23 Dekabr 2024, Bazar ertəsi

Bu il ölkəmizdə dəmir yolu nəqliyyatının yaradılmasının 134 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə “Dəmiryolçuların peşə bayramı günü” kimi qeyd edilir.

Dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə düşür. 1969-cu ildə respublikaya rəhbər seçilən ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da köklü dəyişikliklər və əsaslı inkişaf baş vermişdir. Əgər 1969-cu ilə qədər ölkə­də 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırılmışdır. Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometr olmaqla Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər istiqamətlərdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edilmişdir. Həmçinin Azərbaycan dəmir yollarının elektrikləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər görülmüş, ümumi dəmir yollarının 61 faizi elektrik enerjisi ilə təmin olunmuşdur.

Bütün dövrlərdə xalq təsərrüfatı yüklərinin və əhalinin daşımaya olan tələbatının vaxtında və bütünlüklə yerinə yetirilməsində Naxçıvan dəmir yolları müstəsna əhəmiyyət kəsb etmişdir. Muxtar respublika üzrə artan yük və sərnişindaşımasına olan tələbatı təmin etmək, etibarlı nəqliyyat xidməti formalaşdırmaq məqsədilə 1976-cı ildə ulu öndərimizin şəxsi təşəbbüsü ilə dəmir yollarının Naxçıvan hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüş, onun hərtərəfli fəaliyyəti təmin olunmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr, ermənilər tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi dəmir yollarına da ciddi ziyan vurmuşdur. İşğal nəticəsində 240 kilometrdən çox dəmir yolu xətti dağıntılara məruz qalmış, Mehri-Kərçivan istiqamətində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya salınmışdır. İşğal nəticəsində dəmir yolu infrastrukturu məhv edilsə də, ümummilli liderimizin gərgin əməyi sayəsində dəmir yolu nəqliyyatı öz fəaliyyətini dayan­dırmamış, muxtar respublikada daşımaya olan tələbatın ödənilməsinə nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan dəmir yolları yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son dövrlər muxtar respublikada bu sahədə görülən tədbirlərin həcmi daha da artmış, dəmir yolu sistemi Naxçıvanın dinamik inkişaf tempinə paralel olaraq daha da inkişaf etdirilmişdir. “Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkə­mizlə dəmir yolu əlaqəsi kəsilmişdir. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrast­rukturu qorunub saxlanılmış və inkişaf etdirilmişdir”, – deyən Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikanın dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”na uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Ötən dövr ərzində Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzalı binalarının, Naxçıvan, Dərəşam, Nehrəm, Vəlidağ, Qıvraq, Dəstə, Şahtaxtı, Culfa stansiyalarının idarəetmə mərkəzlərinin və digər inzibati və yardımçı binaların təmiri də məhz bu proqramın icrası nəticəsində həyata keçirilmişdir. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq, Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır.
Ötən dövr ərzində yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması da diqqət mərkəzində saxlanılmış, dəmir yolu nəqliyyatı sahəsində ixtisaslı kadrlara olan tələbatın ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşə kursları təşkil olunmuşdur. Naxçıvan Dövlət Texniki Kollecində “nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə yüksəkixtisaslı kadrların hazır­lanması məqsədilə zəruri maddi-texniki baza yaradılmışdır. Naxçıvan Dövlət Universitetində də “dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilmişdir.
Hazırda muxtar respublikada polad relslər üzərində hər gün Ordubad-Şərur və Vəlidağ-Culfa istiqamətində yük-sərnişin qatarları hərəkət edir. Yaradılan yüksək şərait, nümunəvi xidmətin təşkili bu nəqliyyat növündən istifadə edən sərnişinlərin ilbəil artmasına səbəb olmuşdur. Elə bu səbəbdəndir ki, cari ilin doqquz ayı ərzində muxtar respublika üzrə 96 min 594 sərnişin daşınmışdır.
Muxtar respublikada hər il dəmiryolçuların peşə bayramlarının qeyd olunması, onların əməyinə verilən qiymət bu sahənin inkişafına göstərilən diqqətin tərkib hissəsidir. Ötən illər ərzində muxtar respublika dəmiryolçularından 1 nəfəri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2-si “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 14 dəmiryolçu isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, maddi-texniki bazanın möhkəmləndirilməsi, aparılan quruculuq işləri sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaratmışdır. Bütün bunlar isə, ümumilikdə, muxtar respublikada nəqliyyat infrastrukturunun genişləndirilməsinin və əldə olunan yüksək iqtisadi inkişafın bəhrəsidir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR