Naxçıvan Biznes Mərkəzində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açaraq tədbirin mahiyyətindən danışıb.
Diskussiya formasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlara normal şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə müxtəlif istiqamətlərdə əlaqələri gücləndirmək üçün idxalın tənzimlənməsi, rüsumların bazar iqtisadiyyatına uyğunlaşdırılması və bəzi rüsumlarda güzəştlərin tətbiqi, məhsulların standartlara uyğunluğu, biznes planlarının hazırlanması, problemli kreditlər, onların obyektiv və subyektiv səbəbləri, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi və digər məsələlər üzrə təkliflər hazırlanacağını bildirib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək son illər muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, yaradılmış şərait hesabına bu gün daxili bazarda yerli istehsalın çəkisi getdikcə artmaqdadır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zaur Bağırovun, Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynovun, Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eyvazovun və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Səməd Qaralovun məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, 2012-ci ildə qüvvəyə minən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi yeni gömrük qaydalarının tətbiqini qaçılmaz edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” da məhz yeni Gömrük Məcəlləsinə müvafiq olaraq, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, komitə tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98-ci maddəsinə uyğun olaraq, idxal-ixrac əməliyyatları aparmış biznes subyektlərinin gömrük fəaliyyəti üzrə ümumi gömrük auditi həyata keçirilir. Aparılan audit yoxlamalar nəticəsində qanunvericiliyə əsasən, müvafiq müşayiət sənədləri olmadığından gömrük sərhədindən keçən malların vaxtında bəyan edilə bilməməsi, malların müvafiq xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı bəyan olunan yol-nəqliyyat xərclərinin real qiymətlərlə uzlaşmaması, müvəqqəti saxlanca qoyulan malların saxlanc müddətinin bitdiyi günə qədər rəsmiləşdirilməsinin təmin edilməməsi, saxlanc haqlarının ödənilməsinin gecikdirilməsi və bu kimi digər çatışmazlıqlar aşkar olunub. Həmin nöqsanların aradan qaldırılması üçün tələb olunan qaydada milli sertifikatlaşma sisteminə uyğun olaraq, sertifikatların vaxtında ödənilməsinin təmin edilməsinə və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə komitəyə ötürülməsinə, malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilmə şərtlərinə əməl olunmasına, gömrük ödənişlərinin həyata keçirilməsi zamanı elektron ödəmələrdən və POS-terminallardan istifadənin artırılmasına ciddi önəm verilməlidir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov çıxışında muxtar respublikada böyük inkişaf getdiyini, yeni istehsal müəssisələrinin yarandığını diqqətə çatdıraraq bu ilin 9 ayı ərzində banklar tərəfindən sahibkarlıq subyektlərinə 38 milyon manatdan çox kreditlər verildiyini, kreditlərin, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldildiyini, bunun nəticəsi olaraq, kənd təsərrüfatı, yerli sənaye və istehsal mallarının həcminin artdığını bildirib. Qeyd olunub ki, sahibkarlar xarici ölkələrdən aldıqları malların muxtar respublikaya gətirdiklərini təsdiq edən yük-gömrük bəyannamələrini banklara vaxtında təqdim etməli, nağdsız hesablaşmaların həcminin artırılmasına diqqəti artırmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə aidiyyəti qurumlar arasında hüquqi-normativ tələblərə, istehsal prosesi üçün müəyyən edilmiş texniki qaydalara əməl olunmasının vacibliyini qeyd edib. Bildirib ki, aparılan müşahidələr müxtəlif istehsal sahələrinin fəaliyyəti barədə razılıq doğursa da, bəzi sahibkarlıq subyektlərində nöqsanlar hələ də davam edir. Muxtar respublikada istehsal edilən və digər ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının keyfiyyət göstəriciləri tərəfimizdən nəzarətə götürülüb. İkinci mərhələdə digər sənaye məhsullarının istehsalı və idxalı prosesi üzrə uyğunluğun qiymətləndirilməsi işi həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov sahibkarlar tərəfindən Naxçıvana gətirilən məhsulların ekoloji cəhətdən təmiz olmasına ciddi diqqət yetirilməsinin vacibliyindən danışıb.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, naxçıvanlı sahibkarların gələcək fəaliyyətlərində daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib.
Muxtar MƏMMƏDOV