23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan şəhəri bu gün Avropanın gözəl şəhərlərindən daha cazibədardır. Şəhər planlı şəkildə yenidən qurulub, yeni və müasirtipli yollar, möhtəşəm parklar salınıb. Hər tərəf abadlaşıb, yaşıllaşdırma işləri isə yüksək səviyyədə aparılıb. Muxtar respublikada, demək olar ki, gördüyüm bütün tarixi abidələr isə müasir texnologiyanın son nailiyyətlərindən istifadə olunmaqla yüksək səviyyədə bərpa edilib, əvvəlki görkəminə qayıdıb”.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı sırasında Naxçıvanda olan Rusiya Federasiyasının Kazan Federal Universitetinin professoru Albert Burxanov AzərTAc-a müsahibəsində deyib.
A.Burxanov onu da qeyd edib ki, Naxçıvanda tarixi-mədəni abidələrin bərpasına, milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət, verilən əhəmiyyət heyranedicidir.

“Bir çoxları kimi məni də 23 il blokadada yaşayan Naxçıvanın bu şəkildə sürətlə inkişaf etməsi təəccübləndirir. Bu, Azərbaycan Respublikasının qazandığı çox böyük uğurlardan biridir. Əsl möcüzədir”, – deyən professor əlavə etdi ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, müasir dövrün tələbləri ilə səsləşən islahatlar daha böyük nailiyyətlər qazanılmasına səbəb olacaqdır.
Naxçıvanın elmin inkişafında da uğurlar qazandığını bildirən A.Burxanov onu da qeyd etdi ki, bu baxımdan Naxçıvan Dövlət Universiteti ilə tanışlıq onda çox böyük təəssürat yaratdı. Universitetin 11 fakültəsində 47 ixtisas üzrə 5 min nəfərədək tələbənin təhsil alması, Rusiya, ABŞ, İngiltərə, Çin, Fransa, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrin universitetləri ilə geniş əlaqələrə malik olması təhsil ocağının regional elm mərkəzinə çevrildiyindən xəbər verir.

Professor deyib: “Naxçıvanın turizm potensialı çox yüksəkdir. Burada yaradılan şərait, eyni zamanda Duzdağ Fizioterapiya Mərkəzi kimi şəfalı məkanların olması turizmə geniş imkanlar açır. Fizioterapiya Mərkəzində olarkən öyrəndim ki, burada duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər orqanizmə şəfaverici təsir göstərir. Mərkəzdə, əsasən, allergik xəstəliklərdən, xüsusilə də bronxial-astmadan əziyyət çəkənlər müalicə olunurlar. Təkcə bu amil muxtar respublikada səhiyyə turizminin inkişaf etdirilməsi üçün kifayət edir”.

Rauf Əliyev, AzərTAc
Naxçıvan, 20 oktyabr

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR