Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində bu mövzuda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər.
Kollecin tarix müəllimi Rəna Vəliyeva bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti ilə fəxr etdiyi kimi, onu dünyaya tanıdan dahi şəxsiyyətləri ilə də fəxr edib. Belə şəxsiyyətlərin fövqündə dayanan ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına həsr edib.
Qeyd olunub ki, böyük şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmiz çox qısa bir dövrdə aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib, respublikamızda elm, təhsil, səhiyyə və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət göstərilib, mühüm nailiyyətlər əldə olunub. Bu dövrdə müstəqil Azərbaycanın gələcəyi naminə bir çox tarixi addımlar atılıb, gələcəkdə bu müstəqilliyi qoruyacaq milli ordumuz üçün ilkin baza yaradılıb, bütün sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlığı diqqət mərkəzində saxlanılıb.
Vurğulanıb ki, SSRİ kimi nəhəng imperiyanın süqutundan sonra ölkəmizdə daxili sabitlik pozuldu, respublikaya rəhbərlik edən naşı siyasətçilərin səriştəsizliyi nəticəsində vətəndaş qarşıdurması yarandı, torpaqlarımız ermənilər və onların havadarları tərəfindən işğala məruz qaldı. Məhz belə bir çətin dövrdə xalqımız üzünü öz böyük xilaskarına – dahi Heydər Əliyevə tutdu. Çünki belə bir vəziyyətdə ölkəni, dövlətçiliyimizi və müstəqilliyimizi təhlükədən yalnız Heydər Əliyev dühası xilas edə bilərdi. Xalqın çağırışına biganə qala bilməyən xalqımızın böyük oğlu Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin qorunması, torpaqlarımızın işğalına son qoyulması, ölkədə əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunması ilə nəticələndi. Tarix üçün çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi gücü ilə dünya dövlətləri sırasında söz sahibi olan bir ölkəyə çevrildi.
Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikası da uğurlu inkişaf yolu keçdi, intibaha qovuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvanla bağlı arzularının uğurla həyata keçirilməsi bu gün muxtar respublikanı sürətlə inkişaf edən regiona çevirib. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı qəlbimizdə daim yaşayacaqdır.
Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.
Xəbərlər şöbəsi