstərilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR