“Fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunmasında gömrük orqanlarının rolu” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli baş verə biləcək fövqəladə hallar zamanı mümkün nəticələrin aradan qaldırılması işinə bütün dövlət orqanlarının hazır olmasının əsas tələblərdən biri olduğunu vurğulayıb. Səhət Həbibbəyli bu istiqamətdə gömrük orqanları üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edilib ki, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zərərçəkmiş əhali üçün göndərilən malların və nəqliyyat vasitələrinin və digər yardım yüklərinin gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə güzəştli və sadələşdirilmiş qaydada aparılması müəyyən olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Qasımov muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gömrük orqanları ilə qarşılıqlı fəaliyyətin təşkilindən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maddi-texniki təchizat və təsərrüfat bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zeynalabdin Quliyev isə gömrük orqanlarında mülki müdafiə işinin təşkili istiqamətində görülən işlərdən danışıblar.
Tədbirə yekun vuran Səhət Həbibbəyli fövqəladə halların aradan qaldırılması və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində praktik biliklərin aşılanmasında konfransın əhəmiyyətini vurğulayıb və yaradılmış birgə komissiyanın uğurlu fəaliyyəti üçün lazımi tədbirlərin görüləcəyini deyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti