Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin ideyaları dönmədən həyata keçirilir. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan da Heydər Əliyev ideyaları işığında intibah dövrünü yaşayır. Yaradılmış sağlam mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, adamları doğma diyarın hər qarışını cənnətə döndərmək üçün daha səylə çalışmağa sövq edir. Muxtar respublikada aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahədəki irəliləyişlər adilikdən uzaq, möcüzənin reallığa çevrildiyi həqiqətdir. Naxçıvanın son 19 ilini vaxtilə çiçəklənmə dövrü kimi tanınan, sivilizasiyanın yüksək zirvəsinə çatmış Atabəylər dövrünün Naxçıvanı ilə də müqayisə etmək olar. Beş min ildən artıq şəhərsalma mədəniyyətinə malik olan bu diyar bu gün özünün gənclik və xoşbəxtlik çağını ona görə yaşayır ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin yolu yaradıcılıqla davam etdirilir. Sənayedə, tikintidə, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə qazanılır ki, Heydər Əliyev yolunun xoşbəxt sabahlara gedən həyat gəmisinin sükanı etibarlı əllərdədir. Bu, həqiqətdir, reallıqdır, gerçəklikdir. Bu həqiqətin, reallığın fövqündə isə yenidənqurmadan yeniləşməyə qədəm qoyan Naxçıvan görünür: rahat, abad yolları, gözoxşayan küçələri, binaları, bağları, parkları ilə, müasir, eyni zamanda ötən minilliklərdən xəbər verən memarlıq inciləri ilə, qızılgüllər gülüstanına dönən seyrəngahları, bağçaları ilə yeniləşən qədim, ulu, bu gün isə gənc, cavan Naxçıvan...
Sürətlə gözəlləşən Naxçıvanın simasını dəyişdirən təkcə abad küçələr, rahat yollar, yaraşıqlı parklar, binalar deyil. Aparılan uğurlu siyasət sayəsində adamların dünyagörüşü, həyata baxışları da dəyişmişdir. Ürəklə, həvəslə görülən işlərin könülaçan fərəhli nəticələri isə göz qabağındadır. Doğma yurda sonsuz məhəbbətin ifadəsi hər addımda hiss olunur. Bu gün Naxçıvan yenidən qurulur. Ancaq bu yenidənqurmada dünənimizə məhəbbət və ehtiram hissləri də qəlbimizi dağa döndərir. Azərbaycanın ən qədim yurd yerlərindən biri, hər daşında, qayasında minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın simvoluna çevrilən tarixi-memarlıq nümunələri qorunub saxlanılır, yeni tikintilər isə elə inşa olunur ki, tarixlə vəhdət yaranır. Naxçıvanlılar quruculuq prosesində fəal iştirak etməyi artıq vətəndaşlıq borcuna çeviriblər. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-cü il tarixli Sərəncamında da deyildiyi kimi: “Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır”.
Naxçıvan Muxtar Respublikası, onun hər bir bölgəsi, kəndi, şəhəri, qəsəbəsi bu gün tərəqqi və inkişaf yolundadır. Bu sürətli tərəqqi və inkişafı bütün sahələrdə – sənayedə, kənd təsərrüfatında, sosial-mədəni quruculuqda aydın görmək mümkündür. Çünki bu uğurlar hər bir naxçıvanlı ailəsinin xoş güzəranında öz əksini tapmışdır. Blokadanın çətinliklərinə baxmayaraq, qədim diyarımızda qərinələrə, əsrlərə bərabər inkişafa nail olunmuşdur. Qazanılan nə varsa, hamısı ulu öndərimizin ideyalarının ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında düşünür və deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Böyük fəxrlə, qürur hissi ilə deyə bilərik ki, dahi rəhbərin arzu və istəkləri naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilmişdir.
Regionumuzda iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər yüksələn xətlə davam etdirilməkdə, istehsal sahələrində məhsul istehsalı artmaqda, müxtəlif sahələrdə göstərilən xidmətlərin səviyyəsi günbəgün yüksəlməkdədir. Davam etdirilən uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün Naxçıvan ölkənin digər regionlarından öndədir. Bunu hər bir naxçıvanlı, qədim diyarımıza gələn hər bir qonaq görür və təqdir edir. Ölkə başçısı cənab İlham Əliyev Naxçıvana səfərləri zamanı muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır.
Muxtar respublika özünün iqtisadi, sosial inkişaf sürətinə görə ölkənin regionları arasında həmişə lider mövqedə olub və bu liderliyi bu gün də saxlamaqdadır. Nəyin sayəsində? Əlbəttə ki, gələcəyə istiqamətlənmiş inkişaf proqramlarının qəbul edilib qısa müddətdə və yüksək səviyyədə həyata keçirilməsi, ən müasir texnologiyaların tətbiqi, sahibkarlığın inkişafına dəstək verilməsi sayəsində. Qurulanların, yaradılanların hamısı bu qədim, ulu diyarın mərd, əməksevər, el-obasına ürəkdən bağlı olan insanlarının gecəli-gündüzlü zəhməti sayəsində əldə edilmişdir.
Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayon mərkəzlərində, hətta ən ucqar kəndlərdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Bu inkişaf prosesində elm, təhsil və mədəniyyətin xüsusi yeri və payı var. Fikrimizcə, elm, təhsil və mədəniyyət sahəsində ciddi islahatlar aparıb yeniləşməyə nail olmadan əsl intibah səviyyəsinə çatmaq mümkün deyildir. Müasir səviyyədə qurulmuş elm və təhsil yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Ona görə də muxtar respublikada bu istiqamətdə dövlət səviyyəsində aparılan siyasət ardıcıl və məqsədyönlü proqram şəklində həyata keçirilir. Naxçıvanın qədimliyi, minilliklərə dayanan yaşı, milli-tarixi ənənələri, minilliklərdən xəbər verən toponimləri, arxeoloji abidələri, qayaüstü rəsmləri əsaslı şəkildə tədqiq edilir, öyrənilib bərpa olunur.
Ucqar dağ kəndlərindən tutmuş rayon mərkəzlərinə, Naxçıvan şəhərinədək orta və ali təhsil müəssisələri üçün yeni binaların tikilməsi və ya mövcud binaların əsaslı şəkildə yenidən qurulması, məktəblərin sürətlə kompüterləşdirilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində kompüter təlim-tədris mərkəzlərinin yaradılması elm və təhsil sahəsində böyük inkişafın və yeniləşmənin möhkəm təməlini təşkil edir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 avqust 2014-cü ildə imzaladığı “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq olunması haqqında” və 4 sentyabr 2014-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” fərmanlar Naxçıvan Muxtar Respublikasında elmə, müasir texnologiyanın tətbiqinə və inkişafına, mədəniyyətə və ədəbiyyata dövlət qayğısının yeni təzahürü kimi diqqəti cəlb edir. Heç şübhəsiz ki, bu mühüm dövlət sənədləri Naxçıvan Muxtar Respublikasında yaradılan münbit elmi mühitin daha da inkişaf etməsinə öz layiqli töhfəsini verəcək, bu istiqamətdə aparılan işlərin səviyyəsinin yüksəlməsinə, keyfiyyətinin artmasına səbəb olacaq, yaradıcı ziyalıları daha sanballı əsərlər yaratmağa həvəsləndirəcək və bu işlərin yerinə yetirilməsinə zəmin yaradacaqdır.
Həyata keçirilən tədbirləri göz önünə gətirəndə muxtar respublikamızda görülən işlərin həcmi, sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur.
Naxçıvan Muxtar Respublikasının inkişafı burada Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yol Azərbaycanın tərkibində hərtərəfli surətdə inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ölkə başçısının dediyi kimi: “Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır. Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.
Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının əməkdar müəllimi