23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq bildirib ki, Azərbaycan xalqı 23 il bundan əvvəl yaranmış gərgin tarixi vəziyyətdə öz müqəddəratını həll edərək dövlət müstəqilliyini bərpa edib. Ancaq bu müstəqilliyi qoruyub-saxlamaq heç də asan olmayıb. 1993-cü ilin ikinci yarısınadək öz havadarlarına arxalanaraq torpaqlarımıza göz dikən erməni quldurlarının hərbi təcavüzü, ictimai-siyasi vəziyyət və iqtisadi problemlərin gündən-günə artması qazanılmış müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaratmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə yenidən siyasi hakimiyyətə qayıtması bu təhlükəni aradan qaldırdı. Bununla da ölkə­mizdə siyasi hərc-mərcliyə, anarxiyaya, erməni işğalına son qoyuldu. Cəbhədə atəşkəs elan olunaraq vahid komandanlıq altında milli ordu quruculuğuna start verildi. Tarix üçün çox qısa bir dövrdə Azərbaycan güclü dövlətə, Silahlı Qüvvələrimiz isə regionun ən qüdrətli ordusuna çevrildi. Artıq Azərbaycan Silahlı Qüvvələri elə bir gücə malikdir ki, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirib ki, bu gün ordumuza yüksək dövlət qayğısı göstərilir. Ordumuzun gündən-günə inkişaf etməsi, əsgərlərimizin yüksək döyüş hazırlığı hər birimizi sevindirir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda xalqla ordu arasında qırılmaz bağlar mövcuddur.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı solistlərinin çıxışı olub.

*   *   *

Naxçıvan Dövlət Texniki Kollecində Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kollecin direktor əvəzi Asəf Ruşanov məruzə ilə çıxış etmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan məruzəçi bildirmişdir ki, məhz ümummilli liderimizin titanik fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz xarakter almış, ölkəmiz bugünkü inkişafa, tərəqqiyə nail olmuşdur.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin irsi, ideyaları, siyasi kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirilir və müstəqil dövlətimizə böyük uğurlar gətirir. Bu gün qlobal uğurları ilə bütün dünyanı heyran qoyan Azərbaycanın inkişafı ona regionun lider dövləti statusu qazandırmışdır. Bütün bunlar isə müstəqilliyimizi daha da möhkəmləndirir. Hər birimiz xalqımızın tarixi nailiyyəti olan müstəqilliyi göz bəbəyi kimi qorumalı, istiqlal yolumuzun əbədiliyi naminə dövlətçiliyimizi, ölkədəki daxili sabitliyi daha da möhkəmləndirmək üçün mühüm səylər göstərməli, əsl vətəndaş fəallığı və təəssübkeşliyi nümayiş etdirməliyik.
Sonra məruzə ətrafında kollecin müəllimi Sürəyya Ələkbərli, tələbə Səkinə Haşımlı və başqaları çıxış etmişlər.
Tədbirin sonunda kollecin tələbələrinin ifasında kompozisiya nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR