Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gələn İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikanın tarixi abidələri, mədəniyyət, təhsil, səhiyyə və istehsal müəssisələri ilə tanış olmuşdur.
Səfərin ilk günündə qonaqlar Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada qonaqlara məlumat verilmişdir ki, ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın inkişafına həssaslıqla yanaşmış, ötən əsrin 90-cı illərində burada yaşayıb fəaliyyət göstərərək Naxçıvanı işğal təhlükəsindən xilas etmişdir. Həmin dövrdə blokada vəziyyətinə salınmış muxtar respublikanın qonşu ölkələrlə, o cümlədən İran İslam Respublikası ilə qarşılıqlı əlaqələrinin yaradılmasında mühüm addımlar atılmış, ikitərəfli əlaqələr qurulmuşdur. Muzeydə ulu öndər Heydər Əliyevlə İran İslam Respublikasının ali vəzifəli şəxsləri arasında həmin dövrdə imzalanmış rəsmi sənədlər, habelə qarşılıqlı görüşlər zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilir.
Qonaqlar muzeydə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olmuşlar.
Nümayəndə heyəti həmin gün Naxçıvan Biznes Mərkəzində olmuş, muxtar respublikada istehsal olunan məhsullardan ibarət guşələrə baxmışdır. Bildirilmişdir ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir. Hazırda muxtar respublikada 350 növdə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 336 növdə məhsula olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir.
Diqqətə çatdırılmışdır ki, uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artmışdır.
Sonra İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən gələn nümayəndə heyəti “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan bağları” İstixana Kompleksi, “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərində olmuş, istehsal prosesi ilə tanış olmuşlar.
İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində oktyabrın 24-də Naxçıvan Dövlət Universitetində olmuşdur.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkəsi ilə beynəlxalq əlaqəyə malik olan Naxçıvan Dövlət Universiteti ilə İran İslam Respublikasının Təbriz Dövlət Universiteti, Tehran Universiteti, Azad İslam Universiteti, Zəncan Universiteti və digər ali məktəbləri arasında əməkdaşlıq vardır. Hazırda universitetdə İran İslam Respublikasından olan 16 tələbə təhsil alır.
Qonaqlar universitet ərazisini gəzmiş, Təbiətşünaslıq və kənd təsərrüfatı, Pedaqoji fakültələrin nəzdində fəaliyyət göstərən Botanika və Coğrafiya muzeyləri, Texnologiyanın tədrisi metodikası və məktəb tarixi kabinələri ilə tanış olmuş, tədris prosesi ilə maraqlanmışlar.
“Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilmişdir ki, ziyarətgahın adı “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində mağaraya sığınan 7 gəncin başına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır.
Nümayəndə heyəti “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olmuşdur. Burada qonaqlara bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki görkəmini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Kompleksdə yerləşən Nuh Peyğəmbərin türbəsi də nümayəndə heyətində böyük maraq doğurmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə tanışlıqdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində olmuşlar. Qeyd edilmişdir ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılmış, yeraltı şöbə genişləndirilmiş, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunmuşdur. Dünyanın müxtəlif ölkələrindən olan bronxial-astma xəstəliklərindən əziyyət çəkən xeyli insan hər il burada müalicə olunur.
Oktyabrın 24-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətin Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri başa çatmışdır.
“Şərq qapısı”