Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il avqustun 8-də imzaladığı Sərəncama əsasən qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Sadıq Rəhimovun həyat və fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, tanınmış dövlət xadimi cəmiyyətimizə, xalqımıza yalnız şərəf gətirən mənalı bir ömür yaşamışdır. 1914-cü ildə Bakının Balaxanı kəndində neftçi-fəhlə ailəsində anadan olan Sadıq Rəhimov 1929-1931-ci illərdə Bakı Neft Texnikumunda təhsil almışdır. 1939-cu ildə Moskvaya Ali Partiya Məktəbində oxumağa göndərilən Sadıq Rəhimov təhsilini yarımçıq qoyaraq 1941-ci ildə cəbhəyə yollanmış və ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilərək Bakıya qayıtmışdır.
Bundan sonra ona Azərbaycanın toxuculuq sənayesi nazirinin müavini vəzifəsi tapşırılır. Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşdirildikdən sonra nazir vəzifəsinə təyin edilir. Bir müddət sonra isə Sadıq Rəhimov Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, daha sonra sənaye malları naziri olur.
Bildirilmişdir ki, Sadıq Rəhimovun dərin biliyi, böyük səriştəsi, zəngin təcrübəsi və ən əsası işgüzarlığı bu çətin və məsul vəzifələri layiqincə yerinə yetirməsinə imkan vermişdir. Çünki o, yeniyetmə yaşlarından zavod-fabrikdə istehsalatı öyrənmiş, idarəetmə təcrübəsi toplamışdır. Görünür, onun tez-tez bir vəzifədən digərinə keçirilməsi də təsadüfi deyildi. Çünki Sadıq Rəhimov hər yeni sahəni qaydaya salıb işi qurmağı gözəl bacarırdı.
Bütün bunlar nəzərə alınaraq o, 1954-cü ildə daha yüksək vəzifəyə irəli çəkilir, Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilir. 1958-ci ilə qədər respublika hökumətinə rəhbərlik edir. Bu illərdə Sadıq Rəhimov respublika iqtisadiyyatının tək bir sahəsinin rəhbəri deyildi, artıq Azərbaycanı idarə edənlərdən biri idi. Həmin dövrdə respublikanın sənayesində, kənd təsərrüfatında, mədəni həyatında baş verən bütün hadisələr, yeniliklər birbaşa olaraq Nazirlər Soveti sədrinin adı, iş fəaliyyəti ilə bağlı idi. Tutduğu vəzifələrlə əlaqədar Sadıq Rəhimov tez-tez Moskvaya gedir, işlə bağlı SSRİ Nazirlər Sovetində, Dövlət Plan Komitəsində, ayrı-ayrı nazirlik və idarələrdə olurdu. Moskvadakı yüksək vəzifəli şəxslər onu hörmətlə qarşılayar, diqqətlə dinləyər, fikirləri ilə hesablaşar və qaldırdığı məsələləri həll etməyə çalışardılar.
Rəhman Məmmədov qeyd etmişdir ki, ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyev Mərkəzi Komitənin plenumlarından birində paytaxtda mənzil tikintisinin vəziyyətini təhlil edərkən vaxtilə Bakının Baş Tikinti İdarəsinin rəisi işləyən Sadıq Rəhimovun işgüzarlığını, təşkilatçılıq bacarığını və prinsipiallığını yüksək qiymətləndirmiş, mənzil tikintisinin sürətləndirilməsində onun əməyini xüsusi olaraq qeyd etmişdi. Bu da təsadüfi deyildi, çünki Sadıq Rəhimov həm Vətənini, millətini sevən fədakar insan, həm də işgüzarlığı ilə seçilən milli kadr idi. Məhz bacarıqlı milli kadrlara xüsusi diqqət yetirən ulu öndərimiz onu yüngül sənaye naziri təyin edir və beləliklə, Sadıq Rəhimov ömrünün son 10 ildən çoxunu həmin vəzifədə çalışır.
“Onu yaxından tanıyanlar, müasirləri xatırlayırlar ki, Sadıq Rəhimov nüfuzlu bir şəxsiyyət idi. Xarakterindəki qürur, ciddilik, dönməzlik, qətiyyət və digər bu kimi keyfiyyətlər onun hər zaman nəzərəçarpan xarici görkəmini tamamlayırdı”, – deyən Rəhman Məmmədov əlavə etmişdir ki, tanınmış dövlət xadimi, vətənpərvər insan, Azərbaycanın sosial-iqtisadi inkişafında xidmətləri olmuş Sadıq Rəhimovun səmərəli fəaliyyəti, sənayenin inkişafındakı xidmətləri bu gün də ehtiramla xatırlanır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sadıq Rəhimovun uzun illər müxtəlif vəzifələrdə səmərəli xidmətlərini nəzərə alaraq onun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu, dövlət xadiminin xatirəsinə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymətdir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Sadıq Rəhimovun dövlət idarəçiliyi sahəsindəki səmərəli xidmətlərindən ətraflı söhbət açmışdır. Bildirmişdir ki, hər zaman işinə məsuliyyətlə yanaşan Sadıq Rəhimovun işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəltmişdir.
Daha sonra çıxış edən AMEA-nın Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev, Əbülfəz Quliyev, Qadir Qədirzadə Sadıq Rəhimovun Vətəninə, xalqına sədaqətlə xidmət etməsindən, Azərbaycan xalqına, onun dilinə, mədəniyyətinə verdiyi böyük dəyərdən, insani keyfiyyətlərindən söz açmışlar.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Rauf Əliyev