Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində energetiklərin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan agentliyin Baş direktoru Yasin Səfərov muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışmışdır.
Bildirilmişdir ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, bu ilin aprel ayında isə ümumi gücü 20,5 meqavat olan “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir.
Agentliyin Baş direktorunun sözlərinə görə, ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.
Qeyd olunmuşdur ki, 2008-2014-cü illər ərzində muxtar respublikada elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bütün kateqoriyalardan olan tələbatçıların istifadə etdikləri elektrik enerjisinin dəyərinin rəqəmsal elektron sayğaclarının göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Bu tədbirlər hesabına elektrik enerjisi sərfi azalmış, istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsinin yaxşılaşdırılması təmin edilmişdir. 2006-cı ildə elektrik enerjisinin ötürülməsi və paylaşdırılmasında texnoloji itkilər nəzərə alınmaqla tələbatçılara verilmiş elektrik enerjisinin dəyərinin cəmi 48,3 faizi, 2007-ci ildə 68,6 faizi, 2008-ci ildə 97,7 faizi ödənilmişdir. 2009-2013-cü illərdə və 2014-cü ilin ötən dövründə isə 100 faiz ödəmə təmin edilmişdir. Həmçinin texniki itkilərin azaldılması da diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ildə texniki itki 12,7 faiz, 2011-ci ildə 11,3 faiz, 2012-ci ildə 10 faiz, 2013-cü ildə 8,6 faiz təşkil etmiş, 2014-cü ilin ilk 9 ayı ərzində isə bu göstəricini 7 faizə qədər endirmək mümkün olmuşdur. Bu, ölkə üzrə ən yaxşı göstərici hesab edilir.
“Energetiklərin əməyi də yüksək qiymətləndirilmişdir”, – deyən Yasin Səfərov vurğulamışdır ki, son illər 1 nəfərə “Azərbaycan Respublikasının əməkdar mühəndisi”, 4 nəfərə “Naxçıvan Muxtar Respublikasının əməkdar mühəndisi” fəxri adları verilmiş, 14 nəfər “Tərəqqi” medalı, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 8 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə daha 7 nəfər energetik “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. Agentliyin Baş direktoru “Rəşadətli əməyə görə” nişanlarını təltif olunanlara təqdim etmişdir.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə, onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Kərəm HƏSƏNOV