23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında muxtar respublikanın yaranması, inkişaf yolu, Azərbaycanın ictimai-siyasi həyatında tutduğu yer və digər məsələlərlə əlaqədar hazırlanan monoqrafiyalar və kitabların nəşri xüsusi yer tutur. Bu baxımdan tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə, böyük tirajla, akademik İsmayıl Hacıyevin məsləhətçiliyi, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin redaktorluğu ilə çap etdirdiyi və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr etdiyi “Naxçıvan Muxtar Respublikası konstitusiyalarda” kitabı özünün məzmunu və sanbalı ilə diqqəti cəlb edir. Xüsusi olaraq qeyd etmək istərdim ki, kitabın müəllifi – gənclik yaşlarından tanıdığım, Naxçıvan Muxtar Respublikasının tarixinə dərindən bələd olan Elman Cəfərli muxtar respublika tarixinin, demək olar ki, toxunulmamış bir probleminə müraciət etmiş, zəngin arxiv, ədəbiyyat və internet materialları əsasında sanballı əsər ərsəyə gətirmişdir. 

 Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi əsaslarının Azərbaycan Konstitusiyasında və muxtar qurumun özünün müxtəlif vaxtlarda qəbul olunmuş əsas qanunlarında – konstitusiyalarında hansı şəkildə əks olunması ilk dəfə olaraq elmi dövriyyəyə məhz bu kitabda daxil edilmişdir. Qətiyyətlə demək olar ki, müəllif kitabı yazmaqda qarşıya qoyduğu məqsədə tamamilə nail olmuş, yüksək elmi səviyyəli bir əsər hazırlamışdır. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası haqqında fikirləri ilə başlanan kitabda əvvəlcə muxtariyyətə gedən yola nəzər salınmış, XIX yüz­illikdə ermənilərin bu ərazilərə köçürülməsi, Azərbaycana qarşı ərazi iddialarına başlamaları, bununla əlaqədar azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımlar haqqında müfəssəl məlumat verilərək oxucu diqqəti I Dünya müharibəsindən sonra Azərbaycanda, o cümlədən Naxçıvanda yaranmış gərgin vəziyyətə yönəldilmişdir. Yaranmış vəziyyəti dərindən təhlil edən müəllif haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yerli əhali Naxçıvana gələn türk ordusunun köməyi ilə erməni təcavüzünün qarşısını almış, Naxçıvanın Ermənistana birləşdirilməsinə yol verməmişdir. Həmçinin əhalinin inadlı mübarizəsi, bir sıra görkəmli şəxsiyyətlərin, xüsusilə Behbud ağa Şahtaxtinskinin apardığı məqsədyönlü işlər, 1921-ci ildə bağlanan Moskva və Qars müqavilələri Naxçıvanın muxtariyyət statusu məsələsini həll etmiş və 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır.
Dosent Elman Cəfərli əsərdə Naxçıvan Muxtar Respublikasında 1995-ci ilin dekabrından başlayaraq baş verən dəyişiklikləri, sosial-iqtisadi, elmi-mədəni inkişafı təhlil etməklə bərabər, keçilən yolun muxtar respublikada dünyəvi, demokratik, hüquqi muxtar dövlət quruculuğunun konstitusion əsaslarının yaradılması və hüquqi normaların tətbiqinin başlanması ilə əlamətdar olduğuna diqqət çəkmişdir. Müəllif bu məsələyə həsr olunmuş oçerkdə müstəqillik dövründə Naxçıvanda muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modelini Avropa təcrübəsi ilə müqayisə və təhlil edərək belə bir fikrə gəlmişdir ki, onlarla müqayisədə Naxçıvan öz siyasi idarəçilik sistemində daha geniş muxtariyyətə malikdir. Müəllifə görə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının muxtariyyətin idarə edilməsi üçün normal hüquqi əsaslar yaratmasının nüfuzlu Venesiya Komissiyası tərəfindən model kimi qiymətləndirilməsi, qitədəki digər muxtariyyətlərə nümunə kimi göstərilməsi, birmənalı olaraq, 1995-2014-cü illərdə Naxçıvanda yaranıb formalaşan və artıq beynəlxalq təcrübədə yayılan muxtar dövlətçilik ənənələrinin nəticəsidir. Həmçinin müəllif belə bir qənaətə gəlmişdir ki, son 19 ildə muxtar respublika rəhbəri tərəfindən yürüdülən uğurlu dövlət quruculuğu siyasəti Naxçıvan muxtar dövlətçiliyini beynəlxalq aləmə ən optimal model kimi təqdim edir.
