23 Dekabr 2024, Bazar ertəsi

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İn Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın tarixi-mədəni abidələri, mədəniyyət, təhsil, səhiyyə və istehsal müəssisələri ilə tanış olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edən səfir Heydər Əliyev Muzeyində olmuşdur.
Oktyabrın 12-də Naxçıvan Dövlət Universitetinə gələn səfirə universitet haqqında ətraflı məlumat verilmişdir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirmişdir ki, universitet çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, “Tempus” proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Avropanın müxtəlif ali məktəblərində öz ali təhsillərini davam etdirirlər. Koreya ilə elm, təhsil sahəsində əməkdaşlığın on ildən artıq tarixi olduğu vurğulanmış, Kimçonq və Busan Kyumqsunq universitetləri ilə geniş əlaqələr qurulduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetində Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri fəaliyyət göstərir. Universitetdə 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onların içərisində Koreyadan olan tələbələr çoxluq təşkil edirlər. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla həyata keçirilməsi bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İn elm, təhsil və müasir texnologiyalar sahəsində belə dayanıqlı tərəfdaşlığın ölkələrin, eləcə də xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğulamışdır. Koreyalı diplomat səfirliyin bu istiqamətdəki fəaliyyətindən, iki il öncə Naxçıvana ilk səfərindən sonra əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
Həmin gün Duzdağ Fizioterapiya Mərkəzində də olan diplomata buradakı müalicə prosesi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə üçün xeyli insan gəlir.
Dünən Çoi-Suk İn “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Açıq Səma Altında Muzeydə və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olmuş, Möminə xatın məqbərəsini ziyarət etmişdir. Səfirə məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə xatın məqbərəsi Naxçıvan mədəniyyətini və tarixini özündə əks etdirən mühüm tarixi abidələrdəndir.
Günün ikinci yarısında “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Biznes Mərkəzində olan səfir Çoi-Suk İnə muxtar respublikada istehsal edilən sənaye məhsulları haqqında məlumat verilmişdir.
Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İn gəzintidən sonra mətbuata açıqlamasında Naxçıvan haqqında təəssüratlarını bildirmişdir. Naxçıvanda ikinci dəfə olduğunu qeyd edən səfir demişdir: “Ötən müddətdə Naxçıvanın sürətli inkişaf yolu keçdiyini müşahidə etdim. Naxçıvanda ən yeni texnoloji üsullarla istehsal edilən məhsullar dünya bazarına ixrac ediləcək yüksəkkeyfiyyətli məhsullardır.­
Naxçıvandakı ali təhsil müəssisəsinin Koreyanın tanınmış universitetləri ilə əlaqələri həm buradakı, həm də Koreyadakı universitetlərdə təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açır. Qarşılıqlı təcrübə və tələbə mübadilələri bunun bariz nümunəsidir”.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR