Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin rəis müavini, polkovnik-leytenant Zahid Əliyev açıb. Sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan oğlunun müqəddəs vəzifəsidir. Bu Vətən uğrunda yüzlərlə qəhrəman oğul və qızlarımız canından keçib, şəhidlik zirvəsinə ucalıb. Müstəqilliyimizin daimi olmasının qarantı məhz güclü ordumuzdur. Buna görə də hər biriniz layiqincə xidmət etməli, Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olmalısınız.
1941-1945-ci illər müharibəsi veteranı Sultan İsmayılov çağırışçı gənclərə tövsiyələrini bildirib, Milli Ordumuzda xidmət keçməyin qürurlu bir hiss olduğunu vurğulayıb.
Övladını hərbi xidmətə yola salan valideyn Fəxrəddin İsmayılov bu günün qəlbində qürur hissi oyatdığını dilə gətirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Turqut Babayev Vətən torpaqlarının keşiyində sayıq dayanacaqlarına, komandirlərin əmr və göstərişlərinə vaxtında və layiqincə əməl edəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, hərbi hissələrdə xidmət üçün hərtərəfli şəraitin yaradıldığından bəhs edib və bütün çağırışçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, həmin gün Babək rayonunda da çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Xəbərlər şöbəsi