Kitabın üstün və diqqəti cəlb edən cəhətlərindən biri də Naxçıvanın muxtariyyəti ilə əlaqədar qəbul olunmuş bir sıra hüquqi aktların mətninin və bu sahədə imzalanmış müqavilələrin Naxçıvanla bağlı hissələrinin çıxarış şəklində əsərə daxil edilməsidir. Elman Cəfərli həmin sənədlərdən 1924-cü il əsasnaməsinin, muxtariyyət dövründə – 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul olunmuş konstitusiyaların mətnini, həmçinin Azərbaycan SSR-in 1927, 1937, 1978-ci il və müstəqil Azərbaycan Respublikasının 1995-ci il konstitusiyalarında Naxçıvanın muxtariyyət statusu ilə bağlı maddə, fəsil və bölmələri, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsində həlledici rola malik Moskva və Qars müqavilələrinin Naxçıvanla bağlı maddələrini və əlavələrini çıxarış şəklində ilk dəfə olaraq bu kitabda cəmləşdirmişdir. Həmçinin əsərdə SSRİ konstitusiyalarında (1924, 1936, 1977) muxtar respublikaların fəaliyyəti ilə əlaqəli maddələrdə əks olunan hüquqi normaların ətraflı təhlili aparılmış və oxuculara təqdim olunmuşdur.
Naxçıvanın sovetləşməsindən sonra qəbul edilən dövlət rəmzlərinin, o cümlədən dövlət bayraqları haqqında məlumatların, onların fotoşəkillərinin kitaba daxil edilməsi də təqdirəlayiqdir. Kitabdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının indiyədək 9 bayrağı olmuşdur. Onlardan 8-i sovetlər birliyi dövründə qəbul edilmiş bayraqlar, doqquzuncu isə ümummilli lider Heydər Əliyevin təklifi ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağıdır. Kitabda Naxçıvan Muxtar Respublikasının dövlət rəmzlərindən olan Dövlət gerbləri haqqında da məlumat verilməklə yanaşı, Dövlət himninin mətni də özünə yer almışdır.
Əsərin ən dəyərli cəhətlərindən biri də Naxçıvan bölgəsi ilə bağlı 8 xəritənin, o cümlədən Araz-Türk Respublikasının (noyabr 1918-mart 1919), Şərur-Dərələyəz qəzasının (1918-1920), Naxçıvan qəzasının (1918-1920), Naxçıvan Sosialist Sovet Respublikasının (1920-1922), Naxçıvan Sovet Sosialist Respublikasının (1924-1929), Naxçıvan ölkəsinin (1924), Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (1930-1991) və Naxçıvan Muxtar Respublikasının (2009) xəritələrinin mətnə əlavə olunmasıdır. Kitabda verilən məlumatlardan da aydın olduğu kimi, muxtariyyət ərəfəsində Azərbaycana məxsus bir sıra torpaqlar Ermənistana verildiyi kimi, muxtariyyətdən sonra da bu proses davam etmiş, Zaqafqaziya Federasiyası MİK-in 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Xaçik, Horadiz, Oğbin, Sultanbəy, Ağxəç, Səs, Almalı, İtqıran və Kilid kənd torpaqlarının bir hissəsi (657 kvadratkilometr) Ermənistana verilmişdir. Kitaba daxil edilən xəritələr ermənilərə verilmiş bu torpaqlar haqqında oxucuda aydın təsəvvür yaradır.
Sonda Naxçıvan Muxtar Respublikasının 1937-ci il Konstitusiyasında özünə yer alan, ancaq anlaşılması çətinlik törədən 43 sözün müasir Azərbaycan dilində mənası və ya izahının verilməsi də kitabın məziyyətlərindən biri kimi qeyd olunmalıdır.
Düşünürük ki, müəllifin gərgin əməyinin məhsulu olan bu kitab geniş oxucu kütləsi, xüsusilə tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq, elmi ictimaiyyətin diqqətini cəlb edəcək və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan əsərlər sırasında layiqli yer tutacaqdır.

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR