23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatı mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə, mavi qaz şölələnir. “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına əsasən, oktyabr ayı ərzində də qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir.

Payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar olaraq, qaz nəqli sistemi daha artıq yüklənir. Buna görə də sistemin normal fəaliyyəti məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, ərazilər üzrə bütün sistem boyu qazanalizatorlarla xətti nəzarət və texniki baxış keçirilmiş, yararsız vəziyyətdə olan 4 min 802 qaz sayğacı istismardan çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Qaz təsərrüfatı şəbəkəsində 1492 halda sızma aşkarlanmış və aradan qaldırılmışdır. İstehlakçılarla bağlanmış müqavilələr əsasında təzyiqin normada saxlanılması üzrə gündüz və gecə rejimləri müəyyənləşdirilmişdir. Həmçinin sutka ərzində rejim və sərflərin qeydiyyatının aparılması nəzarətə götürülmüşdür.
Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılmışdır. Qazın tozdan və başqa mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici seperator və süzgəclərə, qazın hərəkəti üzrə texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qoruyucu-atıcı-ayırıcı qapaqlara, qaz sərfölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilmiş, istismara yararsız detal və hissələr yenisi ilə əvəz olunmuşdur. Qaz nəqli sistemi üzərində olan bağlayıcı avadanlıqlar təftiş olunmuş, ehtiyac olunan hallarda onların üzərində cari təmir işləri aparılmış, istismara yararsız olanlar yenilənmişdir.
Birlik üzrə maşın-mexanizmlər, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı işləməsi üçün tam yararlı vəziyyətə gətirilmişdir. Həmçinin qaz təsərrüfatında yeraltı qaz xətlərində korroziyaya uğrayan hissələrin yeni borularla əvəz olunması işləri də davam etdirilmişdir. İstismarda olan yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına vaxtlı-vaxtında nəzarət olunmuşdur. Oktyabr ayı ərzində yeni tikilmiş 142 evə və digər obyektlərə qaz xətləri çəkilmişdir. Ümumilikdə, fərdi və ümumi yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması, su-kanalizasiya xətlərinin çəkilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq 10 min 312 paqonometr uzunluğunda boru xətti istifadə olunmuşdur.
Təbii qazdan səmərəli istifadə qaydalarının izah olunması, təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə əhali arasında maarifləndirici söhbətlər oktyabr ayı ərzində də davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Fövqalədə Hallar Nazirliyinin nümayəndələri ilə birgə hərbi şəhərciyin sakinləri arasında maarifləndirici tədbir keçirilmiş, əhali və qeyri-əhali istehlakçıların qazdan təhlükəsiz istifadə qaydalarına riayət etməsi, dəm qazının yaranma səbəbləri və qeyri-standart qaz cihazlarından istifadə zamanı yaranan fəsadların aradan qaldırılması üzrə söhbətlər aparılmış, müəyyən tövsiyələr verilmişdir. Həmçinin aid qurumlarla birlikdə dəyirmi masalar təşkil olunmuş, maarifləndirici verilişlər hazırlanmışdır.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsinin növbəti III qrupu yaradılmış və şəhər, rayon qaz istismarı idarələrinin bir qrup işçisi kursa cəlb olunmuşdur.
Muxtar respublikada abonentlərin təbii qazla təmin olunması, xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR