Naxçıvana ilk dəfə idi gedirdim. Uzun illər blokada şəraitində yaşayan, həm fərqli təbiəti, həm özünəməxsus ictimai ab-havasıyla maraq doğuran bölgəmizə dəfələrlə səfər etmək istəsəm də, müxtəlif səbəblərdən niyyətimi gerçəkləşdirə bilməmişdim. Görünür, qədim tarixi, sirli əfsanələriylə Cənubi Qafqazın Mesapotamiyası adlandırılan bu diyara ilk yolçuluğum film çəkilişlərində iştirak üçün olmalıymış.
Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunan sənədli film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyası tərəfindən lentə alınırdı. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə sevimli sənətkarımız, Əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Ayaz müəllim ənənədən kənara çıxaraq filmdə daha çox Naxçıvanın daşını, torpağını, tarixi abidələrini deyil, insanlarını, onların xarakterini, yaşam tərzini göstərməyi və müxtəlif təbəqələrdən olan insanların tale yolundan keçərək onların diliylə Naxçıvanın tarixini, adət-ənənələrini, bugünkü ictimai həyatını, mədəniyyətini, təhsilini, iqtisadiyyatını göstərmək istəyirdi. Bu insanlarla söhbət etmək, onların bir-birindən maraqlı həyat hekayəsinə, necə deyərlər, güzgü tutmaq da mənim payıma düşmüşdü. Beləliklə, rejissor Ayaz Salayevin, quruluşçu operator, Əməkdar incəsənət xadimi Rövşən Quliyevin, icraçı prodüser Azad Axundovun, səs rejissoru İlqar Kazımovun, işıq ustası Ramin İsmayılovun, operator Rafis Fərzəliyev və texnik Sərxan Fərzəliyevin və mənim daxil olduğum 8 nəfərlik yaradıcı qrup Heydər Əliyev adına Hava Limanından Naxçıvana yola düşdük.
Naxçıvan şəhərində diqqətimizi ilk cəlb edən hədsiz təmizlik və ictimai asayişə yüksək səviyyədə riayət olunması oldu. Hava limanında cərgə ilə düzülən taksilərin sürücüləri səliqəli və vahid geyimdə idilər. Hər kəs digərinə mane olmadan, səssizcə öz növbəsini gözləyirdi. Bizim üçün ayrılmış mikroavtobusla yerləşəcəyimiz otelə gedərkən də yol boyu eyni mənzərənin şahidi olduq. Naxçıvanın quru-kontinental iqliminə rəğmən, tərtəmiz küçələr yaşıllıq və gül-çiçəklə dolu idi. Xüsusən də rəngbərəng qızılgüllər göz oxşayırdı. Sonrakı günlər rayonlara çəkilişlərə gedərkən bu mənzərəni tez-tez görürdük. Belə təəssürat yaranırdı ki, Naxçıvanda qızılgülü çox sevirlər.
Şəhərdə ictimai nəqliyyatdan daha çox taksilər gözə dəyir. Bu da, yəqin ki, şəhər daxilində qət edilən məsafədən asılı olmayaraq, gediş haqqının cəmi 2 manatlıq standartı ilə əlaqədardır. Taksilər Naxçıvan Avtomobil Zavodunun istehsalı olan sarı “NAZ-Lifan”lardır. Yeri gəlmişkən, bu zavod 2010-cu ildən fəaliyyət göstərir. Çinin nəhəng avtomobil korporasiyalarından biri ilə müştərək işləyir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobilinin istehsalına imkan verir.
Şəhərin küçələri kimi, insanları da sanki aşırı dərəcədə səliqəlidirlər. Bunu onların hər davranışından sezmək mümkündür. Müşahidələrimə görə deyə bilərəm ki, Naxçıvanın insanları qonaqpərvər, istiqanlı olmaqla yanaşı, həm də xüsusi bir kübarlığa, alicənablığa malikdirlər.
Bunu ilk olaraq hava limanında bizi qarşılayan Naxçıvan televiziyasının əməkdaşı Akif Seyidin və sürücümüz Rüstəmin simasında gördük. Akif ilk görüşdüyümüz andan komandamızın üzvünə çevrildi və filmin çəkilişlərində böyük əməyi oldu. Rüstəm isə öz maraqlı söhbətləri, orta təhsilli olmasına baxmayaraq, geniş dünyagörüşü, mühakimə qabiliyyəti, incə yumoru ilə sevimlimizə çevrildi.
Ümumən, Naxçıvanda insanların dünyagörüşü çox yüksəkdir. Bu da, çox güman, təhsilin səviyyəsindən irəli gəlir. Orada olduğumuz müddətdə əhalinin müxtəlif təbəqələri ilə ünsiyyətdə olduq. Aralarında çoban da, fəhlə də, taksi sürücüsü də, adi kəndli də, ziyalı da var idi. Bu insanların hər biri ilə söhbət etmək o qədər maraqlı idi ki, Naxçıvan haqda filmə baxarkən bir daha bunun şahidi olacaqsınız.
Çəkilişlərimiz Naxçıvanın bütün sahələrini əhatə etdiyindən, demək olar ki, bütün bölgələrdə olduq. Bəzi yerlərdə isti kələyimizi kəssə də, soyuqdan donduğumuz anlar da oldu. Məsələn, gözəl təbiəti ilə məşhur olan Şahbuzun yaylaları, dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən, üzən adaları ilə gözoxşayan Batabat gölü ərazisi yayın cırhacırında belə, üşütməyi bacarır. Azərbaycandakı iki rəsədxanadan biri – Batabat Astrofizika Rəsədxanası burada yerləşir. Hansısa toplumun rəsədxanaya sahib olmasının onun yüksək inkişafından xəbər verdiyi hələ qədim deyimlərdən məlumdur.
Naxçıvanda bir neçə hərbi hissədə olduq. Hərbçilər üçün yaradılmış şərait olduqca xoş təsir bağışladı. Təmirli otaqlar, təmizlik, sağlamlıq və asudə vaxtın təşkili üçün görülmüş tədbirlər yaxın qohumu bu bölgədə hərbi xidmət keçən biri kimi məni çox sevindirdi. Hərbi hissələrdə Azərbaycanın digər yerlərindən olan əsgərlərə xüsusi qayğını və yalnız Naxçıvana məxsus, çox gözəl bir adəti isə filmə baxanda görəcəksiniz.
Ekran əsərində yalnız bunlardan deyil, Ermənistanla sərhəd olan ucqar Gərməçataq kəndinin sakinləri Tahar kişi ilə xanımı Kəklik xalanın sevgi hekayəsindən, güllə sədaları altında cəmi 9 şagirdə usanmadan bilik öyrədən müəllimlərin fədakarlığından, düşməndən zərrəcə qorxmadığını şən qəhqəhələriylə bildirən kənd uşaqlarından, əzizlərini 1918-ci il Yaycı soyqırımında itirmiş Həsən babanın ürəkdağlayan xatirələrindən, çoban Dilavərin təbiət aşiqliyindən, Qarabağ müharibəsinin od-alovundan keçib Naxçıvan Avtomobil Zavoduna gəlib çıxan həyat yolundan, Batabat Rəsədxanasında, obrazlı şəkildə desək, göylə əlləşən Qulu Həziyevin maraqlı söhbətlərindən, Kültəpədə fransalı arxeoloqlarla birgə yerin təkində tarix axtaran Vəli Baxşəliyevin tapıntılarından, fədakarlığı, cəsurluğu ilə qadın adını ucaldan Naxçıvanın yeganə qadın taksi sürücüsü Vəsilə xanımın qəribə taleli, həzin həyat hekayəsindən də xəbər tutacaqsınız.
Səfərimiz zamanı Naxçıvan Dövlət Televiziyasının da qonağı olduq. Televiziya rəhbərliyi və kollektiv tərəfindən mehribanlıqla qarşılanaraq hər səhər rəngarəng mövzuları, musiqi sovqatıyla tamaşaçıları salamlayan “Günaydın” proqramına qatıldıq. Müasir avadanlıqlarla təchiz olunmuş televiziya muxtar respublikanın ən böyük kütləvi informasiya vasitəsidir.
Naxçıvan barədə danışarkən onun mətbəxinə toxunmamaq mümkün deyil. Qədim diyarın mətbəxi onun mineral suları qədər zəngindir. Naxçıvanlıların qonaqpərvərliyi bizə bu ləziz mətbəxin dadına baxmaq imkanı yaratdı. Hətta çəkiliş qrupumuzda yeganə qadın olaraq mənə nəfis tərtib edilmiş “Naxçıvan mətbəxi” kitabı da hədiyyə edildi.
Və biz yenə yol gedirik. Ətrafımız hər biri bir əfsanə söyləyən boz, sıldırım qayalarla əhatə olunub. Qeyd etdiyim kimi, Naxçıvanın iqlimi quru-kontinental iqlim olduğundan burada yaşıl bitki örtüyü olan yerlər azdır. Əvəzində möhtəşəm dağlar, küləyin xüsusi formalara saldığı vahiməli, mistik, eyni zamanda cazibədar yüksəkliklər çoxdur. Akif sanki kərpicləri üst-üstə yığaraq insan əliylə yaradılmış kimi görüntü yaradan qayaları göstərib – “Bilirsiniz, nə əziyyətlə tikirik bu qayaları”, – deyir. Onun zarafatına gülürük. Onu da deyim ki, çəkiliş qrupumuzdakı insanların bir-biriylə xoş münasibəti Naxçıvan təəssüratlarımızı daha da zənginləşdirdi.
Səfərimizin son günü qədim əfsanənin sirli örpəyinə bürünmüş müqəddəs ziyarətgaha – Əshabi-Kəhfə baş çəkirik. Artıq çəkiliş üçün deyil, ürəyimizin istəyiylə gəlmişik bura. “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində bəhs edilən qədim məbəd pillələri qalxdıqca bizi mistik ab-havaya bürüyür. Sanki hər an zalım hökmdarın əlindən qaçıb bu qayalığa sığınmış müqəddəslərin ruhuyla qarşılaşacağıq kimi nəfəsimizi içimizə çəkib irəliləyirik. Gözətçi bizə məkan haqda məlumat verib deyir ki, əvvəllər zəvvarlar bura çox çətinliklə qalxırlarmış. Son illər Naxçıvan rəhbərliyinin tapşırığı ilə məkan xeyli abadlaşdırılıb, görülən işlər nəticəsində ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Muxtar respublikanın hər yerində olduğu kimi, burada da ideal təmizlik hökm sürürdü. Ziyarətgahın girəcəyindəki köşklərdə gələnlər pulsuz çaya qonaq edilirdilər. Onu da öyrəndik ki, buranı yalnız müsəlmanlar deyil, uzaq ölkələrdən gələn yəhudilər, xristianlar da ziyarət edirlər.
Naxçıvanı uğurlu çəkiliş prosesindən doğan sevinc və bir az da ayrılığın gətirdiyi həsrət qarışıq kədərlə tərk edirdik. 15 gün ərzində bu gözəl diyara, onun mehriban insanlarına xeyli öyrəşmişdik. Bizi yola salarkən sürücümüz Rüstəmin gözləri dolmuşdu, Akif isə, deyəsən, arada burnunu çəkirdi. Beləcə, filmimizin təqdimat mərasimində yenidən görüşmək ümidiylə qədim əfsanəyə görə, Nuh Peyğəmbərin bəşəriyyətin yenidən təşəkkül tapması üçün seçdiyi bu sirli torpaqdan ayrıldıq.
Aida AYSA,
“Xalq qəzeti”, 12 oktyabr 2014-cü il