29 oktyabr qardaş Türkiyənin tarixində xüsusi əhəmiyyət kəsb edən bayramlardan biridir. 91 il bundan əvvəl – 1923-cü ildə tarix səhnəsinə qədəm qoymuş Türkiyə Respublikası Mustafa Kamal Atatürkün şah əsəri, çoxəsrlik türk dövlətçiliyinin yeni dövrdə davamıdır.
Türkiyə bugünkü cümhuriyyətə nail olmaq üçün uzun və şərəfli tarixi yol keçmişdir. XX əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi və qanlı hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin və xalqlar arasında milli azadlıq hərəkatının başlanmasına gətirib çıxardı. Süqut ərəfəsində olan zəifləmiş Osmanlı imperiyası özünü ayaq üstə saxlamaq məqsədilə sonuncu dəfə gücünü səfərbər edərək bu müharibəyə qoşuldu. Lakin Antanta dövlətləri tərəfindən məğlubiyyətə uğradıldı. 1918-ci ildə qalib dövlətlərlə Türkiyə arasında Mudros barışıq müqaviləsi bağlandı. Əslində isə bu saziş Türkiyəni parçalamaq və onun tarix səhnəsindəki roluna son qoymaq niyyəti güdürdü.
Müqavilənin imzalandığı dövrdə Türkiyənin nəzarətindəki ərazilərin bir qismi Antanta tərəfindən tutulmuşdu. İngilis orduları neft yataqlarının zəngin olduğu Mosul vilayətini, Antepi, Maraşı, Urfanı, Əskişəhəri işğal etmişdilər. Onlar Anadolu-Bağdad dəmir yoluna, Qara dəniz və Aralıq dənizi limanlarına da nəzarət edirdilər. Fransızlar isə Adana vilayətini ələ keçirmişdilər. İtalyanlar Antalya və Quşadasına daxil olmuş, Konyanı, İspartanı, Bodrumu və Anadolunun digər cənub-qərb rayonlarını işğal etmişdilər. Artıq 1919-cu ilin əvvəllərində Türkiyədə Antanta dövlətlərinin əsgər sayı 100 min nəfərdən çox idi.
Türkiyəni parçalamaq siyasətinin kökündə dayanan amillərdən biri də burada erməni dövləti yaratmaq niyyəti ilə bağlı idi. Ermənilərin fəallığı ilə daxili düşmənlər, milli azlıqlar təxribatçı fəaliyyət göstərir, Türkiyənin məhvinə çalışırdılar. Atatürk ermənilərin türk xalqı üçün çox ciddi təhlükə olduğunu bildirərək həmin dövrü belə xarakterizə etmişdi: “Ölkənin hər yerində xristian etnik azlıqları gizli və açıq şəkildə niyyətlərini həyata keçirməyə, dövlətin mümkün olduğu qədər tez bir zamanda çökməsinə çalışdılar. Sonradan əldə edilən etibarlı məlumatlardan və sənədlərdən tam aydın olmuşdur ki, İstanbul Yunan Patriarxlığında yaradılan “Mavri Mira heyəti” bölgələrdə partizan dəstələri yaratmaq və onları idarə etmək, nümayiş təşkil etmək və təbliğati iş aparmaqla məşğuldur. Erməni patriarxı Zaven əfəndi də “Mavri Mira heyəti” ilə birlikdə fəaliyyət göstərir. Trabzon, Samsun və bütün Qara dəniz sahillərində təşkilatlanan və İstanbuldakı mərkəzə tabe olan Pontus cəmiyyəti heç bir maneə ilə qarşılaşmadan asanlıqla çalışırdı”.
Həm daxildəki düşmənlərin ölkəni parçalamaq cəhdləri, həm də 1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu. Türk xalqı ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mübarizəyə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlarda uğur qazanmış, Osmanlı ordusunun ən istedadlı generallarından olan Mustafa Kamal rəhbərlik edirdi. Onun rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapdağından xilası idi. Qələbənin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermiş, türk xalqına qardaşlıq köməyini əsirgəməmişdir.
1923-cü il oktyabrın 29-da azad, müstəqil, müasir Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi. Atatürkün qurduğu Türkiyə Respublikası onun yolu ilə gedərək bu gün bölgədə və dünyada inkişaf edən dövlətə çevrilib. Güclü iqtisadiyyatı, qüdrətli ordusu, demokratiya və hüquqa bağlılığı ilə Türkiyə Respublikası beynəlxalq aləmdə öz yeri olan ölkələrdən biridir.
Böyük dövlətlərin onlar üçün yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucusunun – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır.
Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığı hər iki xalqın eyni kökə mənsub olmasından qaynaqlanır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanla Türkiyə arasında əlaqələrə daim üstünlük vermiş, bu əlaqələri “bir millətin iki dövləti” səviyyəsinə qaldıraraq demişdir: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”.
Əsası ulu öndərimiz tərəfindən qoyulan Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən enerji layihələri ölkələrimizin beynəlxalq nüfuzunun artmasına və dünyada söz sahibi olmasına şərait yaratmışdır. Belə ki, uğurla həyata keçirilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu hər iki ölkənin siyasi, iqtisadi və strareji əməkdaşlığının daha bir bariz nümunəsinə çevrilmişdir. İrimiqyaslı müştərək layihələr artıq öz səmərəsini verir. Türk və azərbaycanlı iş adamlarının hər iki ölkəyə sərmayə yatırması ölkələrimizin inkişafına böyük töhfədir.
İki qardaş ölkə arasındakı münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir. Həmin səfərlər zamanı yüzlərlə dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır ki, bu da bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi üçün hüquqi baza rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasına 2010-cu ilin 7-9 iyul tarixlərində həyata keçirdiyi işgüzar səfəri ölkələrimiz arasındakı əlaqələrin dinamikası baxımından xeyli məhsuldar olmuş, “Təbii qazın satışı və nəqlinə dair Bəyannamə” və “Təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumu” imzalanmışdır. Dövlət başçısının qardaş ölkəyə 2010-cu il 15-16 sentyabr tarixlərində həyata keçirdiyi səfəri isə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, səfər zamanı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksəksəviyyəli Strateji Tərəfdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalanmışdır. Hörmətli Prezidentimizin bu fikirləri şuranın əhəmiyyətini çox gözəl ifadə edir: “Yüksəksəviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması, sadəcə, adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir – siyasi əlaqələri, hansı ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr – yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin”.
Azərbaycan və Türkiyə prezidentlərinin seçkilərdən sonra ilk rəsmi səfərlərini qardaş ölkəyə etməsi dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına, əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etmişdir. Səfər zamanı Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Azərbaycan-Türkiyə əlaqələrinin dinamikası Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapır. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən, Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermişdir. Bundan başqa, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, 92 kilometrlik İqdır-Naxçıvan yüksəkgərginlikli elektrik xətti çəkilmişdir.
Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvana Türkiyə Cümhuriyyəti daim diqqətlə yanaşıb. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün Naxçıvana gəlməsi qardaş ölkənin, bütövlükdə, Türk dünyasının Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti, Baş naziri, xarici işlər naziri və Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirmişdir. Bu görüşlərin nəticəsi olaraq, 2010-cu il iyulun 17-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır. 2010-cu il iyunun 24-də Türk Hava Yollarının “Anadolu JET” şirkəti ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında bağlanmış müqaviləyə əsasən, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir: “İndi dünya birliyində Türkiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki, Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azərbaycanın mənafeyi olan məsələdə isə Türkiyənin səsi vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdirlər ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soy-kök, milli və ortaq dəyərlər birləşdirir. Ona görə də iqtisadi və siyasi maraqlarımız daha möhkəm və uzunömürlüdür, eyni zamanda xalqlarımızın mənafeyinə xidmət edir. Qarşılıqlı əlaqələrimiz isə ilbəil genişlənir. Hər iki ölkənin dövlət başçılarının səyləri ilə indiki dövrdə bu əlaqələr daha da artır”.
Hazırda Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində Türkiyə Respublikası ilk yerlərdən birini tutur. Muxtar respublikamızla Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar, təhsil və ordu quruculuğu sahələrində qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər öz kökünü xalqlarımızın qədim tarixindən götürür. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını və strateji tərəfdaşlığını yüksək qiymətləndirərək demişdir: “Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir... Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar... Ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadi və bütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir. Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaq və ancaq irəliyə gedəcəkdir”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti