23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyеv: Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.


2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən yanğınsöndürənlər hər il oktyabrın 10-da peşə bayramlarını qeyd edirlər.
XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başladı. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.

Azərbaycan yanğınsöndürənləri sırasında muxtar respublikamızın yanğınsöndürənləri də öz fəaliyyətləri ilə seçilir, baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün müxtəlif tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayırlar. Son illər yanğın təhlükəsizliyi orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, ştat strukturunda dəyişikliklərin edilməsi və şəxsi heyətin rifahının yüksəldilməsi muxtar respublika yanğınsöndürənlərinin fəaliyyətinin hərtərəfli təşkilinə səbəb olmuşdur. 2002-ci ildə Sədərək rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış, yanğın hissəsinin fəaliyyəti üçün müasir tələblərə uyğun olan inzibati bina və yanğın avtomobillərinə qaraj tikilmiş, 2003-cü ildə Ordubad və Şahbuz rayon peşəkar yanğın hissələrinin şəxsi heyətinin sosial rifahının yüksəldilməsi üçün peşəkar yanğın hissələri hərbiləşdirilərək yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi yaradılmış, onun yerli orqanları xidmətdən şöbəyə çevrilmişdir.
Muxtar respublikamızda yanğın təhlükəsizliyi orqanlarının inkişafına göstərilən qayğı, sadəcə, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmır. Bu sahədə ixtisaslı və peşəkar kadrların hazırlanması da daim diqqət mərkəzində saxlanılır. 2006-2014-cü illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa diqqət və qayğısı nəticəsində 107 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara, Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Onlardan 55-i xidmət edən əməkdaş, 52-si isə ümumtəhsil orta məktəblərini bitirmiş mülki vətəndaş olmuşdur. Bu gün onlardan 86 nəfərinin təhsilini başa vuraraq xidmətini davam etdirməsi hesabına Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun şöbələri ixtisaslı kadrlarla komplektləşdirilmişdir.
Son illər şəxsi heyətin sosial rifahının yüksəldilməsi və maddi-texniki bazanın gücləndirilməsi məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsaslı təmir edilmiş, Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar və texniki bokslar tikilərək istifadəyə verilmişdir. Cari ildə isə Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasının və texniki boksunun tikintisinə başlanması üçün müvafiq tədbirlər görülür. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikasında dövlət yanğın təhlükəsizliyi xidmətinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun şöbələrinin lazımi avadanlıqlarla təchizatı istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, son illər Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun şöbələri 21 ədəd müasir yanğınsöndürmə avtomobili, 1 ədəd Fransa istehsalı olan “İVECO CAMİVA” markalı yanğın-nərdivan avtomobili, 5 ədəd əməliyyat minik avtomobili, tüstülü zonalarda insanları və yanğının mənbəyini müəyyən etmək üçün 1 ədəd xüsusi teplovizor aparatı, 16 min 600 litr köpük əmələ gətirən maye və digər texniki avadanlıqlar, eləcə də yanğınsöndürmə materialları ilə təmin olunmuşlar.
Muxtar respublikada yanğından mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə maarifləndirmə işinə də xüsusi diqqət yetirilir. Əməkdaşlar mənzillərdə yoxlamalar keçirir, əhali arasında yanğın təhlükəsizliyi barədə söhbətlər aparırlar. 2014-cü ilin ötən dövrü ərzində əməkdaşlar 1986 obyektdə əsaslı, 1915 obyektdə isə nəzəri yoxlamalar aparmış, vətəndaşlar “Şəxsi və dövlət yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları” barədə tövsiyə xarakterli yaddaş kitabçaları təqdim edilərək təlimatlandırılmışlar. Muxtar respublika ərazisində fəaliyyət göstərən mühüm əhəmiyyətli və yanğın-partlayış təhlükəli 10 obyektdə baş verə biləcək yanğınların cəld və çevik qarşısının alınması üçün könüllü yanğınsöndürmə komandaları yaradılmış və yanğınsöndürmə avtomobilləri ilə təmin edilmişdir.
Hər il dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi üçün Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən tədbirlər planı tərtib olunaraq icra edilir. Məhsul yığımında iştirak edən 135 kombayna yanğına qarşı texniki baxışlar keçirilərək həmin texnikalar odsöndürənlərlə təmin edilmişdir. Profilaktika işinin səmərəliliyini daha da artırmaq məqsədilə əkinçiliklə məşğul olan vətəndaşlara, kombaynçılara və sürücülərə “Ot-taxıl yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında” tövsiyələr təqdim edilmiş, dəyirmanların, taxıl və yem anbarlarının yanğın-texniki müayinəsi keçirilmişdir. Biçin dövrü ərzində sahələrdə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşları tərəfindən patrul xidməti təşkil olunmuş, aparılan işlərin nəticəsində taxıl yığımı kampaniyasında zəmilərdə yanğınlar qeydə alınmamışdır.
Dövlət yanğın nəzarətinin həyata keçirilməsi məqsədilə muxtar respublika ərazisindəki təhlükə potensiallı və yanğın-partlayış təhlükəli obyektlərdə yoxlamalar, müayinələr aparılmış, obyektlərin yanğın təhlükəsizliyi vəziyyəti diqqət mərkəzində saxlanılmışdır. Binalarda, qurğularda, nəqliyyat vasitələrində və digər obyektlərdə mövcud olan yanğınsöndürmə vasitələrinin və inventarlarının vəziyyəti yoxlanılaraq qeydiyyata alınmışdır. Elektrik enerjisindən istifadə zamanı israfçılığın qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə 458 ədəd yanğın cəhətdən qorxulu olan və əlavə çəkilmiş elektrik xətti, 456 ədəd şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz plitələrinin istismarı dayandırılmışdır. Yanğın təhlükəli yerlərə yığılmış 86 ot-saman tayasının yerləri dəyişdirilərək təhlükəsiz yerlərə köçürülmüşdür. Eləcə də yanğın təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif növ təbliğat materialları, yaddaş kitabçaları və videomateriallar hazırlanmışdır. Yanğın təhlükəsizliyi və yanğından mühafizə məsələləri ilə bağlı muxtar respublika üzrə idarə, müəssisə və təşkilatlarda yığıncaq, müşavirə və maarifləndirmə tədbirləri keçirilmişdir.
Peşə bayramlarını qeyd edən muxtar respublikanın yanğın təhlükəsizliyi xidmətinin şəxsi heyəti bundan sonra da yanğın təhlükəsizliyini etibarlı şəkildə təmin edəcək, nümunəvi xidmətləri ilə mənzilləri, istehsal müəssisələrini və digər obyektləri yanğından qoruyacaqdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR