Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifatlara uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 15 sentyabr 2014-cü il tarixdə müsabiqə elan edilib.
Komissiyadan verilən məlumata görə, müsabiqəyə 40 dövlət orqanı üzrə 342 vakant vəzifə çıxarılıb. Bu vəzifələrdən 67-si VI təsnifat, 273-ü VII təsnifat üzrə, 2-si isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına vakant vəzifələrdir. Müsabiqəyə sənəd qəbulu 15 oktyabr 2014-cü il tarixədək davam edib, 439 nəfər qeydiyyatdan keçib. Bu namizədlərdən 245-i inzibati vəzifələrin VI, 184-ü VII təsnifatlarına uyğun, 10 nəfər isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında vakant yerləri tutmaq üçün sənəd verib.
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsabiqənin test imtahanlarına başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil, İqtisadiyyat və Sənaye nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Televiziya və Radio Şurası üzrə vakant vəzifələrin tutulması üçün qeydiyyatdan keçən namizədlər test imtahanı veriblər. Test imtahanları komissiyanın test mərkəzində hər gün iki seansda olmaqla elektron formada keçirilir. İmtahanda namizədlərə 40 qanunvericilik, 30 məntiqi təfəkkür, 15 kompüter bilikləri və 15 ümumi dünyagörüşü haqqında biliklər olmaqla, 100 sual təqdim edilib.
Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri komissiyanın dqmk.nmr.az saytında yerləşdirilib.
Səbuhi HƏSƏNOV