Oktyabrın 24-də muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının üzvləri və katiblik əməkdaşları, həmçinin məntəqə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı müşavirə iştirakçılarını məlumatlandırıb. Bildirib ki, oktyabrın 17-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib. Bu layihənin davamı olaraq, oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçilməsi nəzərdə tutulub. Bu gün keçirilən tədbirin əsas məqsədi məhz seçki komissiyaları üzvlərini seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi barədə məlumatlandırmaqdır.
Qeyd olunub ki, bələdiyyələrə ilk seçkilər 1999-cu il dekabrın 12-də keçirilib. İlk bələdiyyələr 2000-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb. 2004-cü il dekabrın 17-də və 2009-cu il dekabrın 23-də Azərbaycanda ikinci və üçüncü dəfə bələdiyyə seçkiləri keçirilib və bildiyiniz kimi, bu il dekabr ayının 23-də növbəti bələdiyyə seçkiləri keçiriləcəkdir. İlk dəfə keçirilmiş bələdiyyə seçkilərində muxtar respublika üzrə bələdiyyələrin sayı 215 olub. Lakin 2009-cu ildə ölkə üzrə bir sıra xırda bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirilib və bundan sonra yerli özünüidarə orqanlarının sayı muxtar respublikada 171-ə enib. Əgər 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 171 bələdiyyəyə 1437 nəfər bələdiyyə üzvü seçilmişdisə, bu il keçiriləcək bələdiyyə seçkilərində 171 bələdiyyəyə 1453 nəfər üzvün seçilməsi nəzərdə tutulur. Bələdiyyə üzvlərinin sayının çoxalması muxtar respublikada əhalinin sayının artması ilə əlaqədardır. Belə ki, artıq bu il muxtar respublikada əhalinin sayı 434 min 450 nəfərə çatıb. Əhalinin bu cür artımı seçicilərin sayına da təsirsiz ötüşməyib və muxtar respublika üzrə seçicilərin sayı 2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə 4486 nəfər artıbdır. Son məlumata görə, seçicilərin sayı 256331 nəfərdir.
Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti barədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, yerli icra orqanları dövlətin yerli idarəçiliyini həyata keçirirlər və bu zaman mərkəzdən verilən göstərişlər və özlərinin səlahiyyətləri çərçivəsində ərazinin problemlərini həll edirlər. Lakin idarəçilik yükünün azaldılması, idarəetmənin daha səmərəli olması dövlətin özünüidarəetmə funksiyasını bölüşdürməyə sövq edir ki, nəticədə, yerli özünüidarəetmə ortaya çıxır. Seçkilərin keçirilməsi, bir qayda olaraq, xalqın hüquq düşüncəsinin genişlənməsinə, onun siyasi aktivliyinin artmasına şərait yaradır.
Seçki hüququnun ümumi, bərabər, birbaşa, sərbəst, şəxsi və gizli səsvermə prinsipləri əsasında həyata keçirildiyini bildirən Cəlil Rüstəmov bu prinsiplər haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu prinsiplər bütün demokratik dövlətlərin seçki qanunvericiliyində təsbit olunan ümumqəbulolunmuş prinsiplərdir. Bunlarla yanaşı, qanunvericilikdə seçkilərin demokratikliyini təmin edən digər prinsiplər də nəzərdə tutula bilər.
Seçici siyahılarının dəqiqləşdirilməsi haqqında da danışan Cəlil Rüstəmovun sözlərinə görə, hər il seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı məlumatları məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edir. Seçici siyahıları daimi və müvəqqəti seçici siyahıları formasında tərtib olunur. Seçicilərin daimi siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bütün bu proseslərdə müvafiq icra hakimiyyəti orqanları seçki komissiyalarına qanunvericiliklə müəyyən olunmuş formada köməklik edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini bələdiyyələrin fəaliyyətinin əsasları, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsinin özünəməxsus xüsusiyyətləri, səsvermə və seçki prosesinin digər mərhələləri, yerli icra orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyəti barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov “Seçkiləri əhatə edən dövrdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək qeyd edib ki, seçki kampaniyası dövründə və seçkilər günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyaları və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə ictimai qaydanın pozulması hallarının aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlarla yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Seçkilərin mütəşəkkil və obyektiv keçirilməsi üçün yerli icra hakimiyyətləri, digər hüquq-mühafizə orqanları və ictimaiyyətlə əlaqələr genişləndirilib. Bələdiyyə seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsizlik, demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı tərtib edilərək icraya yönəldiləcəkdir. Seçkidə səsvermə hüququna malik olan vətəndaşların siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Cari il dekabr ayının 23-dək 18 yaşı tamam olan, səsvermə hüququ əldə edəcək 4854 nəfər gəncin şəxsiyyət vəsiqələri ilə təmini işinə nəzarət daha da gücləndirilib. Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəz edilməsi və ilk dəfə səs verəcək, lakin şəxsiyyət vəsiqəsi olmayan şəxslərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işləri davam etdirilir. Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları əlillərə, xəstələrə və qocalara şəxsiyyət vəsiqələrinin verilməsi üçün evlərdə olaraq lazımi sənədləri toplayacaq və hazır olan şəxsiyyət vəsiqələri onlara şəxsən evlərində təqdim olunacaq. Müxtəlif səbəblərə görə yaşayış yerlərini dəyişən, qeydiyyatdan çıxan vətəndaşlar barəsində dairə seçki komissiyalarına mütəmadi olaraq yazılı surətdə məlumat verilir.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Elnur İsmayılov “Bələdiyyələrin fəaliyyət keyfiyyətinin bələdiyyə üzvlərinin yenidən seçilməsinə təsiri” mövzusunda çıxış edərək bildirib ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli özünüidarə sahəsində də ciddi irəliləyişlər olub. Artıq ölkədə bələdiyyəçilik ənənəsi formalaşıb, insanların iqtisadi, sosial və yerli əhəmiyyətli digər məsələlərlə bağlı bu quruma müraciətləri çoxalıb. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılıb və bu iş mütəmadi olaraq təkmilləşdirilir. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mütəmadi olaraq davam etdirilir. Bunun nəticəsi olaraq, inzibati nəzarət qaydasında baxılan bələdiyyə aktlarının sayında artım müşahidə olunub, bu sahədə hüquq pozuntularının aradan qaldırılması xüsusi diqqət mərkəzində saxlanılmaqla bələdiyyələrə zəruri metodik köməklik göstərilib. Qeyd olunanlardan əlavə, qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin düzgün və dürüst yerinə yetirilməsi üçün “arxiv işinin təşkili”, “bələdiyyə aktlarının qəbulu”, “vətəndaşların müraciətlərinə baxılması işinin yaxşılaşdırılmasına dair”, “yerli özünüidarəetmə sahəsində büdcə, əməkhaqqı, sosial təminat məsələləri ilə bağlı yeni qanunvericiliyin tətbiqi barədə” və sair mövzularda son illər 16-ya yaxın metodik vəsait hazırlanaraq bələdiyyə orqanlarına göndərilib.
“Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, seçki hüquqlarının məhkəmə müdafiəsi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev vurğulayıb ki, seçki prosesində iştirak edən subyektlərin pozulmuş hüquqlarının vaxtında bərpa edilməsi, nəticə etibarı ilə, seçicilərə öz iradəsini sərbəst ifadə etməyə və ümumilikdə, seçkilərin ədalətli şəkildə həyata keçirilməsinə şərait yaradır. Vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin və hərəkətsizliyin baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edilə bilər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər.
Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolundan bəhs edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Faiq Səfərov bildirib ki, seçki komissiyaları öz fəaliyyətlərində hər hansı dövlət və hakimiyyət orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa növ ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyillər. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə əsasən, məsuliyyətə cəlb edilirlər. Eyni zamanda seçki komissiyaları öz fəaliyyətlərində qanunun aliliyi prinsipinə əsaslanmalı, seçiciyə və seçki komissiyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməli, onlara münasibətdə neytral və qərəzsiz olmalı, onların hər hansı birinin dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər.
Tədbirə Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov yekun vurub.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti