Cənubi Qafqaz və Yaxın Şərq üzrə ekspert, jurnalist Nadana Fridrixson IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuşdur. Forumun bir qrup iştirakçısı ilə Naxçıvana gələn Nadana Fridrixson qayıtdıqdan sonra Rusiyanın “Qafqaz siyasəti” portalında səfər təəssüratlarını bölüşmüşdür. Həmin yazı ilə oxucularımızı tanış edirik:
Görəsən, Rusiyadan olan bir insan Azərbaycanın əsas torpağından “qoparılmış” bir şəhərinin vəziyyəti haqqında nə düşünə bilər? Ən azından, yöndəmsiz köhnə binalar, fasadı sökülüb-dağılmış hökumət qurumlarının binaları, gözə dəyməyən gənc insanlar və daha nələr... Bütün bu təsəvvürlər isə Naxçıvanın coğrafi mövqeyinin nəzərə alınması ilə daha da qətiləşər. Əslində isə o təkcə Azərbaycandan ayrı salınmamış, həm də üzərində gömrük məntəqələri olan təbii sərhəd – Araz çayı ilə İranla və Ermənistanla əhatəyə alınmışdır.
Hava limanına endiyimizdə necə qarşılandıq?
İlk olaraq, jurnalistlər müxtəlif ölkələrdən gəlmiş qonaqların təyyarədən düşməsini foto və videolentə alırdılar. Daha sonra onlar Naxçıvanın qonaqlarından müsahibələr alaraq Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forum barədə və elə şəhərin özü haqqında təəssüratlarını soruşurdular. Bizi biri rusdilli nümayəndələr, digəri isə digər əcnəbilər üçün ayrılmış avtobuslara dəvət edib bələdçilərlə tanış etdilər. Fasilə üçün ayrılan qısa müddətdən sonra biz təsəvvürlərimizi daha da zənginləşdirməyə – Naxçıvan şəhərinə tərəf yol aldıq.
Yerləşəcəyimiz mehmanxana jurnalistlər üçün çox əlverişli ola biləcək yüksəkliklərlə əhatə olunmuş bir yerdə idi. Diqqəti ən çox cəlb edən isə elə pəncərədən müşahidə olunan hərbi texnika və əsgərlər oldu. Sonra bizə izah etdilər ki, bu, döyüş deyil, sadəcə, hərbi təlimdir. Bu situasiya qarşılanma nöqteyi-nəzərindən səciyyəvi oldu. Adamın lap burnunun ucunda keçirilən belə bir tədbirin nə ola biləcəyini dərhal başa düşən rusiyalı nümayəndələr bunu normal qarşıladılar. Amma Avropadan gəlmiş qonaqlar, deyəsən, bir az həyəcanlanmışdılar.
Azərbaycan: Günəş və çimərliklər
Əşyalarımızı yerbəyer etdikdən və günorta yeməyində həmkarlarımızla qarşıdakı tur haqqında müzakirə apardıqdan sonra, nəhayət, avtobuslara minib Naxçıvan şəhərinə yollandıq. Mən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqarla tanış oldum. Onun vəzifəsi təbliğat işi idi. O danışırdı ki, burada təkcə xarici turizmə deyil, həm də daxili turizmə geniş yer verilir. Hər bir ölkədən turistlərin cəlb olunması üçün strategiya hazırlayan xüsusi şöbə vardır.
Rusiya üçün, məsələn, “Günəş və çimərlik” şüarı müəyyən olunmuşdur. Bütün broşürlər əvvəlcə ingilis dilində nəşr olunur, sonra isə digər dillərə çevrilir.
Naxçıvan haqqında o, belə deyirdi ki, əsasən, onun coğrafi mövqeyinə görə ildən-ilə bu regiona maraq artmaqdıdır. Naxçıvan hökuməti turizmin inkişafına hərtərəfli dəstək göstərir. Burada hər iş təfərrüatına qədər dəqiqdir. Turist daşıyan avtobusları polis müşayiət edir. Bələdçilər bir neçə dildə danışırlar. Turistlərin gəlişi ilə ziyarət proqramları da yenilənir. Bir sözlə, yerli hökumət hərtərəfli köməyini göstərir.
Təsəvvürlər və reallıq
Naxçıvanı daha çox tanıdıqca biz başa düşdük ki, buradakı real mənzərələrin Rusiyadakı təsəvvürlərlə oxşarlığı yoxdu. “Qoparılmış region” çiçəklənən və memarlıq cəhətdən cazibədar bir yerdir. Bütün bunlar isə rəsmi Bakının mərkəzlə regionların sosial-iqtisadi inkişaf fərqinin azaldılmasına yönəldilmiş regional siyasətinə tam cavab verir. Bu problem isə Rusiyadakı ilə eyni olsa da, dövlətlərin gücü ilə müqayisədə bu, Azərbaycanda daha sürətli templə həll olunur. Azərbaycan hökuməti artıq çoxdan (demək olar ki, on il) regionların inkişafına xüsusi diqqət yetirir.
Naxçıvanın küçələri heyrətamiz dərəcədə təmizdir. Nə küçənin ortasına atılmış kağız, nə də siqaret kötüyü görmək mümkündür.
Yeni evlər vardır. Onlar boz-bulanıq doqquzmərtəbəli kibrit qutuları kimi deyil, yaşamağın ləzzətini bilənlərin gözünü oxşayan dərəcədə müasirdirlər. Yaşı yüzə çatmış köhnə evlər də vardır. Onların da fasadı yenilənir. Şəhərdə mədəniyyət xadimlərinin abidələri vardır. Yaxın keçmişdə muxtar respublikada ən yaxşı Doğum Mərkəzinin uca binası tikilmişdir. Bələdçi vurğuladı ki, Doğum Mərkəzi təkcə xarici görünüşünə görə deyil, xidmətlərinə görə də Avropa standartları səviyyəsindədir.
Çoxlu muzey və tarixi yerləri olan şəhərdə Musiqili Dram Teatrı fəaliyyət göstərir.
İlk olaraq, biz Heydər Əliyev Muzeyini ziyarət etdik. Görkəmli siyasətçinin həyatını əks etdirən ekspozisiyalar, əsasən, fotoşəkillərdən, şəxsi əşyalardan, o cümlədən sənədlərdən ibarətdir. Daha sonra Xalça Muzeyi, Tarix Muzeyi və həmçinin “Şərqin Şekspri” adlandırılan Hüseyn Cavidin mavzoleyində olduq.
Günün sonunda biz Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkdik. Maraqlıdır ki, bu mərkəz birbaşa dağın içərisində yerləşir. Yaxşı işıqlandırılmış uzun tunellər açılmışdır. Ayaqlar altında daşduz vardır, dəhliz şaxələnərək kiçik otaqlara aparıb çıxarır. Burada çarpayılar, lampa, kiçik şkaflar vardır. Otaqlar bağlı olmur. Bizə izah etdilər ki, belə pansionatda qalmaq, təqribən, 30 manatadır. Bu, ayrıca otaq götürmək istəyənlər üçündür. Müalicə kursu 21 gün davam edir. Düzdür, burada imkanlı adamlar üçün kiçik çarpayılar və dolabçalarla təmin olunmuş geniş otaqlar da vardır. Bizim qrupdakıların bəzilərinin fikrincə, burada bir sutka və hətta 21 gün qalmaq heç də asan olmaz. Amma, sən demə, insanlar bura bir neçə saatlığa da gəlirlər.
Təhsil işıqlı sabahdır
Turun yekununda qrupumuzda qızğın şəkildə gördüklərimizin müzakirəsi gedirdi. Kiməsə tarixi abidələr çox xoş gəlmiş, bir başqaları da səfərin sonunda baş çəkdiyimiz universiteti daha çox vurğulayırdı. Universitetdə 10-a yaxın fakültə, müasir laboratoriyalar vardır.
Azərbaycanda, ümumiyyətlə, təhsilə ciddi diqqət yetirilir. Respublikada Lomonosov adına Moskva Dövlət Universitetindən tutmuş Oksford və Yale universitetlərinə qədər dünyanın aparıcı universitetləri ilə əlaqələr yaradılıb.
Tələbələr dövlət tərəfindən haqqı ödənilərək xarici universitetlərə dövlət proqramı üzrə qəbul oluna bilirlər. Tək şərt ondan ibarətdir ki, yeni məzun olmuş mütəxəssis öz vətəninə qayıdaraq minimum beş il işləməlidir. Lakin bu heç də ölkə daxilində ali təhsil sisteminin inkişafına mane olmur. Bu mənada Naxçıvan universiteti nümunəvi bir yerdir.
Naxçıvana uçub gəlin
Qaldı iki il bundan əvvəl Moskvada keçirilmiş sərgidə “Naxçıvana uçub gəlin” adının təzələnməsinə.
Siz peşman olmazsınız: dağlar, gur sulu Araz çayı, orta əsrlərə aid daş abidələr, üçrəng çalarlı təpələr – bütün bunlar bizim düşündüyümüzdən daha cazibədardırlar.