23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 4-ü və 5-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu muxtar respublikada səfərdə olmuşdur. Səfər zamanı qonaqlar Naxçıvanın görməli yerləri, qədim tarixi abidələri və müasir inkişaf səviyyəsi ilə yaxından tanış olmuşlar. Naxçıvan forum iştirakçılarında dərin təəssürat yaratmışdır. Belə ki, forum iştirakçıları xarici ölkələrdə nəşr olunan mötəbər qəzet və jurnallarda, xəbər portallarında muxtar respublika haqqında yazdıqları məqalələrlə çıxış edirlər.
Humanitar Forum iştirakçısı, Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist Peter Tasenin Naxçıvana həsr etdiyi və “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında yayılan “Ordubad: Avroasiyanın ürəyində qədim şəhər” məqaləsini qəzetimizin ötən nömrələrində dərc etmişdik. Tədqiqatçı kimi də fəaliyyət göstərən Peter Tase Amerikanın ispandilli “Eurasiahoy.com” xəbər portalında növbəti məqalə ilə çıxış etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik:

4-5 oktyabr 2014-cü il tarixdə müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin vətəni olan Naxçıvan Muxtar Respublikasına səfər etmək mənim üçün böyük şərəf idi. Qədim tarixə malik olan bu şəhərin inkişafını sözlə təsvir etmək mümkün deyil. Çünki şəhər Azərbaycan tarixinin və vətənpərvərliyinin ürəyi hesab olunur.

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycanın qədim tarixi və zəngin arxeoloji mənbələrinin, mədəniyyətinin, qədim adət-ənənələrinin və tarixi humanizminin öyrənilməsi baxımından mühüm yer hesab olunur. Əzəli türk torpağı olan Naxçıvan həm də bəşər sivilizasiyasının beşiyi sayılır. Burada qədim zamanlardan bəri yerli əhali təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmuş, Neolit dövründə incəsənətin müxtəlif sahələri inkişaf etdirilmişdir. “Naxçıvan” sözünün mənası çox qədimə dayanır. Araşdırmalar zamanı aydın olmuşdur ki, “Naxçıvan” sözü tarixin müxtəlif dövrlərində “Nuhçıxan”, “Naksuana” və ya “Naxç”, fars ədəbiyyatında isə “Nəxşi-cahan” kimi işlədilmişdir. Qədim türk mənbələrində isə “Naxçıvan” adı savadlı və müdrik millət mənasını verir.
5 min ildən artıq yaşı olan Naxçıvan Avropa və Asiya arasından keçən Böyük İpək Yolunun üzərində yerləşir. Marko Polo XIII əsrdə bu ərazidən keçmişdir. Naxçıvanda Tunc və Daş dövrlərinə aid tarixi yerlər vardır. Daşlara həkk olunmuş yeddi minillik rəsmlər mövcuddur. Zəngin mədəniyyətin olduğunu sübut edən qədim şəhər qalıqları bu günə qədər gəlib çatıb. Bütün bunlar Naxçıvanın insan cəmiyyətinin inkişafındakı rolunu bir daha sübut edir. Böyük İpək Yolu da daxil olmaqla mühüm ticarət marşrutları bu ərazidən keçdiyinə görə Naxçıvan əlverişli strateji mövqeyə malikdir. Naxçıvanda ticarətin çiçəklənməsi, mədəniyyətin və bu münbit torpaqlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi tarixən qonşu ölkələrin marağını cəlb etmişdir.
Naxçıvan minilliklər boyu digər dövlətlərin tərkibinə daxil edilmişdir. Lakin buna baxmayaraq, qədim diyar inkişafdan kənarda qalmamışdır. 1747-ci ildən 1828-ci ilə qədər Naxçıvan müstəqil şəkildə idarə olunmuşdur. Sonralar rus imperiyasının nəzarətində olan Naxçıvan Sovet Rusiyasının iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında 1921-ci ilin 16 martında imzalanan Mos­kva və həmin ilin 13 oktyabrında imzalanan beynəlxalq Qars müqaviləsindən sonra Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsdiq olunmuş və sərhədləri müəyyənləşdirilmişdi.
1905-ci ildə Naxçıvan Ermənistanla Azərbaycan arasında münaqişə mövzusu olmuşdu. 1917-ci ildə isə ermənilər Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma ərəfəsində, 1917-ci il aprelin 15-də Bakıda Qafqaz Müsəlmanları Konqresində federasiya yaratmaqla müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyası irəli sürüldü. Həmin ilin yayında Naxçıvan ərazisində dövlət idarəetmə orqanları yaradılmışdır. 1918-ci ilin əvvəllərində erməni daşnak silahlı dəstələri Naxçıvanda böyük qırğınlar törətdilər. Bu vəziyyətdə Naxçıvan Milli Komitəsi yalnız Türkiyədən yardım ala bilərdi. Xəlil bəyin başçılığı ilə Türk ordusu kömək üçün Naxçıvana gəldi. 1918-ci ilin noyabrında burada Araz-Türk Respublikası yaradıldı. 1 milyon əhalisi və təxminən, 16 min kvadratkilometr ərazisi olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Onun ərazisinə Naxçıvan, Şərur-Dərələyəz, Ordubad, habelə Sərdarabad , Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər rayonlar daxil idi. Lakin Birinci Dünya müharibəsində Türkiyənin məğlub olması, Mudros sülh müqaviləsinin bağlanması Türk qoşunlarının Azərbaycan və Naxçıvandan çıxarılmasına səbəb oldu. Sovet İtti­faqı dövründə isə İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Naxçıvan torpaqlarının qorunması üçün Moskva və Qars müqavilələri vacib idi. Sovet İttifaqı dövründə Naxçıvan ərazisinin bir hissəsi Ermənistana verildi və Türkiyə Respublikası ilə mədəni və siyasi əlaqələri tamamilə dayandırıldı.
Azərbaycan və onun ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikası müstəqillik üçün uzun müddət mübarizə apardı. 1990-cı ildə Naxçıvan MSSR Ali Soveti SSRİ-dən çıxmaq qərarına gəldi. Əslində, bu, SSRİ-nin dağılmasının başlanğıcı idi. Həmin dövrdəki siyasi proseslər, Dağlıq Qarabağdakı uzunmüddətli müharibə Naxçıvan iqtisadiyyatına mənfi təsir göstərmişdi. Bu zaman Naxçıvanın vəziyyəti ağır təhlükədə idi. Naxçıvanın daim Ermənistan tərəfindən işğal­edilmə təhlükəsi var idi. 1990-cı il iyulun 22-də Azərbaycanın böyük lideri Heydər Əliyevin Moskvadan gəlişi Azərbaycanın ərazi bütövlüyü və doğulduğu Naxçıvan torpağının müdafiəsi üçün təminat oldu. Heydər Əliyev aktiv siyasətə qayıdaraq Naxçıvan və Azərbaycan parlamentinin üzvü, 1991-ci ilin sentyabr ayında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Onun rəhbərliyi və qətiyyətli iradəsi sayəsində Naxçıvan parlamentinin tarixində ilk dəfə milli dövlətçiliyin bərpası yolunda mühüm addımlar atıldı. Üçrəngli bayraq qəbul edildi. Ermənistan tərəfindən blokadaya alındığına görə, əhalinin rifahı üçün Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasına böyük önəm verdi. 1992-ci ildə Naxçıvanla Türkiyə və İran arasında Araz çayı üzərində körpülər tikildi, Türkiyə, İran və Naxçıvan arasında strateji əməkdaşlığın yaradılması haqqında protokol imzalandı.
Azərbaycanın bu regionu tarixən müharibələrdən, ermənilərin azərbaycanlı əhaliyə qarşı biokimyəvi silahlardan istifadə etdiyi uzunmüddətli silahlı münaqişə və təcavüzlərindən əziyyət çəkmişdir. Bu gün Naxçıvan Azərbaycan türklərinin vətənidir. Ermənistan tərəfindən blokadada olmasına baxmayaraq, Naxçıvan dinamik inkişaf edir. Belə davam etsə, bu şəhər öz müasir memarlığı ilə Qafqazın meqapolisinə çevriləcək.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR