Oktyabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2014-cü ilin doqquz ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Gündəlikdə duran məsələ ilə əlaqədar təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, təşkilatın növbəti şura iclası dövlət müstəqilliyinin 23-cü ildönümünün qeyd edildiyi dövrə təsadüf edir. 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olması təhlükəsi aradan qaldırılmış, ümummilli liderimizin rəhbərliyi altında on il ərzində müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, ardıcıl işlər görülmüşdür. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır.
Əmir Babayev YAP Şərur Rayon Təşkilatının ötən doqquz ayda əlamətdar və tarixi günlərlə bağlı, həmçinin “Muxtariyyət ili” çərçivəsində bir sıra tədbirlər keçirdiyini diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, YAP Şərur Rayon Təşkilatının tərkibində 163 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bunların 63-ü kənd ərazi, 64-ü məktəb və 36-sı idarə, müəssisə ilk təşkilatlarıdır. Təşkilatın uçotunda 10 min 576 nəfər partiya üzvü vardır ki, bunların 2 min 917 nəfərini, yəni 27,6 faizini qadınlar, 3 min 661 nəfərini, yəni 34,6 faizini gənclər təşkil edir. İlin 9 ayı ərzində Şərur rayonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunanların sayı 103 nəfər olmuşdur. Bunun 48 nəfəri qadın, 89 nəfəri gəncdir.
Əmir Babayev qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, əsas vəzifəmiz əhali arasında ideya-siyasi işi gücləndirmək, partiya üzvlərinə təmsil etdiyi təşkilatın işində fəal olmağı aşılamaqdan ibarət olmalıdır. Hər bir partiya üzvü YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, rayonda gedən tikinti-quruculuq, abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində səyini əsirgəməməlidir. Xüsusilə bu il dekabr ayının 23-nə təyin olunmuş bələdiyyə seçkilərində təhsilli, bacarıqlı, ictimaiyyət arasında nüfuzu olan nümunəvi gənclərin namizədliyinin irəli sürülməsi və bu mühüm kampaniyada üstünlük qazanması üçün yerlərdə ideya-siyasi iş gücləndirilməlidir.
Yığıncaqda YAP fəalları Elmira Rzayeva, Ofeliya İbrahimova və Ədalət Əhmədov çıxış etmişlər. Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
Xəbərlər şöbəsi