Muxtar respublikanın nəqliyyat infrastrukturunda mühüm obyektlərdən biri də Naxçıvan Beynəlxalq Hava Limanıdır. Son illər göstərilən dövlət qayğısı hesabına hava limanının maddi-texniki bazası yenilənib, sərnişin və yükdaşımalarının rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Limanın infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə alınan müxtəliftəyinatlı yeni maşın-mexanizmlər mühüm rol oynayır. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu yeni texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır.
Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Ceyhun Zeynalovun verdiyi məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqətdə saxlanılır. Mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. Təyyarələrin buzlaşma zamanı qəbul olunması üçün istifadə olunan ABŞ istehsallı “Qlobal”, bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “MAN”, yəhərli dartıcı bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “VOLVO” markalı avtomaşınlar, habelə “SUPRA” markalı frezer rotorlu qartəmizləyən, istilik verərək buzəridən qurğular və digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə, hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının yoxlanması, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması işləri başa çatdırılıb. Hava limanının mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib. Bütün güc kabellərinin izolyasiyasının yoxlanması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər də həyata keçirilib. Bir sözlə, yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər payız-qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.
Xəbərlər şöbəsi