Ulu öndər Heydər Əliyеv: ...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ümummilli liderimiz Heydər Əliyev həyatının bütün mərhələlərində Azərbaycana xidmət etmiş, Vətənə xidmətin Heydər Əliyev nümunəsini yaratmışdır. Onun quruculuq yolunu zənginləşdirərək davam etdirən dövlət başçısı cənab İlham Əliyev isə Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırmışdır.
Prezident İlham Əliyev 11 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də seçicilərin böyük səs çoxluğu ilə dövlət başçısı seçildikdən sonra verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir. İlk baxışda möhtəşəm bir tarixi inkişaf mərhələsinin başlandığı günlə xalqın vətəndaş müharibəsi və dövlətçiliyin əldən getməsi ilə üz-üzə qaldığı günlər arasında müqayisə aparmaq o qədər də məntiqli görünmür. Ancaq milli mənafe baxımından 1993-cü ilin və 2003-cü ilin oktyabr aylarında keçirilmiş prezident seçkilərinin əhəmiyyətini eyniləşdirənlərin qənaətində bir məntiq var. 1993-cü ilin oktyabrında ulu öndərin Prezident seçilməsi 30 ildən artıq xalqına xidmət edən dahi şəxsiyyətin Azərbaycanı düşdüyü ağır bəlalardan çıxarmaq və onun inkişaf yolunu müəyyənləşdirmək iqtidarına malik yeganə lider olması zərurətindən irəli gəlirdi. 2003-cü ildə hörmətli İlham Əliyevin Prezident seçilməsi isə onun dahi şəxsiyyətin layiqli davamçısı olması və prezidentlik dövrünə qədər qazandığı böyük xalq etimadının nəticəsi idi. Buna görə də qətiyyətlə deyə bilərik ki, 2003-cü il oktyabrın 15-də xalq doğru seçim etdi və ölkəmizin uzunmüddətli inkişafının yeni təməli qoyuldu.
Cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini təmin etmişdir. Xalq onu şəriksiz lideri kimi görür. Azərbaycan xalqı cənab İlham Əliyevin diplomatik məharətinə, onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlara yaxşı bələd idi. Məhz cənab İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi.
Cənab İlham Əliyev həm ARDNŞ-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə mükəmməl idarəçilik təcrübəsi qazanmışdı. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilməsindən sonra isə siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, xarizmatik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın liderinə çevrilmiş cənab İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Xalq bu gözləntini reallaşdırdı. Ulu öndər Heydər Əliyevin söylədiyi bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev isə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Əhalinin sosial rifahı diqqət mərkəzində saxlanılmış, minimum əməkhaqqı və pensiyalar artırılmış, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.
Siyasi ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası 2003-cü ildən qoyulmuş, iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilmişdir. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkədə əlverişli investisiya mühiti və yeni iş yerləri yaratmaq üçün digər sahələrlə yanaşı, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək, sahibkarlıq strukturlarının dövlət köməyi vasitəsilə daha da təkmilləşdirilməsi prioritet vəzifələrdən idi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasirtipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratmışdır.
Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. Bu gün Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidentinin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-cü ildən bəri 1 milyon 300 min yeni iş yeri yaradılmışdır. Bu da işsizliyin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur.
Bu illər ərzində Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının əfsanədən reallığa çevrilməsidir. Dövlət başçısı həmin layihələrin reallaşması üçün bütün zəruri addımları atdı. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir. Bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq üçün xərclərin 80 faizini öz üzərinə götürüb. Bu, ölkəmizin iqtisadi qüdrətini göstərən ən önəmli faktlardan biridir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət ölkəmizin böyük uğurlar qazanmasına xidmət edir. Məqsəd və vəzifələri daim təkmilləşdirilən, elmi əsaslara söykənən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirməyə və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirməyə imkan verir. Ötən illər ərzində Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun xeyli artdığını göstərən əsas məqamlardan biri respublikamızın 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Azərbaycan 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində, bilavasitə, iştirak etmişdir. Bu iki il ərzində Azərbaycan iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevin düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu Ermənistanı dünyada işğalçı dövlət kimi tanıtmışdır. Bu gün BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər. Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, Amerika Birləşmiş Ştatlarının 15 ştatında, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmişdir.
Azərbaycan Prezidenti verdiyi bütün vədləri reallaşdırmışdır. Məhz onun yürütdüyü siyasət nəticəsində dünyada və Avropada iqtisadi maliyyə böhranı davam etdiyi halda Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunmuş və bu ilin doqquz ayında Ümumi Daxili Məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyətlə müqayisədə bu, çox müsbət göstəricidir. Onu da qeyd edək ki, 2003-cü ildən bu günədək dövlət büdcəmiz 20 dəfədən çox artaraq 20 milyard manatı keçmişdir. Valyuta ehtiyatlarımız bu ilin əvvəlindən 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatmışdır. Bu gün Azərbaycanda adambaşına düşən valyuta ehtiyatları dünya miqyasında ən yüksək səviyyədədir. Digər tərəfdən strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə Azərbaycan dünyada ilk onbeşlikdədir.
Dövlətin əsas sütunlarından birini təşkil edən ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Azərbaycanda mütəşəkkil, güclü və qüdrətli milli ordunun əsasını qoyan ümummilli liderimizin ideyalarını davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu prioritet sahə kimi müəyyənləşdirmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi birləşmələrin maddi-texniki bazası daha da gücləndirilmiş, ən müasir texnikalar alınmış, milli müdafiə sənayesi formalaşdırılmışdır. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması məqsədilə peşəkar zabit korpusunun formalaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin inkişafına yönəlmiş tədbirlər bu istiqamətdə atılan mühüm addım olmuş, kursant və zabit heyətinin hərbi sirlərə dərindən yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrini Cənubi Qafqazda ən güclü orduya çevirmişdir.
Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf xətti Naxçıvan Muxtar Respublikasının timsalında əyani şəkildə özünü göstərməkdədir. Heydər Əliyev quruculuq xəttinin muxtar respublikada uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan bu gün öz inkişafının yeni mərhələsini yaşayır.
Dövlət başçısı 2004-cü ildən bəri 11 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, elm, təhsil və mədəniyyət, idman, səhiyyə, sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 70-dən çox obyektin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamlar imzalamış, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası fəaliyyət göstərir.
Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir. Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını muxtar respublika iqtisadiyyatının əsas sahələrindən birinə çevirmişdir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması torpağa bağlılığı daha da artırmışdır. Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, Ümumi Daxili Məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 mindən çox yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir. Bir sözlə, son 11 ildə blokada çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
“Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir”, – deyən Azərbaycan Prezidenti qarşıdakı illərdə ölkəmizin daha sürətli inkişafına nail olacağını, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəyini də qətiyyətlə bəyan etmişdir: “Növbəti illərdə biz bütün istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən Prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm”.
Görkəmli dövlət xadimi cənab İlham Əliyev Azərbaycanı daha da xoşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir. Xalqımız Azərbaycanı xoşbəxt gələcəyə aparan Liderini həmişə dəstəkləyəcəkdir.
“Şərq qapısı”