23 Dekabr 2024, Bazar ertəsi

Peter Tase Amerika Birləşmiş Ştatlarında yaşayıb fəaliyyət göstərir. Müstəqil jurnalistdir. Paraqvay, Orta Şərq və Latın Amerikası məsələlərini tədqiq edir. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan və Naxçıvana səfər edən Peter Tase Amerika Birləşmiş Ştatlarına qayıtdıqdan sonra “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında məqalə ilə çıxış etmişdir. Həmin məqaləni təqdim edirik:

5 oktyabr 2014-cü il tarixdə mənim imkanım oldu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu Naxçıvan bölgəsinə və bölgədəki Ordubad rayonuna səfər edim. Ordubadın mərkəzinin çox gözəl mənzərəsi, gülərüz insanları və Azərbaycanın bu ərazisinə nadir hallarda səfər edən beynəlxalq qonaqlara isti münasibət var.
Ordubad şəhərində bazarın yaxınlığında haliyədə muzey kimi istifadə edilən və regionda 3 Qeysəriyyə binasından biri olan XVII əsrə aid tarixi abidə vardır. Digər iki tarixi abidə isə Səmərqənd və Təbrizdədir. 1990-cı ildən bəri bu bina Tarix-Diyarşünaslıq Muzeyi kimi istifadə edilir.
Ordubadın öz qədim tarixi, özünə xas olan milli və mənəvi dəyərləri vardır. Rayon Kiçik Qafqazın çox təsir bağışlayan və ərazidə ən yüksək zirvə sayılan Qapıcıq dağının ətəyində yerləşir. Ordubadın kiçik hissəsi dağətəyi ərazi, 5 faizi isə düzənlik ərazidir. Ordubadın həddindən artıq zəngin flora və faunası vardır. Yaşayış sahəsi, əsasən, dağətəyi ərazidə yerləşir və buranın gündəlik istifadə üçün təmiz su mənbələri var. Bu mənbələr suvarma üçün də istifadə edilir. Ordubad cənub tərəfdən İran, şimal tərəfdən Ermənistanla, qərbdən isə Naxçıvanın Culfa rayonu ilə həmsərhəddir.

Şəhərin sərhədləri, hələlik, tam təsdiqlənməyib və müəyyənləşdirilməyib. Hələ də güman edilir ki, bu ərazi dünyadakı ən qədim insan məskənlərindən və bəşəriyyətin formalaşdığı ən qədim yerlərdəndir. Ordubad şəhərinin adı ilk dəfə V əsr yazılı mənbələrdə xatırladılır. Ordubadda yerləşən Gəmiqaya dağında qədim dünyanın böyük panteonlarının olduğu güman edilir. Dağdakı petroqliflər və burada olan insan yaşayış məskənləri onu deməyə əsas verir ki, qədim insanların məskən saldığı, mədəni inkişaf etdikləri Ordubadın tarixi bizim eradan əvvəl VII-I əsrlərə aiddir.

Əhalinin məskən saldığı bu yerlər və nekropollar bizim əsrin I və II minilliyinə aid mədəni və tarixi tapıntılar ilə zəngindir. Belə abidələr Ordubadın Sabirkənd, Plovdağ və Xaraba Gilan adlandırılan qədim insan yaşayış məskənlərində mövcuddur. Bu tapıntılar bizə əsas verir deyək ki, Ordubadın tarixi 7 min il əvvələ aiddir.
XVIII əsrin əvvəllərində Ordubad Səfəvi imperiyasının bir hissəsi olmuşdur. 1724-cü ildə Ordubad Osmanlı imperiyasına birləşdirilmiş və sonra İran hökmdarı Nadir şah tərəfindən tutulmuşdur.
Minlərlə Ordubad sakini erməni terrorizminin qurbanı olmuş və XX əsrin əvvəllərində çoxlu təqiblərə məruz qalmışdır.
Ordubadın gözəl təbiəti, sirli dünyası və təbii gözəlliyi XIX-XX əsr səyahətçilərinin marağına səbəb olmuşdur. Rus alimi İ.Şopen, polşalı tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və digər görkəmli şəxslər bu gözəlliyi öz əsərlərində tərənnüm etmiş və Azərbaycanı tərk edərkən Ordubad barədə böyük təəssüratlar yazmışlar.
Ordubad təkcə özünün rəngarəng gözəlliyi ilə yox, həmçinin tanınmış şəxsləri, incəsənət adamları və dünya şöhrətli alimləri ilə xarakterizə edilir. Məşhur astronom alim, riyaziyyatçı və şair Nəsirəddin Tusi Məhəmməd Bin Həsənin davamçıları hələ də Ordubadda yaşayır.
Ordubad Yaxın Şərq və Şərqi Asiya ilə ticarət əlaqələri saxlayan mühüm ticarət marşrutlarının birləşdiyi yerdə yerləşir. Ərazi 40 üzüm növünün yetişdirilməsi ilə tanınmışdır. Ordubad ipəyi Venesiya, Marsel, Amsterdam va digər Avropa şəhərlərinə XVI əsrin ikinci yarısından başlayaraq ixrac edilmişdir. Ordubad ipəyi XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və yarmarkalarda 13 qızıl medala layiq görülmüşdür. Ordubad Şərq dünyasının canlı muzeyi hesab edilir, şəhər özünün tarix və ənənələrini qoruyur, nəsildən nəslə ötürür. Özünün memarlıq quruluşuna və tarixi abidələrinə görə Ordubad 1977-ci ildə bəşəriyyətin incisi və şəhər qoruğu elan edilmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR