Azərbaycan və Türkiyənin görkəmli elm xadimlərinin, təhsil işçilərinin iştirakı ilə Ankarada Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Tarixdə və günümüzdə Naxçıvan” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi ilə Ankara Universitetinin (AU) birgə təşkilatçılığı əsasında bu ali təhsil ocağında keçirilən konfransda səfir Faiq Bağırov və universitetin prorektoru, professor Berahitdin Albayrak Naxçıvanın muxtariyyət statusu almasının tarixi, keçmiş SSRİ dövründə onun ictimai-siyasi, sosial-iqtisadi həyatındakı keyfiyyət dəyişiklikləri, Sovetlər Birliyinin süqutu ərəfəsindən başlayaraq yenidən qarşılaşdığı işğal təhlükəsi, ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası sayəsində mövcud təhlükələrin aradan qaldırılması və müasir inkişaf vəziyyətindən bəhs ediblər.
Professor İbrahim Ethem Atnurun sədrliyi ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyevin “Böyük dövlətlərin geosiyasi maraqlarında Naxçıvanın yeri və “Türk qapısı”na gedən yol”, Naxçıvan Dövlət Universitetinin dosenti Elçin Zamanovun “XX əsrin əvvəllərində Naxçıvanın qurtuluşu uğrunda mübarizə və mövcud vəziyyət”, Ankara Universitetinin dosenti Məmməd Rıza Heyətin “Türk dünyasında Naxçıvanın mədəniyyəti və tarixi şəxsiyyətləri” və Türkiyənin Qazi Universitetinin doktorantı İlhan Aslanın “Sovetlər Birliyinin süqutundan başlayaraq Qafqazdakı çəkişmələrin Naxçıvana sirayəti” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyənin geosiyasi maraqlarında xüsusi əhəmiyyət daşıyan Naxçıvan bölgəsinə muxtariyyət statusunun verilməsində xalqlarımızın qəhrəman övladlarının mübarizliyi, siyasi və dövlət xadimlərimizin tarixi fəaliyyəti, diplomatlarımızın çevik qərarları tarixi rol oynayıb. XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk, onun ən yaxın silahdaşlarından olan Kazım Qarabəkir Paşanın, Behbudağa Şahtaxtinskinin və başqalarının tarixi missiyasını ötən əsrin sonlarında Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev həyata keçirib. Ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan əhalisini ətrafında sıx birləşdirərək bu diyarı əzmlə qoruyub. Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası möhtəşəm inkişaf mərhələsini yaşamağa başlayıb.
Məruzəçilər əsaslandırıblar ki, XX əsrdə Naxçıvanın üzləşdiyi erməni təcavüzləri və işğal təhlükəsi artıq tarixdə qalıb. Azərbaycanın müstəqil dövlət kimi varlığı, ölkədə iqtidar-xalq birliyinin mövcudluğu, dəqiq hədəfləri əhatə edən inkişaf strategiyasının reallaşması və Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə və inkişafına zəmindir.
Mərasim çərçivəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərindən bəhs edən “Böyük insanların həyatı” adlı kitablar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsəri, Naxçıvanın tarixi, mədəniyyəti, müasir inkişaf göstəriciləri ilə bağlı nəşrlər sərgilənib və konfrans iştirakçılarına paylanıb.
Sonda məruzəçilərə səfirlik adından xatirə hədiyyələri təqdim olunub.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri, Ankara