23 Dekabr 2024, Bazar ertəsi

Litvanın www.slaptai.lt internet nəşrinin rəhbəri, məşhur Litva jurnalisti Gintaras Visotskas IV Bakı Beynəlxalq Humanitar Forumunun fəal iştirakçılarından biri olub. Litvaya qayıtdıqdan sonra G.Visotskas öz internet portalında humanitar forum, Azərbaycanın paytaxtı, habelə Naxçıvana səfəri barədə təəssüratları ilə bağlı məqalə yerləşdirib. Həmin məqaləni təqdim edirik:

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaranan təəssüratı sözlə təsvir etmək çətindir. Burada həyat tam başqa cürdür. Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlıların Azərbaycanla birbaşa əlaqələri yoxdur. Onları hər tərəfdən nəhəng, keçilməz dağ silsilələri əhatə edir. Ancaq təkcə dağlar keçilməz maneə deyildir. Naxçıvan əhalisi düşmən Ermənistanın əhatəsindədir. Təqribən, 20 il bundan əvvəl Ermənistan rus hərbi silahlı qüvvələrinin dəstəyi ilə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal etmişdir. Bu torpaqlar azərbaycanlılara hələ də qaytarılma­mışdır. Ermənistan və Azərbaycan arasında tez-tez atəşkəs pozulur. Bütün sərhəd-keçid məntəqələrində qanlı erməni təxribatları olmuşdur. Ona görə də bu vəziyyət naxçıvanlıların həyat tərzinə təsir etməyə bilməz.

Lakin heç də belə düşünməyin ki, Naxçıvanda yaşayan azərbaycanlılar qorxu və yoxsulluq içərisində yaşayırlar. Sadəcə, onların həyat ritmi Azərbaycanın digər yerlərindən bir az fərqlidir. Onlar heç bir yerə tələsmirlər. Və qonaqlara da çox mehriban yanaşırlar. Qonaqları burada daha ürəkdən və daha səmimi qarşılayırlar. Elə bütün Azərbaycan haqlı olaraq qonağa hörmət, mehribanlıq və qonaqpərvərliklə fəxr edir.
Naxçıvanın digər fərqli cəhəti ölkənin indiki başçısı İlham Əliyevin atası, Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin burada doğulub boya-başa çatmasıdır. Buna görə də Naxçıvanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə hörmət əlaməti ilə seçilən çoxlu yerlər vardır. Naxçıvanda Heydər Əliyev Muzeyi və Heydər Əliyevin adını daşıyan, bütün mühüm konfrans və iclasların keçirildiyi müasir saray yaradılmışdır. Naxçıvan muzeylərində və xüsusən Tarix Muzeyində Heydər Əliyevin xatirəsini əks etdirən ekspozisiyalar vardır.
Naxçıvanlılar 1992-2014-cü illərdə ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olanların xatirəsinə dərin hörmətlə yanaşırlar. Bütün iri muzeylərdə həmin dövrlərdə həlak olmuş insanların, gənc­lərin portretlərindən ibarət olan ekspozisiyalar vardır. Bələdçilər həmişə bu ürəkağrıdan mövzuya xüsusi diqqətlə yanaşırlar. Bizi müşayiət edən azərbaycanlı diplomatlar isə həmişə təkrar edirdilər ki, onlar itirilmiş torpaqları nəyin bahasına olursa-olsun, geri qaytaracaqlar.
Qədim silahlar, əl işləri, rəsmlərlə zəngin olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi dərin təəssürat yaradır. Muzeyin bələdçiləri bu qalada nə qədər qəhrəman Azərbaycan döyüşçüsünün həyatını qurban verdiyi, neçə düşmən hücumlarına və mühasirəsinə sinə gərdiyi haqda ətraflı məlumat verdilər.
Naxçıvan ətrafında nadir müalicəxana vardır. O, yerin altında yerləşir. Onun tavanı nəhəng dağın daşlarıdır. Yarımqaranlıq müalicəxanada çarpayı cərgələri vardır. Burada, yerin altında nəfəs yollarından əziyyət çəkən xəstələr müalicə olunurlar. Müalicə üsulu duz və yod hissəcikləri ilə zəngin olan havadır. Bəzi xəstələr üçün Duzdağ Fizioterapiya Mərkəzində cəmisi bircə gecə keçirmək kifayətdir. Daha ağır dərəcəli xəstələrə müalicə kursunu bir neçə dəfə təkrarlamaq tövsiyə olunur.
Ordubad şəhərinin dağları da heç zaman unudulmayacaq təəssüratlar yaradır. Azərbaycanlılar onları müqəddəs adlandırırlar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR