23 Dekabr 2024, Bazar ertəsi

Tarixin müxtəlif dövrlərində bəzən elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar tarixin gedişatına təsir göstərir, bir millətin taleyini dəyişdirir, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına nail olurlar. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti bütün dünya azərbaycanlıları üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, onu öyrənmək hər birimiz üçün vacibdir.
Bu fikirlər Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Azərbaycan XXI əsrin və üçüncü min­illiyin ayrıcında” mövzusuna həsr olunmuş növbəti açıq dərsdə səsləndirilib.
Məktəbin müəllimi Akif Məmmədov bildirib ki, elmi ədəbiyyatda qısaca olaraq “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adı ilə təqdim olunan həmin müraciət xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirilir. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.
Vurğulanıb ki, ulu öndərin həmin müraciətinə üz tutan istənilən oxucu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yolu bir daha nəzərdən keçirmiş olur, gələcək inkişafımızın istiqamətləri barədə məlumatlar əldə edir.

Ümummilli liderimiz Heydər Əliyev “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətində deyirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq”.
Açıq dərsdən sonra şagirdlər Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, bu günədək Heydər Əliyev Muzeyində ulu öndərimizin siyasi irsinin öyrənilməsinə həsr olunmuş 40-dan çox açıq dərs keçilib, 1753 şagird həmin dərslərdə iştirak edib. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün ancaq və ancaq bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazım idi. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcın­da” adlı irihəcmli müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. Ona görə də gənc nəslin Heydər Əliyev irsini dərindən öyrənməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanış olması onlara milli dövlətçilik, vətənpərvərlik hisslərinin aşılanması baxımından önəmlidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR