Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvan Muxtar Respublikasının nəqliyyat sistemində hava yollarının əhəmiyyəti olduqca böyükdür. Buna görə də Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti üçün bütün tədbirlər görülmüş, maddi-texniki baza gücləndirilmiş, sərnişinlərin rahat və təhlükəsiz uçuşu təmin olunmuşdur.
2014-cü ilin oktyabr ayı ərzində də hava limanında əhaliyə keyfiyyətli xidmət təşkil olunmuşdur. Ötən ay ərzində yerli hava xətti ilə 24 min 395 sərnişin, 396 min 265 kiloqram baqaj, 36 min 823 kiloqram yük və 2 min 332 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 339 sərnişin, 5 min 887 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 478 sərnişin və 5 min 567 kiloqram baqaj daşınmışdır.
Hava nəqliyyatına tələbatın artması xidmətin keyfiyyətinin də mütəmadi olaraq yüksəldilməsini şərtləndirir. Buna görə də hava limanı əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində də işlər davam etdirilmişdir. Ötən ay daşımaların təşkili və koordinasiyası xidmətinin şəxsi heyəti Bakı şəhərində Milli Aviasiya Akademiyasında kurslara cəlb edilmişdir.
Payız-qış mövsümündə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər yerinə yetirilmiş, hava gəmiləri və texniki avadanlıqlar texniki baxışdan keçirilmiş, uçuş-enmə zolağı, sükanlanma yolu və perronda cari təmir işləri aparılmışdır. Uçuş-enmə zolağında betonların arasında olan dərzlər yenisi ilə əvəz olunmuşdur. Açıq və örtülü drenaj xətləri yoxlanılmış, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün texniki işçilərlə məşğələ keçilmiş, aerodrom qış mövsümünə hazır vəziyyətə gətirilmişdir. Hava gəmilərinə xidmət edən xüsusi maşın və texnikalara mövsümi və reqlamentləşdirilmiş texniki xidmət göstərilmişdir. Həmçinin bu dövrdə teleskopik trapların quraşdırılması işi tamamlanmış, onların dayanacaq yerləri təşkil olunmuş və markalanmış, xidməti işçilər üçün yeni bina istifadəyə verilmişdir. Hazırda aerovağzal binasında əsaslı təmir işləri davam etdirilir.
Uçuşların elektrik-işıq texnikası təminatı, istilik və sanitariya texnikası ilə təchizat xidmətləri də 2014-2015-ci ilin payız-qış mövsümünə tam hazırdır. Bu məqsədlə bütün növ güc transformatorları və elektrik paylayıcıları texniki nəzarətdən keçirilmiş, güc kabellərinin sazlığı yoxlanılmış, requlyatorlar üzərindəki 60 akkumulyator batareyaları yenisi ilə əvəz edilmişdir. Hava limanı ərazisində olan bütün işıqlandırma vasitələrinə texniki xidmət göstərilmiş, onların işədüşmə və sönmə vaxtları gün rejiminə uyğun olaraq qurulmuşdur. Oktyabr ayı ərzində təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Aerodrom ərazisini və xidmət sahələrini daim nəzarətdə saxlamaq üçün əlavə olaraq 10 ədəd müşahidə kamerası quraşdırılmışdır. Yeni qurulmuş avtomat telefon stansiyasına 800 metr uzunluğunda fiber-optik kabel çəkilərək mərkəzləşmiş şəbəkəyə qoşulmuşdur.
Yanacaq-sürtgü materialları təminatı da lazımi səviyyədə yerinə yetirilmiş, yanacaqdolduran maşınlar yoxlamadan keçirilmişdir. Çənlərdə olan bütün vintillərə nəzarət olunmuş, təmirə ehtiyacı olanlara texniki qulluq göstərilmişdir. Oktyabr ayı ərzində “AZALOİL” Yanacaq-Sürtgü Materialları İdarəsindən 204 min litr təyyarə yanacağı, 1800 litr dizel yanacağı daşınaraq yanacaq-sürtgü materialları anbarına tədarük olunmuşdur. Hazırda “MAN” markalı 2 yanacaqdaşıyan avtomaşın təyyarə yanacağı daşıyır. Bundan başqa, hava gəmilərinin buzlaşmasının qarşısının alınmasında mühüm vasitə olan 8 min 800 litr “Kilfrost DF Plus” və 34 min 900 litr “Kilfrost ABC k Plus” tipli maye tədarük olunmuşdur. Mayelərin keyfiyyət göstəriciləri xüsusi təminat laboratoriyasında analizdən keçirilmiş, istifadə üçün tam yararlı olduğu təsdiq olunmuşdur.
Yeni texnikaların alınıb gətirilməsi də işin keyfiyyətinin artırılmasına xidmət edir. Odur ki, bu istiqamətdə işlər davam etdirilir. Yeni alınmış “MAN TGS-18.360” və “VOLVO FM TRUCK” yəhərli dartıcı “TJS630” markalı qartəmizləyici ilə təchiz olunmuş, “SUPRA-5001” markalı frezer-rotor qartəmizləyən avtomobil hazır vəziyyətə gətirilmişdir. Əlavə olaraq, yeni alınmış üçüncü yanacaqdaşıyan “MAN TGX18-400” yəhərli dartıcı avtomobil noyabr ayından işə salınmışdır.
Ümumiyyətlə, oktyabr ayı ərzində mövsümə uyğun görüləcək işlər yekunlaşdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanının işçi heyəti bundan sonra da qarşıda duran vəzifələrin icrasını lazımi səviyyədə yerinə yetirəcək, əhaliyə nümunəvi xidmət göstərəcəkdir.
Naxçıvan Beynəlxalq Hava Limanı