“Naxçıvan Azərbaycan, Türkiyə və ümumilikdə, Türk dünyası üçün çox mühüm strateji əhəmiyyətə malik bir məkandır. Muxtar respublikanın sürətli inkişafı, uğurlu yüksəlişi, gündən-günə gözəlləşməsi hər birimizi ürəkdən sevindirir, bizə qürur bəxş edir”.
Bu fikirləri oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçısı olmuş Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti jurnalistlərə açıqlamasında deyib.
Rıfat Hisarcıklıoğlu bu il Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin 90-cı ildönümünü çox böyük nailiyyətlərlə qeyd etdiyini bildirib. Vurğulayıb ki, ulu əcdadlarımız bu qədim diyarı düşməndən qorumaq üçün həmişə birlik nümayiş etdirib, çiyin-çiyinə Naxçıvanı qoruyublar. Bu gün Naxçıvan türk dünyasının alınmaz qalası kimi düşmənə gözdağıdır.
“Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası hər sahədə sürətlə inkişaf edir və bu inkişaf həm də muxtar respublikanın timsalında özünü bariz şəkildə büruzə verir”, – deyən Rıfat Hisarcıklıoğlu əlavə edib ki, Azərbaycanın əbədi dostu, əvəzsiz strateji müttəfiqi Türkiyə də özünün yüksəliş dövrünü yaşayır.
Rauf Əliyev