23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar islahatlar Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının, eləcə də emal sənayesinin inkişafına etibarlı zəmin yaradıb. İlk dəfə 1992-ci ildə başlanılan və 2000-ci ildə başa çatdırılan torpaq islahatları muxtar respublikanın 205 kəndini və 132 təsərrüfatını əhatə edib, 72 min 758 ailəyə və 241 min 46 nəfərə 56 min 372 hektar torpaq sahəsi verilib. Həyata keçirilən islahatlar nəticəsində əkinçiliyin inkişafında dönüş yaranıb, 2014-cü ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin işləri həyata keçirilib. Bu, 1991-ci ilin məhsulu üçün əkilmiş sahədən 3,2 dəfə çoxdur.

Qeyd olunub ki, cari il ok­tyabr ayının 1-nə olan məlumata əsasən, muxtar respublikada 109 min 624 ton dənli və dənli-paxlalı, 4225,5 ton dən üçün qarğıdalı, 662,8 ton dən üçün günəbaxan, 63752,8 ton tərəvəz, 41405,5 ton kartof, 34338,9 ton bostan məhsulları, 34 min 495 ton meyvə, 9427,2 ton üzüm istehsal olunub. Əhalinin mövsümi vaxtlarda tərəvəz məhsulları ilə təmin edilməsi üçün ümumi sahəsi 52 min 316 kvadratmetr olan 12 istixana kompleksi yaradılıb.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışan nazir müavini bildirib ki, cari ilin ilk 9 ayı ərzində iribuynuzlu mal-qaranın baş sayı 109 min 822 başa, xırdabuynuzlu heyvanların sayı isə 668 min 933-ə çatdırılıb. Bundan başqa, muxtar respublikada iribuynuzlu mal-qaranın cins tərkibini daha da yaxşılaşdırmaq və məhsuldar mal-qaranın xüsusi çəkisini artırmaq məqsədilə bu günədək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1688 baş yüksək məhsuldar düyələr gətirilərək sahibkarlara satışı təmin edilib. Həyata keçirilən aqrar tədbirlər nəticəsində tələbatın, əsas etibarilə, yerli istehsal hesabına ödənilməsinə nail olunub. 2014-cü ilin ilk 9 ayı ərzində muxtar respublikada 270 milyon 668 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur.
Tədbirdə nazirliyin şöbə müdiri Əsgər Həsənovun və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru Bəhruz Bayramovun çıxışları olub.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunan əməkdaşlara nişanlar təqdim edilib. Təltif olunanlar onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, bundan sonra da səylə çalışacaqlarına söz veriblər.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR