23 Dekabr 2024, Bazar ertəsi

“Ulu öndər Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə Türk dünyasını əhatə edib”.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Heydər Əliyev lektori­yası”nın 62-ci məşğələsində səsləndirilib.
Lektoriyada çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Türk dünyasına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
İ.Hacıyev bildirib ki, ulu öndərin Türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliyi ilə də böyük tarixi əhəmiyyət daşıyır.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində Türk dünyası məsələləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ümummilli lider türk birliyinin möhkəmləndirilməsində, inkişaf etməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirib, cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün fəaliyyətini dönə-dönə dəyərləndirib, onu XX əsrin bəşəriyyətə yetirdiyi böyük dühalardan sayıb.

“Ümummilli lider Heydər Əliyevin Türk dünyasının birliyi kimi mühüm məsələdə Atatürkə müraciət etməsi təsadüfi deyildi. Çünki bu məsələlər onu daim düşündürmüşdü”, – deyən Əbülfəz Quliyev əlavə edib ki, ulu öndər Bakıda Atatürk Araşdırma Mərkəzinin açılışında deyib: “Biz Azərbaycanda türkdilli dövlətlərin, Türkiyənin, Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə böyük əhəmiyyət veririk. Xüsusi olaraq biz dahi Atatürkün irsinin elmi şəkildə tədqiqində maraqlıyıq. Təbii ki, bu sahədə Türkiyədə böyük işlər görülüb. Mən hesab edirəm ki, Atatürk tərəfindən yaradılan və yeni nəslin ixtiyarına buraxılan zəngin irs yüz il belə tədqiq olunsa da, onu elmdə, kitablarda, digər məlumat mənbələrində tam şəkildə şərh etmək qeyri-mümkündür”.
Vurğulanıb ki, çoxsaylı türk xalqlarının tarixinin öyrənilməsində, ədəbi və mədəni əlaqələrinin bərpa edilməsində müstəqil türk dövlətləri başçılarının zirvə toplantıları mühüm yer tutur. Türk dövlətləri başçılarının 1994-cü ildə İstanbulda keçirilən zirvə toplantısında qəbul edilmiş “İstanbul Bəyannaməsi”nin imzalanma mərasimində ulu öndər türk xalqlarının yaxınlaşmasının zəruriliyini qeyd edərək deyib: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb. İndi isə xalqlarımız öz dövlət müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Lektoriyada ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində Türk dünyasının yeri barədə ətraflı söhbət açılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR