23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyеv: Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.


1993-cü il oktyabrın 3-də qədirbilən Azərbaycan xalqı Naxçıvanda formalaşdırılan müstəqil dövlətçilik ənənələrinin banisi ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinə səs vermişdir.
Bu gün hər birimiz ulu öndəri bir daha yada salır, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı üçün gördüyü misilsiz xidmətləri xatırlayır, ruhu qarşısında baş əyirik. Xalqımızın böyük oğlu həyatının bütün mərhələlərində canı qədər sevdiyi Azərbaycana xidmət etmiş, “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” vədinə sadiq qalaraq Azərbaycan Respublikası kimi qüdrətli və sürətlə inkişaf edən bir dövlət qurmuşdur.
Ulu öndərin memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün yaşayır, onun quruculuq yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, ölkəmizdə qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Azərbaycan bu gün zirvələr fəth edir, regional təhlükəsizliyə öz töhfəsini verir. Paytaxtımız Bakı şəhəri, qədim Naxçıvan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan kimi şan-şöhrət qazanır. Təbii ki, bütün bu möhtəşəm uğurların təməli 1993-cü ildən başlanan Heydər Əliyev siyasi xətti ilə qoyulmuşdur.
Tarix boyu öz xalqı, dövləti və dövlətçiliyi uğrunda mübarizə aparan liderlər çox olmuşdur. Ancaq öz sağlığında ümummilli lider adını qazanmaq böyük öndərimizdən başqa heç kimə nəsib olmamışdır. Ulu öndər hələ Sovetlər Birliyi dövründə dövlət idarəçiliyində azərbaycanlı kadrları yerləşdirərkən, milli hərbçi kadrları hazırlayarkən də ancaq öz xalqının gələcəyini düşünmüş, onun yolunda hər cür çətinliklərə dözmüşdür. Dahi Heydər Əliyev Mixail Qorbaçovun Bakıda törətdiyi 20 Yanvar qırğınına etiraz edərək Moskvada bəyanat verəndə də, həm Ayaz Mütəllibovun, həm də AXC-Müsavat iqtidarının çoxsaylı hədə-qorxularına məhəl qoymayaraq xalqı ilə bir olmaq üçün Moskvadan Bakıya gələndə də, yalın əllə başdan-ayağa silahlanmış insanların qarşısına – Gəncəyə gedəndə də Azərbaycanı düşünür, Azərbaycan naminə çalışır, öz canını sipər edirdi. Onda milyonlar üçün əlçatmaz olan sərkərdə cəsarəti vardı. Onu Tanrı qoruyur, həmişə yanında olan Azərbaycan xalqı qoruyur və həmişə qalib gələn haqq-ədalət qoruyurdu.
Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə öz Vətəninə xidmət etmişdir. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ümummilli liderimiz öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir.

1990-cı il iyulun 22-də ümummilli liderimizin Naxçıvana gəlişi xalqın böyük sevincinə səbəb olmuşdu. Onu da deyək ki, ulu öndər Heydər Əliyev Moskvada sakitcə yaşaya bilərdi. Ancaq O, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşünürdü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində ulu öndəri özlərinə rəhbər seçdilər. Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirmiş, igid naxçıvanlılarla birlikdə onu təhlükələrdən qorumuş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə nail olmuşdur.
Böyük siyasi xadimin Naxçıvanda həyata keçirdiyi mükəmməl dövlət quruculuğu prosesini yaxından izləyən Azərbaycan xalqı 1993-cü ilin böhranlı iyun ayının ilk günlərindən ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə onun ölkə rəhbərliyinə qayıdışını tələb etməyə başladı. Çünki xalq yaxşı bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəl başımıza gətirilən müsibətlər də məhz ümummilli liderin böyük siyasətdən kənarda olmasının nəticəsi idi.
1990-1993-cü illərdə Azərbaycanda yaranmış dözülməz şərait, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışı ilə ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Bu qayıdış Vətənin xilası, xalqın qurtuluşu idi. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər tarixə “Milli Qurtuluş Günü” kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü ilin 15 iyununda ulu öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratiya yolunda inamla irəliləyən Azərbaycan dövləti haqqında danışa bilməzdik.
Ulu öndərin paytaxta gəlişindən 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinə qədər keçən üç ay müstəqillik tariximizin çox həyəcanlı dövrü idi. 1991-ci il ok­tyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına inam və ümid yaranmışdı. Ancaq xalqın yaddaşında daha bir tarixi məqam yaşayırdı: 1918-20-ci illərdə mövcud olmuş müstəqil dövlətimizin taleyi. Bəlkə də, ona görə 1993-cü ilin 3 oktyabr seçkiləri ərəfəsində insanlar bir-birlərinə xəbərdarlıq edirdilər: “Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, indi qalır müstəqilliyin qorunması”, “Heydər Əliyevdən başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək” və sair. Məhz bu çağırışlarla seçkiyə gedən Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri, sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalq həmin sınaqdan da üzüağ çıxdı. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.
Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Qeyd etmək lazımdır ki, 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qanunsuz silahlı dəstələr ləğv edilmiş, ölkədə sabitlik yaradılmışdır.
Bu sabitlik müstəqil Azərbaycanın tarixində inkişaf və tərəqqiyə gedən yolun başlanğıcı olmuşdur. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınmış, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunmuş, inflyasiyanın səviyyəsi minimal həddə endirilmişdir. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Bir sözlə, ulu öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən və regionda liderə çevrilən müstəqil Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.
Xalqımızın müdrik oğlu Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasını yaratmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsası qoyulmuşdur. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq qurmuşdur.
Ümummilli liderimizin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan ulu öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. 2003-cü ilin 15 ok­tyabr seçkiləri də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Artıq xalqımız bu tarixi seçimin bəhrəsini görməkdədir. Belə ki, təkcə son 10 ildə ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, bir milyondan çox yeni iş yeri açılmış, iqtisadiyyatımız 3,2 dəfə, sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 7,4 dəfə azalmış, büdcəmiz 16 dəfə artmış, nəticədə, maaşlar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşdırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf pro­qramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası da hazırda ulu öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir, yenidən qurulur. Son 19 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında inkişaf dinamikasına görə xüsusilə seçilir. Muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infrastruktur yeniləşdirilmiş, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurularaq müasir tələblər səviyyəsinə çatdırılmış, qədim diyarın müdafiə potensialı gücləndirilmişdir. Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, eləcə də digər şəhər, qəsəbə və kəndlərimiz, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
Xalqımızın rifahına, təhlükəsizliyinə və gələcək inkişafına töhfələrini verən Heydər Əliyev siyasəti Azərbaycanın regionda müstəqil siyasət yürüdən lider dövlət kimi möhkəmlənməsinin əsasını qoymuşdur. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz son 21 ildə ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu söz sahibinə çevrilmişdir. Dünya ölkələrinin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən müstəqil Azərbaycan Respublikası ulu öndərimizin əzmkarlıq, uzaqgörənlik və əsl vətəndaşlıq mövqeyinin nəticəsi kimi xalqımızın fəxr mənbəyinə çevrilmişdir.

Bu gün qətiyyətlə deyə bilərik ki, ulu öndərin yenidən siyasi hakimiyyətə qayıtması, dövlət başçısı seçilməsi və Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün həyata keçirdiyi siyasi fəaliyyət müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın bu gün beynəlxalq aləmdə qazandığı istənilən uğur barədə söz açan xarici ekspertlər, ilk növbədə, ulu öndər Heydər Əliyevin adını çəkir, bugünkü Azərbaycanın məhz onun əsəri olduğunu söyləyirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderin Azərbaycan naminə fəaliyyətinin mahiyyətinin də məhz bununla bağlı olduğunu bildirərək demişdir: “Azərbaycan dövlətçilik ənənələrinin iyirminci əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin əbədi və dönməz xarakter alması, ölkəmizin dinamik inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun artması Heydər Əliyev siyasəti nəticəsində mümkün olmuşdur. O, müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, hələ sağlığında ikən Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR