Muxtar respublikada səfərdə olan IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları bu fikirdədirlər
Bu günlərdə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarından bir qrupu oktyabrın 4-ü və 5-i Naxçıvan Muxtar Respublikasında olub. Muxtar respublikanın müxtəlif tarixi məkanları, mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olan forum iştirakçıları “Şərq qapısı” qəzetinin əməkdaşları ilə təəssüratlarını bölüşüblər.
Avtandil Beridze – Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri:
– IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı kimi Naxçıvanda da olmağımdan sevinc duyuram. Forum çox uğurlu keçdi və belə möhtəşəm tədbirlər Azərbaycanın şöhrətini daha da artırır. Bu forum dünyanın müxtəlif regionlarından olan insanları bir araya topladı. Forum çərçivəsində Naxçıvanda olmaq isə mənim üçün ikiqat əlamətdardır. Bu, mənim Naxçıvana ikinci səfərimdir. Əvvəlki səfərim zamanı biz burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə etmişik. Xalqlarımızın dostluq əlaqələri çox genişdir və Naxçıvan-Acarıstan əlaqələri hələ keçən əsrin 70-ci illərindən başlayıb. Hesab edirəm ki, biz bu ənənələri daha da irəliyə aparmalıyıq. Bunun üçün yaxşı imkanlar vardır. Hazırkı mərhələdə iqtisadi və humanitar sahədə mühüm nailiyyətlərimiz, qarşılıqlı tələbə mübadiləmiz, turizm əlaqələrimiz vardır. Bu il çoxlu sayda naxçıvanlının Acarıstana dincəlməyə gəldiyini qeyd edə bilərəm. Sizin də gözəl müalicə-istirahət mərkəzləriniz vardır. Naxçıvana müalicə üçün gəlmiş acarıstanlı uşaqlar buradakı şəraiti çox bəyənirlər. Biz belə humanitar əlaqələri dəstəkləyirik. Düşünürəm ki, bütün bunlar, ümumilikdə, əlaqələrimizin inkişafına xidmət edən amillərdir.
Aureliya Qriqoriu – Moldovanın ombudsmanı:
– Öncə bütün naxçıvanlıları Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istərdim. Hər birinizə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram, həyatda hər şey ürəyinizcə olsun. Naxçıvan hər zaman bugünkü kimi çiçəklənsin, gözəl olsun, inkişaf etsin, yüksəlsin.
Naxçıvan gözəldir və bura gəlməyimə çox sevindim. Muxtar respublikanın möhtəşəm təbiəti, təmiz havası, saf suyu, gözəl insanları var. Mən bir daha insan amilinə diqqət çəkmək istəyirəm və deməliyəm ki, Naxçıvanın mehriban, səviyyəli insanları bu yurdun ən böyük sərvətidir. Tarix boyu bura dahilər yurdu olub, çox böyük şəxsiyyətlər yetişdirib. Təbii ki, həmin dahilərin, elm, siyasət xadimlərinin fövqündə Azərbaycan xalqının ümummilli lideri, ölkənizi bəlalardan xilas edərək qüdrətləndirən Heydər Əliyev dayanır.
Mənim həmişəki arzum idi ki, dahi şəxsiyyət Heydər Əliyevin doğulub boya-başa çatdığı bu gözəl yurda gəlim. Vaxtilə Onun gəzdiyi, yaşadığı yerləri görüm, insanlarına güc verən əzəmətli dağları, bərəkətli torpaqları seyr edim. Sevinirəm ki, bu, mənə qismət oldu. Gözəllikləri gördüm və başdan-başa abad, təmiz, çiçəklər içərisində, yaşıllıqlarla əhatə olunan, gözəlləşən Naxçıvanı gördüm və bu torpağa, bu torpağın mehriban, qonaqpərvər insanlarına heyran qaldım.
Mən bütün naxçıvanlılara, azərbaycanlılara xoş diləklərimi, arzularımı çatdırmaq istəyirəm. İnanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini tapacaq, Azərbaycanın zəbt edilmiş torpaqları işğaldan azad ediləcək, Azərbaycan torpağı olan Qarabağ yenidən ölkənizə qaytarılacaqdır və bütün bunların fonunda Naxçıvan Muxtar Respublikası da ağır blokada şəraitindən xilas olacaqdır.
Yeri gəlmişkən, 23 il blokadada yaşayan bir diyarın bu şəkildə sürətlə inkişaf etməsi şəxsən mənim üçün möcüzədir. Naxçıvan, naxçıvanlılar buna nail olublar. Gözəl infrastruktur yaradılıb, möhtəşəm, gözoxşayan binalar tikilibdir. Bütün bunlara baxdıqca insanların əzmkarlığına, Vətən sevgisinə heyran qalırsan. Deməli, dahi rəhbər Heydər Əliyevin yolu Onun vətənində çox uğurla davam etdirilir.
Yefim Pivovar –Rusiya Dövlət Humanitar Universitetinin rektoru, tarix elmləri doktoru:
– Mənim Naxçıvana ilk səfərimdir. Muxtar respublikaya gələnə qədər Azərbaycanın bu bölgəsi haqqında yalnız qiyabi təsəvvürüm var idi. Artıq iki gündür, buradayıq. Çox zəngin təəssüratla geri qayıdıram. Şəhərlə ilk tanışlıq oldu, Ordubada, Əshabi-Kəhf ziyarətgahına səfər etdik – bütün gözəllikləri ilə əsrarəngiz bir diyardır Naxçıvan. Naxçıvanda tarixiliyin və müasir inkişafın vəhdət təşkil etdiyi qənaətindəyəm. Naxçıvanın dövrümüzün böyük siyasətçisi Heydər Əliyevin ana vətəni olduğunu da bilirdim. Dünən Onun abidəsini və adını daşıdığı muzeyi ziyarət etdik. Möhtəşəm idi! Müasir Azərbaycan dövlətinin qurucusu kimi O böyük şəxsiyyətə sonsuz hörmətim var. Bugünkü çiçəklənən Azərbaycan, Naxçıvan Muxtar Respublikası məhz Onun əsəridir.
Piter Teys – ABŞ-ın Marquette Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti:
– Mən çox şadam ki, Naxçıvana gələrək bu gözəl, qədim tarixə malik yerlərlə tanış ola bildim. Naxçıvan həm də geostrateji baxımdan Azərbaycan üçün, ümumilikdə, region üçün əhəmiyyətli bir məkandır. Bu mənada belə əhəmiyyətli bir bölgəni görmək mənə sevinc bəxş etdi.
Naxçıvan Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyevin doğulub boya-başa çatdığı Vətəndir. Təkcə bu amil onun əhəmiyyətini xeyli artırır.
Təbii ki, məni muxtar respublikanın tarixiliyi, abadlığı ilə birlikdə, elmi potensialı, buradakı elm ocaqları da maraqlandırır. Naxçıvan Dövlət Universiteti ilə tanış olarkən gördüm ki, təhsil ocağı üçün modern binalar tikilib və təhsil çox yüksək səviyyədədir.
Ümumiyyətlə, təkcə universitet deyil, bütün Naxçıvan Muxtar Respublikasının ərazisində yüksək səviyyədə infrastruktur qurulduğunun şahidi oldum.
İnsanlarınız çox qonaqpərvər, istiqanlıdırlar. Yeməklərinizə isə söz ola bilməz; düşünürəm ki, bu qədər dadlı yeməkləri ancaq Naxçıvanda yemək mümkündür. Sizin kimi dostlarla tanış olmaq isə mənim üçün hər şeydən daha önəmlidir. Çünki siz naxçıvanlılar çox geniş dünyagörüşə və humanist, insanpərvər fikirlərə sahibsiniz. Ona görə də istərdim ki, Naxçıvana bir daha gəlim, bu gözəl yurdu yenidən başdan-başa gəzim.
Hüseyn Bağcı – Türkiyənin Ortadoğu Texniki Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri:
– Naxçıvana ilk dəfədir, gəlirəm. Doğrusu, muxtar respublikanın bu qədər inkişaf etdiyini bilmirdim. Əslində, dörd ildir ki, ardıcıl olaraq Azərbaycana gəlirəm. Ancaq Naxçıvana gəlmək istəsəm də, işlərin çoxluğu səbəbindən bu mümkün olmamışdı. Budəfəki səfərimdə Naxçıvana gəlməyim və muxtar respublikada nəhəng inkişafı görməyim məni çox sevindirdi. Sevinirəm ki, Azərbaycan müasir dünya düzəninə sürətlə inteqrasiya edir.
Naxçıvan elm və mədəniyyət baxımından da çox böyük inkişaf yolu keçib. Biz səfər müddətində bir daha bunun şahidi olduq. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Dövlət Filarmoniyasının orkestrinin solistlərinin iştirakı ilə keçirilən konsert proqramı muxtar respublikada mədəniyyətin, incəsənətin necə yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.
Ordubadda olduq, bu rayon başdan-başa gözəlliklər diyarıdır. Tarixi, təbiəti məni valeh etdi. Həm orada, həm də Naxçıvan şəhərində olan sadə insanlarla səmimi söhbətlərdən insanlarınızın qonaqpərvərliyini, yüksək mədəniyyətini görmək çətin deyil. Təbii ki, eyni dilə, eyni dinə, eyni dəyərlərə sahib olmağımız da mehriban münasibətlərimizə çox böyük təsir göstərir.
Mən indiyədək iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Azərbaycanın təcavüzə məruz qaldığını, Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadada saxlanıldığını daim yüksək səslə ifadə etmişəm və bunun çox böyük ədalətsizlik olduğunu dilə gətirmişəm. Bundan sonra da deyəcəyəm. Bunu da deyəcəyəm ki, Ermənistanın 23 ildir, blokadada saxladığı muxtar respublika çox sürətlə inkişaf edib, çiçəklənib. Qoy görsünlər ki, Naxçıvana qarşı atılan heç bir düşmən addımı onu inkişaf yolundan döndərə bilməyib.
Tınçtıkbek Karımşakov – Qırğız Respublikasının“KABAR” Milli İnformasiya Agentliyinin direktor müavini :
– İndiyədək Azərbaycanda üç dəfə olmuşam, ancaq Naxçıvana ilk səfərimdir. Təəssüratlarım çox böyükdür. Naxçıvan çox təmiz, gözəl, xalqınızın milli ənənələrini özündə əks etdirən bir şəhərdir. Bu, çox vacibdir, hiss olunur ki, şəhərin görüntüsündə yeniliklərlə bərabər, milli atributlara da mühüm yer verilib. İnsanlarınız çox qonaqpərvər, səmimi və ünsiyyətcildirlər. Biz Ordubadda da olduq. Bu səmimiyyəti orada da gördük. Bundan başqa, burada təşkilatçılıq çox yüksək səviyyədədir. Hiss olunur ki, hər kəs öz işini bilir və bunun öhdəsindən layiqincə gəlir.
Bektemir Murzubraimov – Qırğız Respublikası Milli Elmlər Akademiyasının üzvü, Qırğız Xalq Assambleyasının sədri, akademik:
– Naxçıvan haqqında təəssüratlarım çox böyükdür. Qısa olaraq deyə bilərəm ki, şəhəriniz kiçik olsa da, çox təmiz, gözəl, sakit bir şəhərdir. Bu da onu göstərir ki, buranın rəhbərliyi, eləcə də sakinlər öz yaşadıqları yerə çox bağlı insanlardır. Biz burada çox yerlərdə olduq. Heydər Əliyev Muzeyi, Xalça Muzeyi və Ordubad şəhərinin maraqlı yerləri ilə tanışlıq mənə çox xoş təsir bağışladı. Naxçıvan Dövlət Universitetində də olduq. Burada təhsil almaq üçün hərtərəfli şərait var. Mən özüm 15 ilə yaxın ali məktəbdə rektor işləmişəm. Təhsil prosesinin necə çətin bir iş olduğunu yaxşı bilirəm. Buna görə bu sahədə işləyənlərə uğurlar arzulayıram. Ümumilikdə isə bütün azərbaycanlılara, siz naxçıvanlılara daha böyük və inkişaf edən gələcək arzulayıram.
Arye Qut – “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü:
– Mən indiyədək Naxçıvanda olmamışdım. Ancaq mənim atam, rejissor Əhməd Abdullayev 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illiyində Naxçıvan haqqında sənədli film çəkmişdi. Və o vaxt sovet Azərbaycanı dövründə bu, Naxçıvanın təbliği baxımından atılmış müsbət bir addım idi. Bura gələnə qədər Naxçıvanın inkişafı ilə bağlı məlumatlarım var idi, ancaq açığını deyim ki, bu qədər də gözləmirdim. Naxçıvan ümummilli lider Heydər Əliyev kimi dahi siyasətçini yetirən bir diyardır. Buna görə də forumdan sonra Naxçıvana gəlib bura ilə yaxından tanış olmaq arzum idi. Onu da qeyd edim ki, forum iştirakçılarının Naxçıvana səfəri mühüm əhəmiyyət daşıyır. Bu gün dünyanın Naxçıvan haqqında kifayət qədər məlumatı yoxdur. Məhz bura gələn forum iştirakçıları Naxçıvanı yaxından tanıdıqca qədim diyarın təbliği üçün də geniş imkanlar açılır. Naxçıvanın dünyada tanınması ona qarşı zaman-zaman yürüdülən əsassız iddialara da kəskin cavabdır. Buna görə də xaricdə fəaliyyət göstərən Azərbaycan diasporası ilə daim bu istiqamətdə fəaliyyət göstərməliyik.
Əli CABBAROV
Səbuhi HƏSƏNOV
Rauf ƏLİYEV