“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açıb.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Heydər Heydərov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Məmməd Baxşəliyev ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi duyduğunu deyib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın ərazi bütövlüyünü qoruyan müasir və güclü ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illər orduya ayrılan xərclərin artırılması, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi bunu deməyə əsas verir. Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Silahlı Qüvvələrin Naxçıvanda yerləşən hissələrində də yüksək şəraitin yaradıldığını diqqətə çatdıran Səxavət Salmanov onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir.
Çağırışçılar adından çıxış edən Adəm Nəsirov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Muxtar MƏMMƏDOV