23 Dekabr 2024, Bazar ertəsi

Hər bir xalqın və millətin azadlıq uğrunda mücadiləsinin məntiqi nəticəsi, son ünvanı müstəqillikdir. Müstəqillik ən mühüm tarixi nailiyyətdir. Azərbaycanın dövlət müstəqilliyi uzun əsrlər boyu cərəyan etmiş ictimai-siyasi proseslərin nəticəsi olaraq, xalqımızın mübarizliyi və qətiyyəti sayəsində qazanılmışdır. Xalqımız daim öz müstəqilliyini və suverenliyini təmin etməyə çalışmış, tarixin müəyyən dövrlərində buna nail olaraq zəngin dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan nadir ölkələrdəndir ki, bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etməyi bacarmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Respublikasının yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, birinci növbədə, xalqımızın tarixin ən qədim qatlarından gələn dövlətçilik mədəniyyətinin davamı kimi diqqəti cəlb edir. Bu respublika cəmi 23 ay yaşasa da, milli dövlətçilik atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahəsində atılan addımlar müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə sosialist ideologiyası əsasında dövlət quruculuğu başlanmış, Azərbaycan SSRİ-nin tərkibinə daxil olmaqla öz müstəqilliyini itirmişdir. Həmin tarixdən 1991-ci ilədək sosialist sistemi şəraitində fəaliyyət göstərən bu respublika bütün əlamətlərinə görə milli və ya tam müstəqil dövlət qurumu kimi səciyyələndirilməsə də, ölkəmizdə sosial-iqtisadi həyatın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan müstəqilliyə hazırlanmışdır. Ulu öndər Heydər Əliyev Sovet Azərbaycanının bu tarixi missiyasından bəhs edərək demişdir: “Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətçiliyini tam itirməmişdir. Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır”.
Siyasi iradə olmadan milli azadlıq hissləri özlüyündə heç bir nəticə verə bilməz. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda müstəqil dövlət quruculuğuna başlanmışdır. Azərbaycançılıq ideologiyası əsasında xalqın milli-mənəvi potensialı səfərbərliyə alınmış, gələcək müstəqil dövlət üçün möhkəm iqtisadi baza yaradılmışdır. O dövrün Azərbaycanı cəmi 14 il ərzində əsl inkişafa qovuşmuşdur. Bu gün tam əminliklə demək olar ki, 1969-1982-ci illərdə görülən tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu. Bu gün müstəqil Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiyası o illərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş güclü xalq təsərrüfatı potensialına əsaslanır.
23 il bundan əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərək dövlət müstəqilliyini və suverenliyini bərpa etmişdir. Həmin gün siyasi tariximizə “Müstəqillik Günü” kimi daxil olmuşdur. 1991-ci il oktyabr ayının 19-da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına göndərdiyi teleqramda deyilirdi: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.
Ötən əsrin əvvəllərində – müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə dövlət müstəqilliyi nəinki möhkəmləndirilmiş, əksinə, Azərbaycan qısa müddətdə bu müstəqilliyi əldən vermək təhlükəsi ilə üz-üzə qalmışdı.
Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin; ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını həyata keçirmişdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoymuş, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdi.
Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, ali qanunverici və icra hakimiyyəti orqanlarının adları dəyişdirilmiş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradılmışdı. Muxtar respublika parlamentinin qərarları ilə Kommunist Partiyasının fəaliyyəti dayandırılmış, kolxoz və sovxozlar ləğv edilmiş, aqrar islahatlar keçirilmiş, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulmuşdu. O dövrdə Azərbaycana rəhbərlik edənlər Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina etmiş, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdi.
Ölkə Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
1993-cü ilin yayında Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Görkəm­li dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixi zərurət, xalq istəyinin ifadəsi idi. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı fəlakətdən qurtardı, insanlarda inam yaratdı. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yenitipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaratmış, xalqın istək və arzularını onun dövlətçilik ənənələri, milli maraq və mənafeləri üzərində kökləyə, bu qüdrətli və təbii qaynaqdan düzgün istifadə etməklə dilindən, dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycan ərazisində yaşayan bütün insanların həyati maraqlarını vahid məqsəd – dövlətçilik ideyası ətrafında birləşdirə bilmişdir.
“Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ümummilli liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək ulu öndərimizin ən böyük arzusu, onun məhsuldar siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir. O, bu yola Azərbaycanda siyasi fəaliyyətinin birinci dövründə, 1969-cu ildən başlamış və bu şərəfli missiyanı ölkəmizdə ali hakimiyyətinin ikinci dövründə uğurla başa çatdırmış, müstəqilliyi Azərbaycanın bugünkü və gələcək nəsillərinə ərməğan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürülsə, ümummilli liderimizin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Bu ruh, mənəvi qüvvə Azərbaycanı sonu görünməyən bəlalardan qurtarmış, xalqın siyasi iradəsini vahid ideya – Azərbaycançılıq ideologiyası uğrunda mübarizəyə yönəltmişdir”.
İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. 1993-cü ildən başlanan inkişaf və tərəqqi dövrü Heydər Əliyev siyasi xəttinin real iş və əmələ əsaslandığını bir daha təsdiq edir. Xalqımızın böyük oğlu Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmışdır. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi kurs müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında ötən 11 ildə həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir. Bu gün ölkə­mizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, bir milyondan artıq yeni iş yeri açılmış, büdcəmiz, iqtisadiyyat, sənaye istehsalı bir neçə dəfə artmış, yoxsulluq azalmış, nəticədə, maaşlar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmış, müstəqilliyin qarantı olan güclü ordu yaradılmışdır. Qazanılan bu cür siyasi və iqtisadi uğurlar xalqımızın həyatında özünü göstərmiş, onların doğma Vətənə bağlılıqlarını, birlik və həmrəyliyini daha da artırmışdır.
Bu gün öz dövlət müstəqilliyini möhkəmləndirən Azərbaycan sürətli inkişaf yolundadır. Sosialyönümlü siyasət yeridən ölkə Prezidenti ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini sübut etmişdir. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun Ümumi Daxili Məhsuldakı çəkisinin artırılması, regionların tarazlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atmışdır. Bunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın səsi nüfuzlu beynəlxalq kürsülərdən gəlir, balanslaşdırılmış xarici siyasət real bəhrəsini verir, ölkə Avropanın enerji təhlükəsizliyi sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz Azərbaycanı regionda əsas söz sahibinə çevirmişdir.
Azərbaycan 23 ildir, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Muxtariyyətinin son 19 ilini öz tarixinə tərəqqi və dinamik inkişaf dövrü kimi yazan qədim Naxçıvan dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə dəyərli töhfələr verməkdədir. Artıq ümummilli liderimiz tərəfindən müstəqilliyin əsaslarının işlənib hazırlandığı bu torpaq müstəqilliyin bəxş etdiyi inkişaf yolunda inamla irəliləyir.

Azərbaycan xalqı müstəqillik bayramını hər il böyük təntənə ilə qeyd edir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorusun. Çünki müstəqilliyimiz bizim ən dəyərli milli sərvətimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil yaşasın”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR