Zəngilansız 21 il
Bu gün Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. 1988-ci ildən 1993-cü il oktyabrın 29-dək nankor düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Zəngilan rayonu həm də Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malik idi. Bu yurd yerimizi işğal edən ermənilər qədim diyarla ana torpağımız arasında məsafəni daha da artırmış oldular. Yəni digər rayonlarla bərabər, Zəngilanın işğalı da Naxçıvan Muxtar Respublikasının blokadasının daha da, necə deyərlər, “möhkəmləndirilməsi” ilə bağlı məkrli siyasətin tərkib hissəsi idi.
Erməni hiyləsinin baş tutmasında AXC-Müsavat iqtidarının yarıtmaz əməlləri və onlara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri böyük rol oynadı. Belə ki, təxribatlar nəticəsində ermənilər 1992-ci ilin dekabrında Zəngilan rayonunun əhatəsində olan əsas strateji məntəqələrimizi ələ keçirdilər. Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşurdular. Lakin qüvvələr qeyri-bərabər idi. Ermənistan, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hərbi təyyarələr belə, hücumda iştirak edir və rayonun mərkəzini bombalayırdılar. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinləşirdi. Çünki düşmən döyüşə əlavə qüvvələr cəlb edir, təzyiqi artırırdı. Dörd gün ərzində, əsasən, Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün – oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yardı.
Üç istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib Vejnəli və Ağbənd kəndlərini işğal etdi. Qafan istiqamətində hərəkət edən ermənilər Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar. Qubadlının işğal olunmuş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirdilər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan sonra Zəngilan faktiki olaraq işğal edildi.
Həmin vaxt əhali tam mühasirədə qalmışdı. Şahidlərin dediklərindən də anlaşılır ki, burada təsvir edilməsi mümkün olmayan faciəvi bir vəziyyət yaranmışdı: üç tərəfdə qana susayan düşmən, qarşıda isə qan-qan deyən Araz çayı. Əhalinin düşmənin qanlı caynaqlarından xilas olmağa ümidinin tükəndiyi bir vaxtda yenə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəryad edən insanların köməyinə çatdı. Ulu öndərin tapşırığına əsasən, Araz üzərində qurulmuş su bəndi bağlandı və beləliklə, çayın suyu azaldığına görə əhali maneəsiz bir şəkildə İran İslam Respublikasının ərazisinə keçə bildi. Həmin vaxt insanlara ümid verən yaşlıların sözləri də öz təsdiqini tapmış oldu. Onlar deyirmişlər: “Qorxmayın, Allah kərimdir, Heydər Əliyev heç vaxt öz xalqını darda qoymaz. Nəsə bir çıxış yolu tapacaq”. Həqiqətən də, belə oldu. Böyük xilaskar bu dəfə də xalqının köməyinə çatdı və 35 minə yaxın əhalini xilas etdi, dəhşətli bir soyqırımının qarşısını aldı.
Rayonun düşmən əlinə keçməsindən sonra Azərbaycanın işğal altında olan ərazisi 20 faizə çatdı. 1988-ci ildən başlayan və 1994-cü ilə qədər davam edən erməni təcavüzü və Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində minlərlə soydaşımız şəhid oldu, dövlətimizə milyardlarla manat ziyan vuruldu, regional infrastruktur tamamilə dağıdıldı. Milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi.
Zəngilanın işğalı nəticəsində, təqribi hesablamalara görə, ölkəmizə həmin dövrün rəqəmləri ilə 1 milyard 390 milyon ABŞ dolları məbləğindən çox ziyan dəydi. Həmçinin 10 mühüm tarixi abidə dağıdıldı. Onlar arasında Məmmədbəyli türbəsi (XIII əsr), Şərifan sərdabəsi (XII əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr), Bartaz Qız qalası (XIII əsr) və digər əhəmiyyətli abidələr də var idi. Arxeoloji abidələrdən ən böyüyü isə “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. İndi xarabalıqları xatırladan təkcə Şəhri Şərifan deyil, bütün Zəngilandır...
Zəngilan həm tarixiliyi, həm də coğrafi mövqeyi, torpağı, iqlimi ilə seçilir. Avropada birinci, dünyada ikinci olan Çinar meşəsi də məhz Zəngilanda idi. Bura qədəm qoyan geri qayıtmaq istəmirdi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə də məlumatlar var.
2270 metr hündürlüyündə Şükrətaz dağı, çiyin-çiyinə dayanan Əsgülüm, Susənin zirvələrinə qədər uzanıb gedən dağ silsilələri, meşələr, ormanlar qızmar yay günlərində insanların istirahət guşələri idi. Dağ ətəklərinin can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, narı, alçası, armudu, fındığı, cəvizi əvəzsiz sərvətimiz idi. Rayonda zəngin yeraltı sərvətlər – qızıl, qara mərmər yataqları, tabaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı və sair var.
Zəngilan rayon kimi 1930-cu ildə yaradılıb. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl Zəngilanda bir şəhər, bir qəsəbə və 83 kənd var idi.
Ötən əsrin 70-ci illərində ümummilli liderimizin səyi ilə Ağ oyuq hidrokompleksinin istifadəyə verilməsi Zəngilanın kənd təsərrüfatına yeni nəfəs gətirdi. Bu səbəbdən suvarılan əkin sahələri genişləndi, məhsuldarlıq dəfələrlə artdı. Yeni təsərrüfat sahəsi olan üzümçülük böyük gəlir gətirməyə başladı. Arıçılıq, balıqçılıq təsərrüfatı yaradıldı. Tütünçülük, heyvandarlıq, taxılçılıq yeni təməllər üzərində intensiv qaydada inkişaf etdirildi.
Bütün bunlar istehsal gücü 30 min tona çatan 2 şərab zavodunun, 1 milyon şərti banka istehsal edən konserv zavodunun, çörək zavodunun inşasına səbəb oldu. Rayonda 2 toxuculuq kombinatı fəaliyyətə başladı, 1 çınqıl, 2 asfalt zavodu, mərmər, əhəng sexləri yaradıldı.
Həmin dövrdə əhalinin gün-güzəranı xeyli yaxşılaşmışdı. Xüsusən sadə zəhmət adamları həyat, məişət şəraitini müasirləşdirir, yeni evlər, mülklər tikirdilər. Rayon əhalisinə 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası xidmət göstərirdi. Eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanaları, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası əhalinin xidmətində idi.
Rayonda 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası fəaliyyət göstərirdi. Rayonun geniş mədəniyyət müəssisələri şəbəkəsi var idi: 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi və sair.
“Zəngilan” toponimini araşdırdıqda maraqlı məqamlar üzə çıxır. Belə ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər, əsasən, Qərbi Azərbaycanda – İrəvan mahalı ərazisində yaşayıblar. Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Haqqında bəhs etdiyimiz Zəngilan rayonunun adı da bu qədim oğuz boyunun adından götürülüb və “Zəngilan” şəklində müasir dövrümüzə gəlib çıxıb.
Qarabağ savaşında Zəngilan rayonundan 235 nəfər şəhid və itkin düşüb, 127 nəfər sağlamlığını itirib. Bunlar cismani itkilərdir. Mənəvi itkilər isə bundan az deyil. Yurd itkisinin doğurduğu məhrumiyyətlərdən, göynərtilərdən indiyədək yüzlərlə soydaşımız dünyasını dəyişib.
Bu gün bütün Azərbaycan xalqı torpaqlarımızın geri qaytarılacağına tam əmindir və o günü səbirsizliklə gözləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanda yaradılmış qüdrətli ordu bu inamı daha da artırır. Azərbaycanın dövlət başçısı dəfələrlə bəyan edib ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq: “O gün gələcək və biz hamımız – bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır”.
Rauf Əliyev