23 Dekabr 2024, Bazar ertəsi

Bu il avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə aid qurumlarla yanaşı, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə də dəmir yolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilmiş, vaqonlara və lokomotivlərə texniki baxış keçirilməsi, yol təsərrüfatının saxlanması, material ehtiyatının yaradılması konkret vəzifə kimi müəyyənləşdirilmişdir.
Müşavirədən ötən dövr ərzində cəmiyyət tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə qərargah yaradılmış, ötən payız-qış mövsümündə görülən işlər təhlil edilmiş, aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəzərdən keçirilərək tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən, cəmiyyətin tabe idarə və strukturları tərəfindən aşağıdakı işlər görülmüşdür.

Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən işə qəbul edilmiş yeni işçilərə qatarların payız-qış mövsümündəki hərəkəti ilə əlaqədar texniki məşğələlər keçirilmiş, qış şəraitində qatarların idarəolunma xüsusiyyətləri ətraflı izah olunmuşdur. Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozunun hərəkət və dartı hissələrinə texniki baxış keçirilmişdir. Qış mövsümündə elektrovozların normal və fasiləsiz işini təmin etmək məqsədilə Bakı şəhərində yonularaq gətirilmiş 24 ədəd təkər cütündən 14-ü dəyişdirilmişdir. 10 təkər cütü isə hazırda ehtiyatda saxlanılır. Ümumiyyətlə, bu ilin ötən 9 ayında 142 müxtəliftipli vaqon cari təmir edilmişdir. Bundan başqa, lokomotivlərin və istilik sistemləri ilə təchiz olunmuş sərnişin vaqonlarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 16 ton sürtgü yağı tədarük edilmişdir. Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişlərini təmin etmək üçün 4 ədəd istilik sistemi ilə təchiz olunmuş sərnişin vaqonu mövsümə tam hazır vəziyyətə gətirilmişdir. İstismarda olan bütün elektrik qurğu və avadanlıqların da torpaqlayıcı müqavimətləri yoxlanılaraq texniki normaya uyğunlaşdırılmış, qış mövsümündə vaqonların normal qızdırılması üçün 51 ton daş kömür ehtiyatı yaradılmışdır. Əlavə olaraq, cari ilin oktyabr ayında 40 ton daş kömürün alınıb gətirilməsi nəzərdə tutulur.
Naxçıvan Yanacaq Təchizatı Məntəqəsində bütün istilik sistemləri və avadanlıqları yoxlanılaraq yararsız hissələr yenisi ilə əvəz olunmuşdur. Nasos qurğuları, texniki avadanlıqlar və elektrik xətlərindəki bütün çatışmazlıqlar aradan qaldırılmışdır. Üç ədəd müasir tələblərə cavab verən yanğın əleyhinə lövhə alınaraq quraşdırılmış və lazımi avadanlıqlarla komplektləşdirilmişdir. Anbarın ərazisindəki ildırım­ötürücülərin torpaqlayıcı müqavimətləri də yoxlanılaraq texniki normaya uyğunlaşdırılmış, əlavə xəbərdaredici işarələr qoyulmuşdur.
Dəmir yolu nəqliyyatında başlıca vəzifələrdən biri hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. İnfra­struktur İdarəsinin Ordubad və Naxçıvan yol sahələri bu məsələni diqqət mərkəzində saxlamış, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılmış, kəskin ehtiyac duyulan sahələrə 35 ədəd yarımyararlı ağac şpal, 492 ədəd təzə ağac şpal və 123 ədəd dəmir-beton şpal qoyularaq 50 metr yararsız rels yarımyararlı relslə əvəz edilmişdir. Bununla yanaşı, xidməti ərazidə yolun təmiri məqsədilə 232 dəst izomaterial istifadə edilərək 1926 mis rels birləşdiricisi qaynaq edilmiş və bütün qüsurlu rels birləşdiriciləri dəyişdirilmişdir. Qışda stansiya yollarının, yoldəyişdirici qurğuların və mənzillərin qardan təmizlənməsi məqsədilə əməliyyat planı hazırlanmış, yerli icra nümayəndələri və bələdiyyələrlə müqavilələr bağlanmışdır. Relslərdə olan qüsurların vaxtında aşkar edilməsi, yoldəyişdirici qurğuların və qaynaq calaqlarının yoxlanılması məqsədilə alınmış müasirtipli “Sprut” markalı defektoskop-yolölçən aparatı vasitəsilə xidməti ərazidə 1054 km baş yol, 163 km stansiya yolları, 340 dəst yoldəyişdirici qurğu və 48060 ədəd qaynaq calağı yoxlanılmışdır. Nehrəm-Qarabörk mənzilində dəmir-beton kanallar çöküntü, palçıq və dağ süxurlarından təmizlənmişdir.
Payız-qış mövsümündə rabitə, işarəvermə və enerji qurğularının ahəngdar və fasiləsiz işinin təmin edilməsi vacib şərtdir. Bu məqsədlə də xidməti ərazidəki və struktur bölmələrdə rabitə, elektrik xətlərinin, işıqlanmanın vəziyyəti yoxlanılaraq aşkar olunmuş nasazlıqlar aradan qaldırılmışdır. Stansiyalarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 246 ədəd müxtəliftipli rele, 25 ədəd radio-rabitə bloku, 125 metr magistral kabel dəyişdirilmişdir. Naxçıvan-Başbaşı mənzilindəki magistral kabelin izolyasiyasını texniki normaya uyğunlaşdırmaq məqsədilə 14 ədəd mufta yenisi ilə əvəz olunmuşdur. Ordubad-Vəlidağ sahəsində yararsız vəziyyətdə olan 323 ədəd müxtəliftipli izolyator, 2 ədəd 10 kv-luq ayırıcı, 130 metr 4x2,5 tipli kabel, 350 metr alçaqgərginlikli elektrikötürücü xətti dəyişdirilmiş, obyektlərdə 11 ədəd yeni elektron sayğac quraşdırılmışdır. Bütün dartı yarımstansiyaların rele-mühafizə sistemi Bakı Elektrolaboratoriyasının işçiləri ilə birgə yoxlanılmış, Culfa-Şərur sahəsində kontakt şəbəkəsi xəttində 21 korroziyaya məruz qalmış yük tənzimləyicisinin trosu dəyişdirilmişdir.
Culfa bərpa qatarındakı qaldırıcı kranlara, elektrostansiyalara və digər texnikalara baxış keçirilərək kranların trosları yağlanmış, qaldırıcı qurğu sınaqdan çıxarılmışdır. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən binaların dam örtüklərinə, qapı və pəncərələrinə baxış keçirilmiş, nasos stansiyalarının xətləri, qurğu və avadanlıqları yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmışdır. Təhlükəsizlik komandalarının gözətçi məntəqələrində təmir işləri aparılmış, post geyimləri və yataq əşyaları qaydaya salınmışdır. Yanğın qatarında və çən vaqonlarında təmir işləri aparılaraq yanğın texnikası qışa hazır vəziyyətə gətirilmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq etdiyi tədbirlər planına əsasən digər işlər də həyata keçirmişdir. Belə ki, Təhlükəsizlik İdarəsinin yanğın təhlükəsizliyi üzrə baş inspektorunun, enerji sahəsinin və aidiyyəti işçilərin iştirakı ilə bütün idarə, stansiya və strukturlarda standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarından istifadənin vəziyyəti yoxlanılmış, Culfa yanğın qatarında və çən vaqonlarında təmir işləri aparılaraq qışa tam hazır vəziyyətə gətirilmişdir. Dəmiryol təsərrüfatında çalışan işçilər xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təchiz olunmuşlar. Sahələrdə istifadə edilən və standartlara cavab verməyən bütün işçi alətləri yeniləşdirilmişdir. İstismar edilən 9 qazanxana və 6 fərdi qızdırıcıya texniki baxış keçirilərək tam saz vəziyyətə gətirilmişdir.
Cəmiyyət tərəfindən payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Həyata keçirilən bu tədbirlər qarşıdan gələn qış mövsümündə muxtar respublikada dəmir yolu nəqliyyatında sərnişin və yük daşınması zamanı hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR