Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, iş icazələrinin verilməsi ilə bağlı müraciətlər üzrə yol verilən nöqsanların müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri xidmətin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov açaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətləri, onların Azərbaycan Respublikasında işə cəlb olunması barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inspektoru Samir Sadiqov çıxış edərək bildirib ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşına iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Qeyd olunub ki, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inspektoru Sadiq Qasımov əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatla bağlı elektron müraciətlər üzrə yol verilən nöqsanlardan danışıb. Qeyd olunub ki, elektron xidmətlərdən, dövlət tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin səviyyəsini artırmaq üçün elektron vasitələrdən istifadə edilməsi vacibdir. Elektron hökumət dövlət təşkilatları ilə vətəndaşlar, dövlət təşkilatları ilə özəl təşkilatlar arasında, həmçinin dövlət təşkilatlarının özləri arasında rahat, şəffaf və sərfəli şəkildə qarşılıqlı əlaqəni təmin edir. Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin də elektron xidmət siyahısı təsdiq olunub. Təsdiq olunmuş bəndlər üzrə inzibati reqlamentlər hazırlanaraq xidmətin www.miqrasiya.nakhchivan.az internet saytında yerləşdirilib. Gələcəkdə vahid elektron informasiya sistemi ilə yanaşı, xidmət daxilində elektron sənəd dövriyyəsi sisteminin də istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistem daxil olan, göndərilən və daxili sənədlərin elektron formada hazırlanmasına, bu sənədlərin təyin olunan iş axarları ilə elektron formada dövriyyəsinə, icrasının və icrasına nəzarətin təmin edilməsinə xidmət edir və sənədlərin təhlükəsiz saxlanılmasına, lazım olduqda asan şəkildə əldə olunmasına imkan yaradır. Vurğulanıb ki, bütün bunlarla bərabər, xidmətin
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçtuna daxil olan müraciətlərin bəzilərində zəruri texniki tələblərin yerinə yetirilməməsi səbəbindən həmin müraciətlərin qəbulunda və icra prosesində gecikmələr olur.
Sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması zamanı yol verilən nöqsanlar müzakirə edilib.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi