23 Dekabr 2024, Bazar ertəsi

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ordubad Rayon Təşkilatı Müstəqillik Günü münasibətilə tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan YAP  Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev “Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş, beləliklə, Azərbaycanın müstəqilliyi elan edilmişdir. Dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlanmışdır. 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, tarixi qərarlar qəbul olunmuşdur. 

Məruzəçi bildirmişdir ki, üçrəngli bayrağımız ilk dəfə dahi rəhbərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin sessiyasında qaldırılmış, Sovetlər Birliyinin yaşadığı bir vaxtda Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılmış, onun bazasında ilk milli ordu yaradılmışdır. 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olmuşdur. 

Vurğulanmışdır ki, müstəqilliyin ilk illərində hakimiyyətdə olanların səriştəsizliyi ucbatından yenicə qazanılmış dövlət müstəqilliyimiz ciddi təhlükələrlə üz-üzə qalmışdı. Yalnız 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndərin ölkəyə rəhbərliyi öz öhdəsinə götürməsindən sonra müstəqilliyimizin itirilmək təhlükəsi aradan qaldırılmışdır. Ümummilli lider həmin dövrdə bir neçə dəfə dövlət çevrilişlərinə cəhdin qarşısını almış, cəbhədə atəşkəsə nail olmuşdur. Ölkədə ictimai-siyasi sabitlik yaradılmış və respublika müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Xalqımızın böyük oğlu bir vaxtlar müstəqil Azərbaycanın başı üzərində cəmi 23 ay dalğalanan üçrəngli bayrağımızın yenidən əbədi olaraq dalğalanmasını təmin etmişdir. Bu bayraq artıq 23 ildir ki, xalqın qürur mənbəyi kimi dalğalanır və əbədiyyətə qədər dalğalanacaqdır.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanılır. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz sahibi olmuşdur.
Təşkilat sədri müstəqilliyimizin təməlinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qoyulduğunu bildirmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın inkişaf mərhələləri, aparılmış məqsədyönlü islahatlar və qazanılmış nailiyyətlər barədə də tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Ötən əsrin 90-cı illərinin ortalarında Naxçıvanda inkişafın yeni mərhələsinin – bərpa və dinamik inkişaf dövrünün başlandığını diqqətə çatdıran Qürbət Rzayev bildirmişdir ki, həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmişdir. İqtisadiyyatın dinamik inkişafını şərtləndirən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Sonra Yeni Azərbaycan Partiyası fəallarından Elvin Məmmədov, Emin Mehbalıyev, Könül İsmayılova və başqaları çıxış edərək dövlət müstəqilliyinin bəhrələrindən danışmışlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR