1921-ci il oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi muxtar respublikanın siyasi və tarixi taleyində mühüm rol oynamışdır. Bu müqavilənin əhəmiyyəti bu gün – Naxçıvanda elan olunmuş “Muxtariyyət ili”ndə də aktualdır.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsi 1918-1920-ci illərdə, bütövlükdə, torpaqlarımıza və xalqımıza qarşı erməni təcavüzü ilə bağlıdır. Belə ki, məhz bu dövrdə tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, Göyçə mahalı və Zəngəzur hərbi güc, ermənilər tərəfindən törədilən deportasiya, yürüdülən soyqırımı siyasətinin nəticəsi olaraq işğal edilmişdir. 1918-1920-ci illərin soyqırımı nəticəsində azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildiyindən Zəngəzurun erməni işğalı altına düşməsinə ciddi müqavimət təşkil etmək mümkün olmamışdır. Beləliklə, hələ 1919-cu ildə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmişdir. Bu fakt Naxçıvana muxtariyyət statusunun verilməsi zərurətini ortaya çıxarmışdır.
Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə erməni silahlı qüvvələri Naxçıvanda qırğınlar törətmiş, lakin əhalini özlərinə tabe edə bilməmişdilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycanın rəyi nəzərə alınmadan onun ərazisi olan Zəngəzur Ermənistana verilmişdir.
1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradılmışdır. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etmişdir. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi.
Azərbaycan Hərbi İnqilab Komitəsinin bu bəyanatı Naxçıvan və Zəngəzurun müsəlman əhalisinin güclü narazılığına səbəb olmuşdur. Naxçıvan əhalisi diyarın Azərbaycandan qoparılmasına ciddi etiraz etmişdir. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılanmışdı. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərmişdir. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başlamışdır. Naxçıvan əhalisi ilə görüşlər zamanı Hərbi İnqilab Komitəsinin bəyanatına münasibət bildirən Behbud ağa Şahtaxtinski açıqca demişdi: “Azərbaycan sizi torpağınızla birlikdə Ermənistana satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq verməzdim... Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”. Keçirilən mitinqlərdə əhali yekdilliklə Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi.
Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında tab gətirə bilməyib diplomatik fənd işlətmiş, 1920-ci il 28 dekabr tarixli bəyanatında Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdığını, daşnakların ona qarşı ərazi iddialarından imtina etdiyini bildirmişdi.Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq, Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qalmışdı.
Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvana muxtariyyət statusunun verilməsi zərurətindən danışarkən demişdir: “Naxçıvanın muxtariyyəti tarixi zərurət idi. Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi... Naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu”.
Naxçıvanın əzəli Azərbaycan ərazisi kimi saxlanmasına çalışan görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığını çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Behbud ağa Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.
Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etmişdir. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun himayə hüququnu üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.
Moskva danışıqlarında Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskinin böyük əməyi və xidməti olmuşdur. Rusiya Moskva konfransında Azərbaycanın iştirakını təkid etsə də, Moskvada olan Behbud ağa Şahtaxtinski bunun əleyhinə olmuşdur. O, Moskvadan Azərbaycanın xarici işlər üzrə xalq komissarı M.D.Hüseynova göndərdiyi məktubda yazırdı: “...Şəxsən mən Azərbaycanın konfransda iştirak etməsinə mənfi münasibət bildirməyimi onunla izah etmişəm ki, mənim orada deyəcəyim elə bir şey yoxdur. Hər bir xırda məsələyə görə isə türklərin əleyhinə getməyimiz, ümumiyyətlə, bizə sərf etmir, çünki mənim onlara böyük təsirim var. Məni Anadoluda həyata keçiriləsi bir çox kombinasiyalar gözləyir və əgər mən konfransda Azərbaycana heç bir dəxli olmayan məsələlərdə türklərə qarşı çıxsam, bütün bu imkanlardan məhrum olaram”.
Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapmışdır. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrılıqda müqavilə imzalanmasının tərəfdarı idi. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etmişdir.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılmışdır. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü nümayəndə heyəti ilə təmsil olunsun. Buna görə də AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olunmuşdur. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan və S.Orconikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bilmişdir. Naxçıvan SSR Xalq Komissarları Soveti isə konfransda Naxçıvanın mənafeyini müdafiə etməsi üçün Tağı Səfiyevi Qarsa ezam etmişdi.
1921-ci il sentyabrın 26-da öz işinə başlayan Qars konfransı oktyabrın 13-dək davam etmişdir. Uzun müzakirələr və aparılan danışıqlar oktyabrın 13-də Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında beynəlxalq Qars müqaviləsinin imzalanması ilə nəticələnmişdir.
20 maddə və 3 əlavədən ibarət olan müqavilənin 5-ci maddəsi, bilavasitə, Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilmişdir: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və (nəhayət) keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində (qurtarır)”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq səviyyədə tam şəkildə həll etmişdir. Qars müqaviləsinin müddətsiz imzalanması muxtariyyətin qorunub saxlanması baxımından çox böyük əhəmiyyətə malikdir və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin 1921-ci il oktyabr ayının 13-də Türkiyənin Qars şəhərində imzaladıqları müqavilə beynəlxalq xarakter daşıyan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransının materiallarının təhlili göstərir ki, danışıqlar çox gərgin və prinsipial şəraitdə keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Azərbaycan nümayəndəsi Behbud ağa Şahtaxtinskinin diplomatik səyi nəticəsində tarixi Qars müqaviləsinin imzalanması mümkün olmuşdur.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvan ərazisinin işğalından əl çəkmirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qars müqaviləsinin imzalanması ilə muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, 1923-cü il iyunun 16-da siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR adlandırılmışdır. 1990-cı il noyabrın 17-də isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Sovet Sosialist” sözləri ləğv olunaraq Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
“Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”, – deyən ümummilli liderimiz Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılması üçün çox mühüm siyasi fəaliyyət göstərmişdir. Hələ 1991-ci il yanvar ayının 11-də ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının vacib bir məqamda yenidən aktuallaşdırılmasına və bununla da, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdır. Ümummilli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də Naxçıvanın muxtariyyət statusunu daim diqqət mərkəzində saxlamış, Konstitusiyamızın 134-cü maddəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunduğu bir dövrdə Qars müqaviləsinin imzalanmasında, qədim diyarımızın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, igid naxçıvanlılar minnətdarlıqla xatırlanır, Qars müqaviləsinin tarixi əhəmiyyəti bir daha diqqət mərkəzində saxlanılır. Bu müqavilə dünən olduğu kimi, bu gün də aktualdır, gələcəkdə də aktual olacaq. Naxçıvanın muxtariyyətinə verilən beynəlxalq təminat kimi mühüm rol oynayacaqdır.
“Şərq qapısı”