23 Dekabr 2024, Bazar ertəsi

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilmişdir. Konfransı kitabxananın direktoru Aytəkin Qəhrəmanova açaraq Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs etmişdir.
Kitabxananın şöbə müdiri Südabə Heydərova “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, tarixən azad olmaq, hürriyyətə qovuşmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə 70 illik müstəmləkə həyatı belə, bu xalqın azadlıq yanğısını söndürə bilməmişdir.
Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilmişdir.
Məruzəçi bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin əsası hələ ötən əsrin 70-ci illərində qoyulmuş, dahi rəhbər Heydər Əliyevin o zaman həyata keçirdiyi məqsədyönlü tədbirlər gələcək müstəqilliyimizin bünövrəsini təşkil etmişdir.

Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Onun rəhbərliyi ilə Naxçıvanda milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmışdır. Belə ki, üçrəngli bayrağımız ilk dəfə dahi rəhbərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin sessiyasında qaldırılmış, Sovetlər Birliyinin süqut etmədiyi bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır. Həmçinin sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılmış, onun bazasında ilk milli ordu yaradılmışdır. Göründüyü kimi, 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olmuşdur. Şübhəsiz ki, bu mübarizənin mərkəzində ulu öndər Heydər Əliyev dayanırdı. Onun bənzəri olmayan vətənpərvərliyi, siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olmuş, ölkəmiz, sözün həqiqi mənasında, tam müstəqilliyə qovuşmuşdur.
Bildirilmişdir ki, ötən əsrin əvvəllərində – müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə dövlət müstəqilliyi nəinki möhkəmləndirilmiş, əksinə, Azərbaycan qısa müddətdə bu müstəqilliyi əldən vermək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir təlatümlü dövrdə xalq öz xilaskarının – ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtmasını tələb etdi. Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ilə xalqımız müstəqilliyi sözdə deyil, əməli fəaliyyətdə, real inkişafda, sosial rifahda yaşamağa başladı. Bundan sonra müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi xarakter alması istiqamətində mühüm tədbirlərin reallaşdırılmasına başlanıldı.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün ölkə­mizin, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının intibahı məhz müstəqilliyimizin parlaq bəhrələridir.
Sonra məruzə ətrafında kitabxananın şöbə müdiri Tamella Əsgərovanın və kitabxanaçı Röya Mustafayevanın çıxışları olmuşdur.
Tədbirə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova yekun vurmuşdur.
Sonda “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” adlı film nümayiş etdirilmiş, kitabxanada təşkil edilmiş sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR